RU

Mourinyo "Fənərbaxça"ya söz atdı, "Benfika"nın "Qarabağ"a uduzmasına toxundu

"Heç vaxt özümü bu qədər iddialı və motivasiyalı hiss etməmişdim. Daha əvvəl məşqçilik etdiyim heç bir klub məni "Benfika" qədər ruhlandıra bilməyib".

Milli.Az xəbər verir ki, bu sözləri "Benfika"nın yeni baş məşqçisi Joze Mourinyo Lissabon təmsilçisinə keçidi ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis istefaya göndərildiyi "Fənərbaxça"nı çalışdırmaqda səhvə yol verdiyini bildirib: "Karyeram zəngin oldu, müxtəlif ölkələrdə çalışdım, "Fənərbaxça"ya getməkdə səhv qərar verdim. O klub mənim  səviyyəmə uyğun deyildi. Amma peşman deyiləm. Orada son günə qədər əlimdən gələni etdim".

62 yaşlı mütəxəssis "Fənərbaxça"nın transfer siyasətini də tənqid edib: "Fənərbaxça"da dörd nəfərlik müdafiə ilə oynamaq istəyirdim, amma mən gedəndən sonra klub 5 transfer etdi. Belə oynamaq mümkün deyildi. Siz indiki vəziyyətə uyğunlaşmalısınız. "Benfika"nın heyətini "Fənərbaxça"da olarkən də tərifləmişdim və bunu yenə edəcəm".

Mourinyo qısa da olsa, "Benfika"nın UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"a uduzmasına (2:3) toxunub: "Hər zaman qalib gələ bilmərik, amma iki gün əvvəlki (red.- açıqlama dünən verilib) kimi məğlub da ola bilmərik. Əsl "Benfika" İstanbulda "Fənərbaxça"ya qarşı 30 dəqiqə bir nəfər azlıqda oynamasına baxmayaraq, müsbət nəticə qazanan komandadır. Mənim gözümdə "Benfika" budur".

Xatırladaq ki, Joze Mourinyo ötən gün "Benfika" ilə 1+1 illik müqavilə imzalayıb. O, bu vəzifədə "Qarabağ"a məğlubiyyətə görə istefaya göndərilən Bruno Lageni əvəzləyib./qol.az

Milli.Az

Избранный
55
3
milli.az

4Источники