RU

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günü, Azərbaycan tarixinin Zəfər səhifəsi



Azərbaycan xalqı əsrlər boyu azadlıq, dövlətçilik və torpaq uğrunda mübarizə aparmış, bu yolda saysız-hesabsız şəhidlər vermişdir. Qarabağ həqiqətlərində də bu yol uzun, çətin və keşməkeşli olmuş, 30 ildən artıq işğal altında qalan müqəddəs torpaqlarımız azadlıq həsrəti ilə yaşamışdır. Lakin cənab Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dəmir iradəsi, uzaqgörən siyasəti, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycan bu tarixi ədalətsizliyi birdəfəlik aradan qaldırdı. Məhz bu möhtəşəm qələbənin məntiqi davamı olaraq cənab Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il 20 sentyabr ölkəmizdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günü kimi təntənəli şəkildə qeyd olunur. Artıq ikinci ildir ki, Azərbaycan xalqı bu günü böyük sevinclə, milli qürur və iftixar hissi ilə qarşılayır. 2023-cü ilin 15 oktyabrı Azərbaycan tarixində əbədi iz buraxdı. Həmin gün cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaltdı. Bu an təkcə bir dövlət başçısının çıxışı deyildi – bu, bütöv xalqın 30 ildən artıq çəkdiyi həsrətin, göz yaşının, şəhid qanının müqəddəs təcəssümü idi. Cənab Prezidentin həmin gün Xankəndi şəhərinin mərkəzində söylədiyi sözlər hər bir azərbaycanlının yaddaşına əbədi həkk olundu: “Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz inanırdıq ki, bu gün gələcək. Mən Prezident kimi fəaliyyətə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün torpaqlarda qaldırılsın. Və bu gün o müqəddəs an yetişdi.” Bu sözlər həm xalqın birliyini, həm də dövlət rəhbərinin xalqa verdiyi vədə necə sadiq olduğunu sübut etdi.
Azərbaycan ordusunun qüdrətini bütün dünyaya bir daha göstərən hadisələrdən biri də 2023-cü il noyabrın 8-də Xankəndində keçirilən möhtəşəm hərbi parad oldu. Bu parad həm Vətən müharibəsində qazanılan Zəfərin təntənəsi idi, həm də Ermənistanın kapitulyasiyasından sonra regionda yaranmış yeni reallığın əyani sübutu. Cənab Prezident İlham Əliyev bu tarixi hadisəni belə şərh etmişdi: “Gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.” Bu, sadəcə bir siyasi bəyanat deyil, həyata keçirilmiş tarixi vədi idi. Qarabağda həyatın tam bərpası, yeni inkişaf mərhələsinin başlanğıcı üçün cənab Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Qarabağ Universiteti yaradıldı. Xankəndində fəaliyyət göstərəcək bu ali təhsil ocağı yalnız bir universitet deyil, həm də xalqımızın elmə, biliyə, gələcəyə inamının simvoludur. Burada təhsil alacaq gənclər Qarabağın intibahında, iqtisadi dirçəlişində, sosial-mədəni inkişafında aparıcı rol oynayacaqlar. Ağdərə rayonunun yaradılması isə tarixi ədalətin bərpası oldu. 2023-cü il dekabrın 5-də qəbul edilən qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati bölgüsündə dəyişiklik edildi və mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı. Bu qərar həm tarixi ədalətin bərpası, həm də regionda idarəetmənin səmərəliliyinin artırılması baxımından mühüm addımdır. Xankəndi stadionunda 30 ildən sonra keçirilən ilk rəsmi futbol oyunu da Azərbaycan tarixinin unudulmaz səhifələrindən biridir. 2023-cü il dekabrın 21-də “Qarabağ” komandası MOİK-lə Azərbaycan Kubokunun oyununu məhz Xankəndidə keçirdi. Bu tarixi matçı cənab Prezident İlham Əliyev şəxsən izləyərək Qarabağda həyatın bərpasının hərtərəfli xarakter daşıdığını bütün dünyaya göstərdi. Son illərdə Prezident İlham Əliyevin Xankəndinə, Xocalıya, Xocavəndə və Ağdərəyə səfərləri xüsusi siyasi məna daşıyır. Bu səfərlər yalnız infrastrukturun açılışı və bərpa işləri ilə bağlı deyil, həm də xalqla birliyin, torpaqlara sahib çıxmağın, yeni quruculuq dövrünün başlanmasının rəmzidir. Bu gün Azərbaycan xalqı əminliklə deyir ki, cənab Prezident İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirdi. Ərazi bütövlüyü tam bərpa olundu, 30 illik işğal tarixə qovuşdu, Qarabağda yeni həyat başladı. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gününün təsis olunması isə bu qələbənin siyasi, mənəvi və tarixi təsdiqidir. Azərbaycan xalqı Ali Baş Komandanın müdrik siyasəti, dəmir iradəsi, qətiyyətli addımları ilə fəxr edir. Çünki bu gün yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının, regionun tarixində dönüş nöqtəsidir. Bu möhtəşəm Zəfərin müəllifi olan cənab Prezident İlham Əliyevə dəstəyimizi ifadə etməklə yanaşı, biz gələcəyə böyük inamla baxırıq. Əminik ki, Qarabağ və Şərqi Zəngəzur qısa zamanda regionun ən inkişaf etmiş, ən gözəl yerlərinə çevriləcəkdir.


Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini.




Избранный
54
1
aia.az

2Источники