RU

Vətən müharibəsi cəmiyyətdə suverenlik anlayışının dönüş nöqtəsi olub –SORĞU /STM

Sosial Tədqiqatlar Mərkəzi dövlət suverenliyi barədə vətəndaşların mövqeyini,
məlumatlığını, onların siyasi dünyagörüşdə nə kimi yer tutduğunu öyrənmək
məqsədilə sosioloji sorğu keçirib.

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının otuz üçüncü ili ölkə prezidentinin “Dövlət Suverenliyi Günü”nü təsis etməsi ilə əlamətdar oldu. Bu il isə milli tariximizin Zəfər müharibəsi ilə başlayan yeni mərhələsinin mühüm səhifəsi – Konstitusiya və Suverenlik ili olmaqla bərabər, 20 sentyabr tarixinin yenilənən dəyərinin ilk dəfə qeyd olunduğu ildir.

Respondentlərə təqdim edilən və çoxvariantlı seçim imkanının verildiyi sual üzrə nəticələrə əsasən, “dövlət suverenliyi” anlayışı ictimai rəydə ərazi bütövlüyünün təmin olunması (47.9%), dövlət müstəqilliyi (43.9%)  və xalqın öz iradəsini sərbəst ifadə etməsi (38.0%) kimi şərh olunur. Başqa sözlə, ölkə ictimaiyyəti suverenlik anlayışını daha çox dövlətçilik, milli təhlükəsizlik və siyasi hüquqlar prizmasında dərk edir.

Növbəti sıralarda yer alan cavablar əsasən müasir tarixi reallıqlarla, xüsusilə də keçmiş işğal amilinin nəticələri ilə bağlıdır. Belə ki, sorğu iştirakçılarının 29.0%-i suverenliyi işğalın aradan qaldırılması kimi, 24.2%-i məcburi köçkünlüyə son qoyulması kimi, 22.6%-i xarici təsirlərdən azad olmaq kimi izah edib.

Nəticələrin təhlilinə əsasən, növbəti sıralarda dövlət hakimiyyətinin bütün ölkə ərazisində tətbiqi (19.2%), ölkə ərazisində digər dövlətlərin hərbi bazalarının olmaması (13.6%) və digər (1.6%) cavablar yer alıb. Respondentlərin 7.7%-i bu anlayışı şərh edə bilməyib, 0.5%-i bu sualı cavablandırmaqdan imtina edib.

Sorğu nəticələrinin təhlili 44 günlük Vətən müharibəsinin ictimai şüurda suverenlik anlayışının dönüş nöqtəsi rolunu oynadığını deməyə əsas verir.

Belə ki, əvvəlki dövrdə dövlət suverenliyinin bütün ölkə ərazisində tətbiqində praktiki məhdudiyyətlər, təbii sərvətlərdən tam istifadə olunmaması, xarici təsirlər ictimai rəydə bu sahədəki əsas problemlər kimi önə çıxıb. Suverenliyin tam bərpasından sonrakı mərhələdə isə ictimai rəy tamamilə fərqli reallığı qəbul edir.

Sorğu iştirakçılarının 77.4%-i dövlət suverenliyinin bərpasından əvvəl Azərbaycanın xarici siyasətində diqqətin daha çox işğal amilinə yönəlməsi səbəbindən qlobal və regional siyasi təşəbbüslərdə iştirak imkanının nisbətən məhdud olduğunu düşünür. Hazırda, yəni dövlət suverenliyinin tam bərpa olunduğu dövrə münasibətdə respondentlərin 96.0%-i Azərbaycan beynəlxalq münasibətlərdə daha geniş imkanlarla çıxış etdiyini bildirir.

Dövlət suverenliyinin tam bərpa olunduğu hazırkı dövrə münasibətdə respondentlərin 94.7%-i Azərbaycanın beynəlxalq və regional əməkdaşlıq imkanlarının daha geniş olduğunu vurğulayır.

Respondentlərin 89.6%-i 44 günlük Vətən müharibəsindən əvvəl Azərbaycanın öz təbii sərvətlərindən, torpaq və digər resurslarından tam istifadə edə bilmədiyini qeyd edib. Bu göstərici əvvəlki dövrə münasibətdə ictimai rəydə ən böyük məhdudiyyət kimi yer alıb. Hazırkı dövrə münasibətdə isə respondentlərin 85.1%-i işğaldan azad olunmuş ərazilərin təbii sərvətlərinin ölkənin iqtisadi inkişafına təkan verdiyi mövqeyini təsdiqləyib.

Sorğuda iştirak edənlərin 75.0%-i əvvəlki dövrdə ərazilərin işğalı səbəbindən Azərbaycanın xarici investorlar üçün müəyyən mənada “riskli ölkə” imici yaratdığını bildirib. Respondentlərin 87.8%-i münaqişənin başa çatdığı hazırkı mərhələdə ölkəyə daha çox xarici investisiya cəlb etmək imkanı yarandığını qeyd edib.

Respondentlərin 79.5%-i Vətən müharibəsindən əvvəl, yəni münaqişə dövründə digər ölkələrin və təşkilatların Cənubi Qafqazda təsir imkanlarının güclü olduğunu, 88.3%-i münaqişənin başa çatdığı hazırkı mərhələdə Azərbaycanın Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası yaratdığını vurğulayıb.
Sorğuda iştirak edənlərin 72.3%-i 44 günlük müharibədən əvvəlki dövrdə işğalın nəticələrinin milli kimlik və dövlətçilik ideologiyası üzərində mənfi təsirləri olduğunu təsdiqləyib. Respondentlərin 92.8%-i torpaqların işğaldan azad olunmasının və dövlət suverenliyinin tam bərpasının vətəndaşların milli qürur, özünəinam və dövlətə bağlılıq hissini artırdığını bəyan edib.

Həmçinin respondentlərin 98.7%-i Azərbaycanın dünyada və regionda davam edən münaqişələr fonunda 44 günlük müharibədə ədalətli qalib obrazı yaratdığını vurğulayıb.

Ölkə ictimaiyyətinin 91.2%-i dövlət suverenliyinin tam bərpa olunduğu hazırkı mərhələdə Zəngəzur yolunun reallaşdığını, 82.5%-i Qarabağ və Şərqi Zəngəzurda yenidən məskunlaşmanın ölkə əhalisinin proporsional bölgüsünü təmin etdiyini, 82.7%-i vətəndaşların hüquq və azadlıqlarının genişlənməsi imkanı yarandığını vurğulayıb.

Beləliklə, keçirilən sosioloji sorğu cəmiyyətin mütləq əksəriyyəti suverenliyin tam bərpa olunduğu hazırkı dövrü həm tarixi qələbə, həm də gələcəyə açılan yeni imkanlar mərhələsi kimi dəyərləndirir.

Azərbaycanın dövlət suverenliyinin qorunmasında yeni dövrün çağırışları kimi ictimai rəy ilk növbədə hərbi güc və təhlükəsizlik (65.2%), milli birlik və vətəndaş həmrəyliyi (51.6%), diplomatiya və beynəlxalq nüfuz (49.7%) amillərini önə çəkir. Başqa sözlə, vətəndaşlar mövcud geosiyasi risklər fonunda təhlükəsizlik məsələlərini, milli birliyi və dövlətin beynəlxalq arenadakı mövqeyini dövlət suverenliyinin qorunmasının əsas təminatı kimi qəbul edir.

Nəticələrin təhlilinə əsasən növbəti sıralarda isə iqtisadi inkişaf (43.6%), sosial təminat (30.1%), qanunun aliliyi (27.2%), milli kimlik və yeni milli ideologiya (21.5%) istiqamətlərində çağırışlar yer alır.

Məlumatların toplanılması 2025-ci ilin 12 sentyabr – 16 sentyabr tarixlərində icra olunub. Sorğular yaşı 18 və yuxarı olan 1200 respondent arasında kompüter dəstəkli telefonla anonim, müsahibə (CATI) üsulundan istifadə olunmaqla keçirilib.

AzPost.az

Избранный
43
1
azpost.info

10Источники