RU

Kuklaçılar ölkəmizə qalibiyyətlə qayıdıblar

Azərbaycan Dövlət Kukla Teatrı 9-14 sentyabrda "Aktau - Türk Dünyasının Mədəniyyət Paytaxtı" layihəsi çərçivəsində "NOMAD PUPPET" I Beynəlxalq Kukla Teatrları Festivalında ölkəmizi layiqincə təmsil edib.

Teatrın Mətbuat xidmətindən aldığımız məlumata görə, Türk Dünyası Mədəniyyət Təşkilatı (TÜRKSOY) və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilati dəstəyi ilə türkdilli ölkələri bir araya gətirən ilk sənət bayramı öz işini uğurla yekunlaşdırıb. Festivalın "Milli ənənələrin qorunmasına görə" nominasiyasında qalib təmsilçilərimiz olublar. Həmçinin festivalda yüksək səviyyədə iştiraka görə, Azərbaycan Dövlət Kukla Teatrına TÜRKSOY-un Baş katibi Sultan Raev adından Təşəkkürnamə  təqdim edilib.

Məlumata əsasən, bütün qalib kollektivlər festivalın diplomları və pul mükafatları ilə təltif olunublar.

Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyət üzvləri qazax teatrsevərlər və münsiflər heyəti qarşısında tarixi irsimiz, soy kökümüzlə bağlı hazırlanan "Yalquzaq" tamaşasını təqdim ediblər.

Modern üslubda hazırlanan tamaşanın səhnə tərtibatında qum üzərində təsvirlər ön plana çıxır. Beləcə parket kuklalar (biri canlı plan olmaqla) və iri monitor vasitəsilə qum üzərində rəsmlərin sintezində vizual həllə nail olunub. Qeyd edək ki, yazıçı-dramaturq Məhbubə Hacıyevanın "Yalquzaq və Simurq quşunun nağılı" hekayəsi əsasında hazırlanan birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Anaxanım Abdullayeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadə, qum rəssamı Lalə Hüseynzadədir.

Tamaşada rolları Rəhim Rəhimov (Ata qurd), Ramiz Qəmbərov (Yalquzaq), Səbinə Məmmədova (Ana Qurd), Könül Nəsibova (Simurq quşu), Araz Həsənli (Baybora, Bala qurd) və Yasin Abbasov (Bala qurd) ifa edirlər.

Teatrın Mətbuat xidmətindən bildirilib ki, tədbirdə kukla teatrı üzrə əməkdaşlığın möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin inkişafı, kukla sənətinin təbliği və beynəlxalq səviyyədə tanıdılması məqsədilə memorandum imzalanıb: "Kukla teatr sənətində müasir tendensiyaların təşviq olunması, tamaşaların səhnə təqdimatları vasitəsilə unikal xüsusiyyətlərinin nümayiş etdirilməsi, gənc nəslin estetik təhsilinə töhfə verilməsi, kukla teatr sənətinin beynəlxalq nüfuzunun artırılması və effektiv istifadəsi kimi məqamları önə çıxaran sənəd sonrakı əməkdaşlıq üçün uğurlu təməl hesab oluna bilər".

Z.FƏRƏCOVA,

"Azərbaycan"

Избранный
45
6
azerbaijan-news.az

7Источники