RU

“İmişli” həvəskarlığı və bir boşluğun izi ilə…

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

“İmişli”də Premyer Liqanın IV turunda “Sumqayıt”la ev oyununun (1:0) 67-ci dəqiqəsində adı protokolda olmayan İbrahim Əliyevin meydana çıxması 0:3 hesablı texniki məğlubiyyətlə nəticələndi. Klub buna görə 5000 manat cərimələnib.

AFFA İntizam Komitəsi bu qərarı açıqlayanda bir sual məni düşündürdü. Görəsən, qaydalarda bu məsələyə düzəliş etmək mümkündürmü?

Bunadək müxtəlif klublar, hətta “Qarabağ” da analoji vəziyyətə düçar olub. Texniki məğlubiyyət sanki bu vəziyyətə verilən cəza baxımından çox ağır, hətta idman prinsiplərinə zidd görünən bir şeydir.

Komanda əziyyət çəkib qələbə qazanır, klubun səhlənkarlığı ucbatında qələbə rəqibə verilir.

Hardan baxsan, mənəvi, fəlsəfi və s. anlamda haqq vermək olmur.

AFFA və PFL bu haqda ciddi düşünüb, analoji vəziyyətə başqa sanksiya tərtib etməlidir.

Bəli, “İmişli” səhv edib. Onsuz da klub olaraq bundan nəticə çıxaracaqlarına da ümid görünmür, çünki klublaşmaya yanaşmaları bəsit, səthi və qeyri-peşəkardır. “İmişli” kimi bu cür hallarla qarşılaşmış klublar da birmənalı təqsirkardır. Lakin bu ona əsas vermir ki, komandanın nəticəsi klub əməkdaşının səhlənkarlığının/işbilməzliyinin güdazına getməlidir.

***

Misal üçün İbrahim Əliyevin adı protokolda yox idisə, onda baş hakim hara, nəyə baxırdı? Oyuna əvəzetmədən girən futbolçunun adı protokolda yoxdursa, 4-cü hakim hara, nəyə baxır?

Belə çıxır ki, puskuda dayanıb klubun buraxdığı səhvin “rəsmiləşməsini” gözləyirlər?!

Təmsilçisi Çempionlar Liqasında oynayan liqanın bu qədər bəsit, həvəskar liqa səviyyəsində qüsuru üzə çıxır…

Yenə məsələnin mənəvi tərəfinə köklənirik. AFFA və PFL təşkilatçıdırsa, deməli, liqanın qüsursuz təşkilində həm də təlimatçıdır. Oyunçu əvəzetmədən oyuna girir və qurum təmsilçilərinin heç biri bu nöqsanı kluba bildirmir – nə dərəcədə normal vəziyyətdir? “İmişli” hələ klub kimi formalaşmayıb. Əlbəttə ki, bu, nə AFFA-nın, nə PFL-in məsuliyyətidir, lakin məsələyə çarpaz rakursdan baxılanda yaranmış vəziyyətin də məntiqi açılışını verə bilmirik.

Deməli, qurumlar liqa ilə bağlı əsasnamədə müəyyən təkmilləşdirmələr aparmalıdır. Bu cür məsələlər ciddi müzakirə edilməli və müvafiq qərarlar verilməlidir.

Məsələn, klubun səhvi komandanın nəticəsinə təsir etməməlidir. Bu halda klubu böyük məbləğdə cərimələmək daha məntiqli olar.

Hüquqda təqsirsizlik prezumpsiyası anlayışı var. O prinsiplə yanaşsaq, klubun buraxdığı nöqsana görə komandanın nəticəsinin ləğvi qüsurlu görünür. Çünki bu məsələdə komanda təsirsizdir və hüququn aliliyi onun bu haqqını tanımalıdır.

Kamil Əhməd

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
futbolpress.az

1Источники