RU

Yeni avtobuslar da problemi çözə bilmədi: Sumqayıtdan Bakıya gəlmək çətinləşir

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıtdan Bakıya və əks istiqamətdə gedib-gələnlər üçün ictimai nəqliyyatla bağlı problemlər tükənmir. Dövlət tərəfindən avtobuslar xəttə buraxılsa da, vətəndaşların narazılığı hələ də davam edir.

Günün pik saatlarında ictimai nəqliyyatdan istifadə edənlər avtobusların intervalının uzun, gələn nəqliyyat vasitələrinin isə anında dolaraq getdiyini, bəzən dolu gəldiyini bildirirlər. Nəticədə, yüzlərlə sərnişin işə və ya evə çatmaq üçün uzun müddət dayanacaqda gözləməli olur.

Bu vəziyyət isə həm vaxta, həm insanların əsəblərinə mənfi təsir göstərir. Vətəndaşlar mövcud vəziyyətin nəinki dəyişmədiyini, əksinə, getdikcə daha da dözülməz hala gəldiyini qeyd edirlər.

Bəs, maraqlıdır, bu problemin qarşısını almaq üçün hansı addımlar atıla bilər? Onlayn bilet sistemi tətbiq oluna bilərmi? Və ya elə bir sistem ola bilərmi ki, vətəndaşlar avtobusun harda olduğunu, hansı istiqamətdə hərəkət etdiyini, neçə dəqiqəyə gələcəyini bilsinlər və planlaşdırmanı ona uyğun qursunlar?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, öncədən bilet almağın nə verəcəyi sual altındadır.

Yeni avtobusların izlənməsi məsələsi ilə razı olduğunu qeyd edən ekspert bu istiqamətdə işlər getdiyini deyib.

Rauf Ağamirzəyev:Şəhərdə tədbirlərlə əlaqəli məhdudiyyətlər də dövriyyəyə təsir edir, dalğa effekti yaradır

R.Ağamirzəyevin sözlərinə görə, ümumi olaraq yetərli sayda avtobus olmalıdır və digər nəqliyyat növləri ilə inteqrasiya edilməlidir ki, sərnişin axını bərabər paylansın:

“Bu, bərabər paylanmadıqda avtobuslarda sıxlıq müşahidə olunacaq”.

Müsahibimiz həmçinin vurğulayıb ki, şəhərdə müəyyən yolların bağlanması və tədbirlərlə əlaqəli məhdudiyyətlər də dövriyyəyə təsir edir və dalğa effekti yaradır:

“Buna görə alternativ nəqliyyat növləri ilə multimodal daşınma tətbiq olunmalıdır ki, yük bölünsün”.

Yaxın beş ildə dəmir yolu, metroya yatırımların nəzərdə tutulduğunu və artıq ilkin işlərə başlanıldığını deyən nəqliyyat eksperti bu layihələrin avtobusların indiki yüklənməsini azaldacağını bildirib.

Bunlarla yanaşı, həmsöhbətimiz Bakı–Sumqayıt və Abşeron istiqamətində dəyişikliklər, əlavə qatarların xəttə buraxılması, reyslərin sayının artırılması, o cümlədən Dərnəgül stansiyasının ilin sonuna qədər açılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

“Qatarların sərnişin daşıma gücü avtobuslardan dəfələrlə çoxdur və bu, insanları bir nəqliyyat növündən digərinə yönəldəcək. Hazırda Sumqayıtdan Xırdalana qatar əlaqəsi dayandırılıb. Sumqayıtdan Xırdalan stansiyasına qədər avtobus əlaqəsi yaradılmalıdır ki, insanlar Xırdalandan gedə bilsinlər. Xırdalan istiqamətində onsuz da qatar relslərinin sayını artırıblar”,- deyə Rauf Ağamirzəyev əlavə edib.

Qeyd edək ki, Xırdalan-Sumqayıt-Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti sentyabrın 15-dən dayandırılıb. Qatarlar Bakı-Biləcəri-Xırdalan-Bakı xətti ilə hərəkət edir.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
bakivaxti.az

2Источники