RU

Milli qürurun, tarixi Zəfərin və dövlətçilik iradəsinin təntənəsi və Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü



Azərbaycan tarixində elə günlər var ki, onlar sadəcə təqvimdə qeyd olunan bir tarix deyil, bütöv bir xalqın yaddaşına, milli qüruruna, dövlətçilik təfəkkürünə həkk olunur. 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü də məhz belə tarixlərdəndir. Cənab Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixində imzaladığı Sərəncama əsasən təsis olunan bu gün artıq ikinci dəfədir ki, təntənəli şəkildə qeyd olunur. Onun qeyd olunması isə heç də təsadüfi deyil. Çünki bu tarix Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin əbədi təminatı deməkdir. Azərbaycan xalqı 1990-cı illərin əvvəlindən başlayaraq böyük bir ağrıya, dərd və işğal faciəsinə düçar olmuşdu. Qarabağın ürəyi olan Xankəndi, faciəvi Xocalı, strateji əhəmiyyətə malik Xocavənd və Ağdərə şəhərləri işğal altına düşmüş, xalqımız bu şəhərlərə qayıdacağı günü həsrətlə gözləmişdi. Bu uzun və məşəqqətli 30 il ərzində minlərlə igid oğul və qızımız şəhid oldu, yaralandı, məcburi köçkün həyatı yaşandı. Lakin Azərbaycan xalqı inamını heç vaxt itirmədi. Dövlətimizin möhkəmlənməsi, güclü ordunun formalaşdırılması, siyasi müstəvidə qətiyyətli xəttin yürüdülməsi və nəhayət, Ali Baş Komandanın iradəsi bu həsrətin sonunu gətirdi. 2023-cü il 15 oktyabr tarixi Azərbaycan xalqının qəlbində silinməz iz buraxdı. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Bayrağını qaldırdı. Cənab Prezidentin çıxışında dediyi sözlər xalqımızın bütün illər boyu keçirdiyi duyğuların ifadəsi oldu: “Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz inanırdıq ki, bu gün gələcək. Mən Prezident kimi qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı işğaldan azad olunmuş bütün ərazilərdə qaldırılsın. Bu gün o müqəddəs gün gəldi.” Bu an Azərbaycan xalqı üçün yalnız qürur deyil, həm də ədalətin bərpası idi. Çünki Xocalı soyqırımını yaşamış bir millət üçün bayrağın orada dalğalanması şəhidlərin ruhuna ehtiram, ədalətin zəfəri idi. Azərbaycanın hərbi qüdrəti və siyasi iradəsi 2023-cü il 8 noyabr tarixində Xankəndində keçirilən Zəfər paradında bir daha bütün dünyaya göstərildi. Bu, sadəcə bir hərbi tədbir deyildi. Bu, illərlə işğal altında saxlanılmış torpaqlarda dövlətimizin qətiyyətinin, xalqımızın birlik və gücünün nümayişi idi. Cənab Prezident İlham Əliyev həmin çıxışında dedi: “Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu. Mən xalqıma söz vermişdim ki, bir gün Azərbaycan Bayrağı bütün torpaqlarımızda dalğalanacaq. O gün gəldi.” Bu sözlər tarixin yazdığı həqiqətin ifadəsi idi: Azərbaycan dövləti və xalqı birgə addımlayaraq bütün məqsədlərinə nail ola bilir. Azərbaycan yalnız hərbi-siyasi qələbə ilə kifayətlənmədi. Azad edilmiş torpaqlarda böyük bir dirçəliş, bərpa və inkişaf mərhələsi başladı. 2023-cü il noyabrın 28-də imzalanmış Sərəncamla Qarabağ Universiteti təsis olundu. Bu universitet yalnız elm ocağı deyil, həm də Qarabağın gələcəyini formalaşdıracaq beyin mərkəzi, gənclər üçün ümid qapısıdır. 2023-cü il dekabrın 5-də qəbul olunmuş qanunla Ağdərə rayonu yaradıldı. Bu inzibati addım Qarabağın idarəetmə strukturunun möhkəmlənməsi, regionun inkişafında yeni səhifənin açılması deməkdir. 2023-cü il dekabrın 21-də isə tarixi bir hadisə baş verdi: Ağdamın “Qarabağ” futbol komandası 30 ildən sonra Xankəndində ilk rəsmi oyununu keçirdi. Cənab Prezident İlham Əliyev həmin oyunu tribunadan izləyərək azad olunmuş torpaqlarda idmanın da dirçəlişinə şahidlik etdi. Bu, sadəcə bir futbol oyunu deyildi, bu, qayıdışın və bütövlüyün simvolu idi. Cənab Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə etdiyi səfərlər hər dəfə xalqımıza yeni bir mesaj oldu. Bu səfərlər yalnız siyasi jest deyil, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi güvən idi. Cənab Prezidentin açılışlarda, tədbirlərdə söylədiyi hər bir kəlmə, qaldırdığı hər bir bayraq Qarabağın gələcəyinə ümidin, əminliyin və inamın simvoluna çevrildi. Bütün bu uğurlar bir daha sübut edir ki, Azərbaycan xalqının ən böyük gücü onun birliyindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, dəmir iradəsi və xalqın sarsılmaz dəstəyi bizi bu günə gətirib çıxardı. 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlər günü təkcə bir qələbə günü deyil. Bu gün Azərbaycan xalqının milli birliyinin, dövlətçiliyə sədaqətinin, qətiyyətli liderin ətrafında sıx birləşməsinin bariz nümunəsidir. Bu gün artıq bütün Azərbaycan xalqı qürurla deyə bilir ki, ölkəmizin ərazi bütövlüyü tam təmin olunub. 20 Sentyabr təkcə tarixi Zəfərin təntənəsi deyil, həm də gələcəyə işıq salan bir gündür. Qarabağın dirçəlişi, inkişafı və gələcək nəsillərə miras qalacaq möhtəşəm bir vətən sevdası burada başlayır.


Xəyyam Vəliyev,
YAP Gədəbəy ryon təşkilatının məsləhətçisi.



Избранный
47
aia.az

1Источники