RU

Yevlaxda Suverenlik Günü münasibətilə tədbir keçirildi Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr edilmiş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yevlax ŞİH başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək dahi rəhbərin əziz xatirəsinə öz ehtiramlarını bildiriblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.

Tədbiri çıxış nitqi ilə açan Anar Tağıyev Dövlət Suverenliyi Gününün əhəmiyyətindən danışaraq qeyd edib ki, bu il Azərbaycan Konstitusiyasının qəbulunun 30-cu, eyni zamanda Vətən müharibəsində qazanılmış zəfərin 5-ci ildönümüdür. Dövlətimizin bugünkü gücü və qalib mövqeyi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və həmin siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində formalaşıb. 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri zamanı rəşadətli Ordumuzun qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib. Şanlı bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi birliyimizin, həmrəyliyimizin və gücümüzün ifadəsidir.

Daha sonra Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Mərkəzi Aran Regional nümayəndəliyinin rəhbəri Elvin Əjdərli, Şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Zərif Mehtiyeva, 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilmiş  lokal xarakterli antiterror əməliyyatının 3-cü dərəcəli əlili Soltan Səmədov çıxışlarında tariximizin bu əlamətdar gününün Azərbaycanın dövlətçilik tarixində xüsusi önəm daşıdığını qeyd edərək, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın hazırda müstəqilliyinin ən gözəl günlərini yaşadığını diqqətə çatdırıblar. Əldə edilən qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunduğunu bildiriblər.

Sonda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayonun ictimai-siyasi həyatında fərqlənən və öz fəaliyyət sahələrində nailiyyətlər qazanan bir sıra şəxslər Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif ediliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
52
qafqazinfo.az

1Источники