RU

"20 sentyabr bu şəhərlərin günüdür" - Deputat

“44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında Azərbaycan yalnız işğalçı Ermənistana deyil, bütövlükdə dünya erməniliyinə qalib gələrək ərazi bütövlüyünü və suverenliyini təmin edib. İgid əsgər və zabitlərimizin şücaəti, canı-qanı bahasına qazanılan qələbələr sayəsində ilk dəfədir ki, torpaq itkilərinə məruz qalmamışıq, əksinə zor gücünə zəbt olunmuş torpaqlarımızı geri qaytarmışıq. Şəhər və kəndlərimizin azad olunması bizim üçün bayramdır  və Prezident İlham Əliyev ölkəmizdə şəhər günlərinin təsis edilməsi ilə bağlı imzaladığı müvafiq sərəncamlarla bunu rəsmiləşdirirb".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev bildirib. 

Parlamentari xatırladıb ki, dövlətimizin başçısı 2023-cü il 31 iyul tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Ölkə rəhbərinin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncamla isə həmin sənədə aşağıdakı məzmunlu dəyişiklik edilib:

“20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü”. Beləliklə də, respublikamızda işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin sayı 9-a çatıb.

Fikirlərinə davam edən Milli Məclisin üzvü qeyd edib ki, otuz illik işğal dövründə ermənilər torpaqlarımızda ağılasığmaz vandalizm əməllərinə əl atıblar. Bu ərazilərdə yaşayan azərbaycanlılar öz ev-eşiklərindən zorla çıxarılıb, eyni zamanda ucdantutma hər şey dağıdılıb və yerlə yeksan edilib. Məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur. Bu siyahəda 9 Azərbaycan şəhərinin adı var. Ermənistan eyni zamanda Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevib. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan Ordusu orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.

Deputatın sözlərinə görə, Vətən müharibəsində işğaldan azad edilən ərazilərin hər qarışı bizim üçün son dərəcə əzizdir. Biz düz otuz il ərzində yurd yerlərimizə, doğma kəndlərimizə, şəhərlərimizə qayıtmağın həsrəti ilə yaşamışıq. 44 günlük müharibədə, 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında şanlı Ordumuzun şücaəti ilə əldə olunan böyük qələbələr sayəsində bu həsrətə son qoyulub.

Xalqımızın işğaldan azad olunan ərazilərə böyük bağlılığı var. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bunun rəsmi olaraq təsdiqidir. Deputatın qənaətinə görə, işğaldan azd edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi həm də böyük qələbələrimizin təbliği, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirlməsi anlamına gəlir. Bu qələbələri heç kəs bizə hədiyyə etməyib. Onları igid hərbiçilərimiz canları, qanları hesabına qazanıblar. Xaincəsinə torpaqlarımıza soxulan düşmən cəzalandırlmalı idi və Azərbaycan Ordusu bunu layiqincə edib. Silahlı Qüvvələrimiz Vətən müharibəsində misilsiz şücaətlər göstərərək 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında geri qaytarıb. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirib. Dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncamda da vurğulandığı kimi, Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı - Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz  işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. 

Samir Vəliyevin sözlərinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 20-də  şəhər günləri qeyd olunan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində işğalçılardan təmizlənməsi ədalətin və həm də tarixin bərpasıdır. Xocalı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vəhşiliyinə tuş gələn və təsəvvürəgəlməz zülm, sitəm yaşayan bir şəhərdir. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. 

Milli Məclisin deputatı bildirib ki, separatçıların qondarma qurumun baş şəhəri elan etdikləri Xankəndiyə münasibətdə də erməni məkrinə yol verilib. Tarixi mənbələrə əsasən, Xankəndi XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının başçılarının - xanların istirahəti üçün salınıb. İlk vaxtlarda yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında məhz bu adla tanınıb: Xanın kəndi.  Az vaxt ötəndən sonra isə “Xanın kəndi” “Xankəndi” adını alıb. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimə hədiyyə olunub. “Xankəndi” toponimi 1923-cü ildə keçmiş ittifaqın mərkəzi hakimiyyətinin diqtəsi ilə dəyişdirilib və şəhərə saxta “Stepanakert” adı verilib. Separatçılar da məhz bu toponimdən istifadə ediblər.

İşğal dövründə Xocavənd və Ağdərə şəhərlərinin  də oxşar talelərlə üzləşdiyini deyən deputat bildirib ki, artıq kədərli günlər keçmişdir. 2023-cü il 19-20 sentyabr tarixində  baş tutan uğurlu lokal xarakterli antiterror əməliyyatından sonra Xocavənd və Ağdərə də artıq doğma əllərdədirlər. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bütün şəhərlərimizin şəhər günləri mübarək olsun!

 

Избранный
75
50
unikal.az

10Источники