RU

İdeyadan rəflərə… MÜSAHİBƏ

Bu prinsiplə fəaliyyət göstərən “ABAD” həm regionların iqtisadi inkişafına, həm də ailə bizneslərinin brendləşməsinə, yeni iş yerlərinin açılmasına və milli irsin yaşadılmasına mühüm töhfələr verir

Azərbaycanın mikro və kiçik sahibkarlığının inkişafında regionlarda fəaliyyət göstərən ailə bizneslərinin rolu getdikcə önəmli olur. Bu baxımdan, ailə təsərrüfatlarının dayanıqlı inkişafını təmin edən və onları müasir bazar tələblərinə uyğunlaşdıran “ABAD” (Ailə Biznesinə Asan Dəstək) Publik Hüquqi Şəxs xüsusi önəm daşıyır. Fəaliyyətə başladığı ilk gündən etibarən “ABAD” yüzlərlə ailə təsərrüfatını birləşdirərək onların istehsal və satış imkanlarını genişləndirib. Qurum yalnız məhsul istehsalını təşviq etmir, həm də brendinq, dizayn, marketinq, hüquqi və loqistika dəstəyi göstərərək ailə bizneslərinin dayanıqlı və rəqabətədavamlı inkişafını təmin edir. “ABAD”ın əsas prinsipləri – özünümaliyyələşdirmə, inteqrasiya, ədalətlilik və şəffaflıq – hər ailə təsərrüfatına bərabər imkanlar yaradır və onları müstəqil fəaliyyət göstərən biznes subyektlərinə çevirir.

 “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyevlə  müsahibəmizdə qurumun yaranma səbəbləri, ailə bizneslərinə göstərilən dəstək, innovativ yanaşmalar, məhsulların brendləşdirilməsi, sosial məsuliyyət təşəbbüsləri, qarşıdakı strateji hədəflər və beynəlxalq əməkdaşlıq imkanları barədə danışdıq.

-“ABAD”ın yaranma səbəbləri və ailə bizneslərinin inkişafına verdiyi əsas töhfələri necə izah edərdiniz?

-“ABAD” (Ailə Biznesinə Asan Dəstək) Azərbaycan Respublikasında mikro və kiçik sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədilə yaradılıb. Qurumun yaranma zərurəti bölgələrdə mövcud iqtisadi potensialın səmərəli istifadəsi, ailə bizneslərinin rəsmiləşdirilərək iqtisadiyyata inteqrasiyası, məşğulluğun artırılması və milli-mədəni irsin qorunması ilə bağlıdır.

Fəaliyyətə başladığı vaxtdan etibarən “ABAD” vasitəsilə “ABAD”çılara məxsus ümumilikdə 16 milyon manat dəyərində məhsul satılıb.  Hazırda illik satış həcmi 3 milyon manata çatır. Aktiv “ABAD”çıların orta aylıq gəliri 1200 manat təşkil edir. Bu günə qədər 675 “ABAD”çıya xidmət göstərilib ki, onların 75%-i sənətkarlıq, 21%-i qida istehsalı, 4%-i isə digər sahələr üzrə fəaliyyət göstərir. Beləliklə, “ABAD” həm regionların iqtisadi inkişafına, həm də ailə bizneslərinin brendləşməsinə, yeni iş yerlərinin açılmasına və milli irsin yaşadılmasına mühüm töhfələr verir.

-“ABAD” ailə təsərrüfatlarına dəstək göstərərkən hansı prinsiplərə əsaslanır?

-“ABAD” özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərərək dekorativ-tətbiqi xalq sənətkarlığı və qida istehsalı sahəsində ailə bizneslərinə dəstək layihələri həyata keçirir. “ABAD”ın başlıca iş prinsipi olan “İdeyadan rəflərə” yanaşması ilə sahibkarlara ən əsası istehsal olunan məhsulların satışının təşkili, həmçinin istehsal avadanlıqlarından istifadə imkanı, marketinq, brendinq və dizayn dəstəyi, mühasibatlıq, hüquqi yardım, loqistika xidmətləri göstərilir və müvafiq təlimlər təşkil olunur. Xüsusilə qeyd etmək lazımdır ki, “ABAD” birbaşa maliyyə yardımı göstərmir, lakin istehsal və satış prosesinə yönəlmiş xidmətləri ilə təsərrüfatların dayanıqlı inkişafını təmin edir. Ədalətlilik və şəffaflıq prinsiplərinə əsaslanan dəstək bütün ailələr üçün bərabər imkanlar yaradır, bizneslərin bu gün və gələcəkdə müstəqil fəaliyyətinə zəmin yaradır.

Qurumun fəaliyyətində sosial məsuliyyət və inklüzivlik xüsusi yer tutur. Dəstək daha çox kənd yerlərində yaşayan qadınlar və gənclərə yönəlir ki, bu da sosial rifahı gücləndirir. Həmçinin milli-mədəni dəyərlərin qorunması və təşviqi “ABAD”ın fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil edir.

- “ABAD”ın dəstəklədiyi bizneslərin bazar rəqabətinə hazırlığı üçün hansı konkret təlim və proqramlar təklif olunur?

-“ABAD”ın əsas məqsədi ailə təsərrüfatlarını müasir biznes subyektlərinə çevirməkdir. “ABAD” istehsaldan satışa qədər bütün mərhələlərdə dəstək göstərir, təklif olunan təlim və proqramlarla sahibkarların bazar rəqabətinə hazırlığını artırır. Əvvəlcə məhsulların keyfiyyət və standartlara uyğun istehsalı, sanitar-gigiyena qaydaları və sertifikatlaşma üzrə təlimlər keçirilir. Daha sonra dizayn, qablaşdırma və brendləşmə xidmətləri göstərilir, məhsullar vahid “ABAD” brendi altında bazara çıxarılır. Sahibkarlara bazar araşdırması, müştəri seqmentləşdirilməsi və onlayn satış bacarıqları öyrədilir. Bundan əlavə, müqavilələrin hazırlanması, vergi hesabatlılığı, biznes-planlaşdırma kimi hüquqi və idarəetmə dəstəyi ilə də təmin olunurlar.

 -Ailə bizneslərinin məhsullarının sertifikatlaşdırılması və satışının təşkili prosesində hansı çətinliklər üzə çıxır və onları necə həll edirsiniz?

-Sahibkarların məhsullarını bazara çıxarmaq və onları rəqabətədavamlı etmək heç də asan proses deyil. İlk çətinliklərdən biri sertifikatlaşma prosesidir. Ənənəvi üsullarla hazırlanan məhsullar çox vaxt keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olmur, hüquqi prosedurlar isə sahibkarlar üçün çətinlik yaradır. Bu mərhələdə “ABAD” texniki dəstək göstərir, laboratoriya sınaqları təşkil edir və məhsulların standartlara uyğunlaşdırılmasına kömək edir.

Satış mərhələsində də çətinliklər var. Kiçik təsərrüfatların məhsulları əsasən yerli bazarda tanınır, iri ticarət şəbəkələrinə və beynəlxalq sərgilərə çıxışı isə məhdud olur. “ABAD” bu məhdudiyyəti aradan qaldıraraq məhsulları satış mərkəzlərində və sərgilərdə təqdim edir, yeni bazarlara çıxış imkanı yaradır.

Digər çətinlik marketinq və brendləşmə ilə bağlıdır. Sahibkarlar reklam və tanıtım imkanlarından çox vaxt xəbərsizdirlər. “ABAD” isə dizayn, qablaşdırma və brend dəstəyi göstərərək məhsulların tanınmasını təmin edir.

Ən böyük maneə isə rəqabət mühitidir. İri istehsalçılar və idxal məhsulları ilə yarışmaq üçün kiçik bizneslər daha keyfiyyətli və fərqli məhsullar təklif etməlidir. Bu yolda “ABAD” daim sahibkarların yanında olur.

-“ABAD”ın fəaliyyətində innovasiya və texnologiyanın tətbiqi necə görünür və bu sahədə gələcək planlar nələrdir?

-“ABAD”ın “İdeyadan rəflərə” yanaşması özlüyündə bir innovativ həll hesab edilir və intelektual məhsul olaraq nümunəvi sosial-biznes layihəsi xarici ölkələrin də diqqətini cəlb edir.  “ABAD” fəaliyyətində innovasiya və texnologiyaya xüsusi önəm verir. Qurum istehsal və emal mərkəzləri yaradaraq ailə bizneslərinin müasir bazar tələblərinə uyğun fəaliyyətini təmin edir. Bu mərkəzlər keyfiyyətin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

-Qida məhsulları və dekorativ-tətbiqi xalq sənətkarlığı sahələrində uğurlu “ABAD”çılardan nümunə verə bilərsinizmi?

-“ABAD”ın uğur hekayələri ailə təsərrüfatlarının inkişafı və regionlarda məşğulluğun artmasına mühüm töhfə verir. Məsələn “ABAD” üzərindən satılan yumurtaların aylıq dövriyyəsi 400 min ədədə yaxınlaşır. Yumurtalar müxtəlif kəndlərdən toplanır, ödəniş yerində həyata keçirilir və yüzlərlə kəndli daimi gəlir əldə edir. Pendir və bal istehsalı ilə məşğul olan “ABAD”çılar da onlarla ailəni birləşdirərək kooperativlər formalaşdırıb, istehsal gücünü və bazara çıxış imkanlarını genişləndiriblər. Soyuq sıxım yağları və çərəz əzmələri istehsal edən bir xanım sahibkarın məhsulları qısa müddətdə alıcı rəğbəti qazanıb və artıq üç supermarketdə ayrıca stendlərdə təqdim olunur. Sənətkar “ABAD”çılar arasında da uğurlu nümunələr var. Məsələn, vitraj üsulu ilə armudu stəkanlar hazırlayan bir xanım hobbisini ailə biznesinə çevirib. Bu onun məhsullarının nəinki butiklərdə turistlərə təklif olunmasına, həm də iri korporativ sifarişlərin qəbul edilməsinə şərait yaradır. Belə hekayələr təkcə sahibkarlara deyil, həm də digər mikro və kiçik biznes nümayəndələrinə stimul verir, onları daha  aktiv fəaliyyətə təşviq edir.

“ABAD” ailə bizneslərinə yalnız istehsalda deyil, məhsulların təqdimatı və tanıdılmasında da dəstək verir. Bu baxımdan brendinq və dizayn xidmətləri xüsusi əhəmiyyət daşıyır. Məhsullar üçün müasir dizayn, estetik qablaşdırma və etiketlər hazırlanır ki, bu da onları bazarda fərqləndirir və istehlakçıların diqqətini cəlb edir. Ailə bizneslərinin məhsulları vahid “ABAD” brendi altında bazara çıxarılır.

-Qurumun fəaliyyətində sosial məsuliyyət və yerli icmalara dəstək necə təmin olunur?

- “ABAD” faktiki olaraq korporativ sosial məsuliyyət təşəbbüslərinin icrası üçün yeni və unikal bir alətə çevrilib. İri şirkətlər KSM təşəbbüslərinin gerçəkləşdirilməsi üçün “ABAD”ı seçir çünki “ABAD”la icra edilən layihələrin nəticəsində dəsək göstərilən şəxslər bir dəfəlik deyil, daimi gəlir mənbəyi əldə edirlər. Bu prosesdə ictimai-sosial tərəfdaşlıqlar da mühüm rol oynayır. Dövlət dəstəyi ilə yanaşı, özəl sektorun iştirakı sosial məsuliyyətin güclənməsinə və layihələrin dayanıqlılığına xidmət edir. Xüsusilə “Paşa Holding”in dəstəyi burada böyük əhəmiyyə kəsb edir. Belə ki, “PAŞA Holding”in sosial məsuliyyət layihələri çərçivəsində göstərdiyi dəstək ilə “ABAD” tərəfindən icra edilmiş ən iri layihələr “Quba ABAD Factory” İstehsalat Kompleksi və “Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi”dir.

-Beynəlxalq əməkdaşlıq çərçivəsində “ABAD”ın hansı təcrübələri var?

-Beynəlxalq əməkdaşlıq istiqamətində “ABAD”ın başlıca uğuru Keramika simpoziumu olmuşdur. Simpozium müxtəlif ölkələrdən peşəkar keramistləri bir araya gətirərək keramika sənətinin inkişafına, təcrübə mübadiləsinə şərait yaratmışdır. İki həftə davam edən tədbirin sonunda iştirakçıların keramika əsərlərindən ibarət kolleksiya yaradılmışdır. Bu təşəbbüs Azərbaycanın milli-mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasına töhfə vermişdir.  Eyni zamanda, “ABAD” yerli məhsulların beynəlxalq bazarlara çıxışında fəal iştirak edir, sərgi və forumlarda “Made in Azerbaijan” brendini tanıdır. Bu məqsədlə logistika, sertifikatlaşma və ticarət əlaqələri sahəsində də dəstək göstərir.

-“ABAD”ın qarşısına qoyduğu strateji hədəflər hansılardır?

-“ABAD”ın əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərdə fəaliyyətin genişləndirilməsidir. Burada bal məhsullarının brendləşdirilməsi, beynəlxalq standartlara uyğun istehsalı və satışa çıxarılması planlaşdırılır. Həmçinin həmin bölgələrdə yaşayan sakinlərin sahibkarlığa təşviq edilməsi və onların “ABAD”la əməkdaşlığının gücləndirilməsi nəzərdə tutulur.

Digər prioritet istiqamət beynəlxalq bazarlara çıxışdır. Artıq ABŞ-da bal, mürəbbə, sous və çay kimi məhsulların satışı başlayıb. Gələcəkdə ixrac coğrafiyasının genişləndirilməsi, sərgilərdə fəal iştirak və dünya bazarlarının tələblərinə uyğun istehsal, qablaşdırma və marketinq həllərinin tətbiqi planlaşdırılır.

“ABAD”, həmçinin satış dövriyyəsini artırmağı qarşısına məqsəd qoyub. Bu yeni korporativ əməkdaşlıqların qurulması, supermarket şəbəkələrində daha çox çeşidlə təmsil olunma və onlayn satış kanallarının gücləndirilməsi ilə həyata keçiriləcək. Bütün bu addımlar ailə təsərrüfatlarının dayanıqlı inkişafına, ölkə iqtisadiyyatına və ixrac potensialının yüksəldilməsinə xidmət edir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
8
ikisahil.az

1Источники