RU

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günü qələbənin, birliyin, ədalətin simvoludur



Azərbaycanın müasir tarixi xalqımızın iradəsi, dözümü və azadlıq eşqi ilə yazılmışdır. 30 ildən çox müddət ərzində işğal altında qalan torpaqlarımız həsrətin, kədərin, eyni zamanda ümidin ünvanı olmuşdur. Bu gün həmin torpaqlarda həyat bərpa edilir, Azərbaycanın üçrəngli bayrağı dalğalanır, sevincli qələbə nəğmələri səslənir. Cənab Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilən 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günü bu tarixi gerçəkliyin, milli birliyin və dövlətin gücünün rəmzinə çevrilmişdir. Artıq ikinci ildir ki, Azərbaycan xalqı bu günü böyük coşqu ilə qeyd edir. Bu həm də Qalib Komandanın tarixi andı idi. Azərbaycan Prezidentinin 2023-cü ilin 15 oktyabrında Xankəndidə Dövlət Bayrağını ucaltması xalqımızın taleyində dönüş nöqtəsi oldu. Həmin gün Prezident İlham Əliyev xalqa müraciətində belə dedi: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün torpaqlarda qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Bu gün o müqəddəs an yetişdi.” Bu sözlər sadəcə bir siyasi çıxış deyil, millətə verilmiş vədin yerinə yetirilməsinin təsdiqi idi. Azərbaycan Prezidenti sözünə, andına, xalqına sadiq qaldı. Xankəndi paradı isə sözün həqiqi mənasında Zəfərin coşqusu kimi tarix oldu. Xalqımızın yaddaşına həkk olunan hadisələrdən biri də 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad idi. Vətən müharibəsindəki parlaq qələbəmizin üçüncü ildönümünə həsr olunmuş bu möhtəşəm tədbir Azərbaycanın qüdrətinin dünyaya nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin parad meydanındakı çıxışı bir daha göstərdi ki, bu qələbə təsadüfi deyil, uzun illərin uzaqgörən siyasətinin, ardıcıl və prinsipial mövqeyin nəticəsidir. Onun sözləri ilə desək: “Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa azad edildi, düşmən ağ bayraq qaldırdı və İkinci Qarabağ müharibəsi tam qələbəmizlə nəticələndi. Bu gün biz Xankəndidə parad keçiririk – bu, tarixi hadisədir.”
Azad edilmiş torpaqlarda həyat yalnız yolların, evlərin bərpası ilə bitmir. Əsl inkişafın əsası elm və təhsildir. Buna görə də cənab Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Qarabağ Universiteti yaradıldı. Bu universitet Qarabağın gələcəyinin rəmzidir. Burada yetişəcək gənclər yalnız bir bölgənin deyil, bütöv Azərbaycanın intellektual qüdrətini gücləndirəcək. Ağdərə – unudulmuş adın dirçəlişi də qürur duyulacaq bir tarix idi. Azərbaycan dövlətçiliyi üçün mühüm qərarlardan biri də 5 dekabr 2023-cü ildə qəbul olundu. Mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı. Bu qərar həm tarixi ədalətin bərpası, həm də Qarabağın inzibati strukturunda yeni mərhələdir. Xankəndində 30 ildən sonra keçirilən ilk rəsmi futbol oyunu da bu torpaqlarda həyatın qayıdışını simvolizə etdi. 21 dekabr 2023-cü ildə “Qarabağ” komandası MOİK-lə Azərbaycan Kubokunun oyununu məhz Xankəndi stadionunda keçirdi. Bu tarixi oyunu cənab Prezident İlham Əliyev şəxsən izləyərək Qarabağın artıq yalnız müharibə xatirələri ilə deyil, yeni həyatla anıldığını bütün dünyaya göstərdi. Azad edilmiş Xankəndinə, Xocalıya, Xocavəndə və Ağdərəyə cənab Prezident İlham Əliyevin səfərləri həm siyasi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Bu səfərlər torpaqlara sahib çıxmağın, yenidənqurma işlərinə şəxsən rəhbərlik etməyin, xalqla bir olmağın təzahürüdür. Azərbaycanın bugünkü reallığı bir həqiqəti göstərir: cənab Prezident İlham Əliyev ölkəni yalnız siyasi lider kimi deyil, həm də tarixi ədalətin bərpaçısı, xalqın qələbəsinin memarı kimi tarixə yazdı. 20 sentyabr bu şəhərlərin gününün hər il qeyd olunması bizə xatırladır ki, heç bir işğal, heç bir güc xalqımızın iradəsini sındıra bilməz. Azərbaycan xalqı bu qələbə ilə bir daha sübut etdi ki, dövlət-xalq birliyi, qətiyyətli liderlik və milli həmrəylik ən güclü silahdır. Bu gün biz həm şəhidlərimizin ruhu qarşısında baş əyirik, həm də qalib Prezidentimizlə qürur duyuruq. Qarabağ və Şərqi Zəngəzurda dirçəliş artıq başladı və bu dirçəlişin müəllifi, memarı cənab Prezident İlham Əliyevdir.

Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.




Избранный
52
aia.az

1Источники