RU

Təqvimdə yeni - altun səhifə- ƏKBƏR QOŞALI yazır

Əkbər QOŞALI

Azərbaycan dövlətçilik salnaməsinə 20 sentyabr artıq altun hərflərlə yazılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunmuş "Dövlət Suverenliyi Günü" bir günün anılmasından daha üstün - bütöv yüzilliyin özləminin, onilliklərin mübarizəsinin, minlərlə şəhidin qanı bahasına qazanılmış qələbənin təntənəsidir.
Dövlət Suverenliyi Günü - tarixi  Zəfərdən çağdaş kimliyə keçidin özüdür, gözüdür və bir də sözüdür!

Əslində, bu tarix Azərbaycanın müstəqillik yolunun zirvə nöqtəsidir. 18 oktyabr 1991-ci ildə bərpa olunan dövlət müstəqilliyindən sonra ulusumuz çox sınaqlardan keçdi: 
işğal, 
terror, 
məcburi köçkünlük, 
beynəlxalq ədalətsizlik... 
Amma dövlətçilik iradəsi sınmadı. 
2020-ci ilin 44 günlük müharibə, 
2023-cü ilin antiterror əməliyyatı və 

Laçın nəzarət-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi. 2024-cü ilin 20 sentyabrı isə artıq rəsmi olaraq dövlət suverenliyimizin tam bərqərar olmasının bayramıdır. Bu bayram öz ardınca 2024-cü ilin yazında Qazaxın 4 kəndini də (sözün dərin anlamında) gətirdi.

Bəs bərpa etdiyimiz suverenliyin fəlsəfəsi və uluslararası ölçüsü nədir, nədən ibarətdir?

Suverenlik sadəcə hüquqi anlayış deyil, əlbəttə. Əlbəttə, o, ulusun öz yuvasına yiyə durması, ulusal kimliyini qoruyaraq dünyaya daha güclü şəkildə təqdim etməsidir. Uluslararası hüquqa görə suveren dövlət - öz sınırları üzərində tam egemenliyə malik, başqa dövlətlərdən asılı olmayan, ali qərarverici mövqedə olan dövlətdir. Azərbaycan bu statusu XXI yüzilin ilk dörddəbirində təkcə hüquqi bəlgələrlə deyil, həm də gerçək hərbi-siyasi qələbələrlə təsdiqlədi.

Bu gün dünya siyasətində Azərbaycan artıq müstəqil və sanballı subyektdir. Böyük güclərin diktəsi ilə deyil, öz ulusal çıxarları əsasında qərar verən, bölgəsəl işbirliyinin memarı, qlobal proseslərin güvənli tərəfdaşı olan bir dövlət mövqeyindədir. - "Sözümüz imzamız qədər keçərlidir".

Üç onillik boyunca davam edən işğal dönəmində uluslararası qurumların qəbul etdiyi qətnamələr kağız üzərində qalırdı. Ermənistanın işğalçılıq siyasəti bölgəmizi viran qoymuşdu: 
insanlar didərgin salınmış,
şəhərlər dağıdılmış, 
kəndlər yerlə-yeksan edilmiş, 
tarixi-mədəni abidələr məhv edilmişdi...
2020-ci ilin Zəfəri ilə Azərbaycan bu tarixi ədalətsizliyə son qoydu. Ən önəmlisi isə - Zəfərimiz ulusumuzun öz gücü ilə, müstəqil dövlət iradəsi ilə əldə olundu.

Bəli, 2023-cü ilin sentyabrında bir gündən də az çəkən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Onsuz da qondarma olan rejimin özünü buraxması və Qarabağın tamamən öz bayrağımız altına qayıtması Azərbaycanın ulusal kimliyini və dövlət iradəsini daha da gücləndirdi.

Bu gün Qarabağda yeni həyat qurulur.
Təhsil ocaqları açılır, 
şəhərlər bərpa olunur, 
insanlar doğma torpaqlarına qayıdır. 
Bütün bunlar artıq suverenliyin sosial-iqtisadi müstəvidə də öz bəhrəsini verdiyini göstərir.

Yeri gəlmişkən, bu məqamda vurğulayaq ki, Şuşada, eləcə də işğaldan azad olunmuş digər bölgələrimizdə keçirilən yüksək səviyyəli qəbullar Azərbaycanın tam suveren dövlət mövqeyinin bariz göstəricisidir. Müstəqilliyimizin, qəhrəman Ordumuzun gücü və ulusumuzun iradəsi ilə azad edilmiş torpaqlar bu gün artıq təkcə ulusal qürur ünvanı deyil, həm də uluslararası diplomatiyanın mərkəzinə çevrilib. 
Prezident İlham Əliyevin sentyabrın 15-də Şuşada qardaş Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunu qəbul etməsi, ardınca - 16 sentyabrda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəsmi qarşılanması, ziyarətlər, aparılan müzakirələr bu gerçəklərin ən parlaq sübutudur.

Bu səfərlər, qəbullar göstərir ki, Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa, eləcə də Füzuli, Xankəndi kimi şəhərlər artıq yeni dönəmin - müstəqil və tam suveren dövlətin uluslararası işbirliyi məkanıdır. Əgər dünən bu torpaqlarda işğalın qaranlığı hökm sürürdüsə, bu gün dünya liderlərinin, önəmli qonaqların, strateji tərəfdaşların addımları suveren  Azərbaycanın parlaq gələcəyinə işıq salır. Bu hadisələr həm bölgənin yeni geosiyasi gerçəkliklərini təsdiqləyir, həm də Azərbaycanın dünyaya verdiyi ismarıcı möhkəmləndirir: Biz öz torpaqlarımızın yiyəsiyik, güclüyük və gələcəyimizi özümüz qururuq!

Beləliklə, artıq 9-cu ayını yaşamaqda olduğumuz təqvim ili - "Konstitusiya və Suverenlik İli"- inkişafın yeni mərhələsini nümayiş etdirir.

Əlbəttə, 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi tarixi təsadüf deyil. Konstitusiya dövlətin hüquqi əsaslarını, suverenlik isə onun milli kimliyini ifadə edir. Bu iki anlayışın birgə vurğulanması Azərbaycanın həm içəridə sabit, həm də uluslararası miqyasda güvənli tərəfdaş olduğunu bir daha sübut edir.

Bir də, suverenliyin vətəndaşa verdiyi məsuliyyət var, təbii...
Dövlət suverenliyi yalnız hökumətin, ordunun, uluslararası münasibətlərin gücü ilə təmin olunmur. - O, hər bir vətəndaşın şüurunda, davranışında yaşamalıdır. Bu gün tam suveren Azərbaycanda yaşayan hər kəsin borcu - dövlət müstəqilliyini qorumaq, inkişaf etdirmək, onu gələcək nəsillərə daha möhkəm təməllərlə ötürməkdir.

20 sentyabr - Dövlət Suverenliyi Günü  Azərbaycan üçün unudulmaz tarixi gündür, həm də gələcəyin rəmzidir. Bu gün biz bir daha dərk edirik ki, müstəqillik heç vaxt verilmir - o, alınır, qorunur, möhkəmləndirilir. Azərbaycan xalqı isə bu şərəfli yolun yiyəsi və qoruyucusudur.

Dövlətimiz zaval görməsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
27
olaylar.az

1Источники