RU

Evlərin sığortalanması məcburi olacaq - Bundan sonra...

Sahib Məmmədov: “Bu məsələdə ciddi düşünmək lazımdır, ona görə ki...” 

Azərbaycanda daşınmaz əmlakın məcburi sığortası haqqında qanun layihəsi hazırlanıb. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Türk Dünyası Sığorta Birliyinin 1-ci Assambleyasında deyib.

Onun sözlərinə görə, təşəbbüsdə əsas məqsəd fəlakətli risklərin dövlət üçün yaratdığı fiskal yükü azaltmaqdır (Report). “Bu sistemin tətbiqi fəlakətli risklərin sığorta şirkətlərinə və bütövlükdə sektora ötürülməsinə imkan verəcək. Buraya müntəzəm olaraq baş verən sosial risklər, o cümlədən yanğın və partlayışlar da daxildir. Əsas məqsəd bu risklərin nəticələrinin qarşısının alınmasıdır. Qeyd etmək istərdim ki, belə risklərin sığortası özlüyündə spesifikdir”, - Qurbanov qeyd edib.

Baş direktor həmçinin bildirib ki, Azərbaycanda zəlzələ risklərinin sığortalanması modeli sınaqdan keçirilir. Onun sözlərinə görə, zəlzələdən sığorta mexanizminin yaradılması üçün seysmik xəritələr və risk modelləri lazımdır: “Biz bu sahədə Türkiyə ilə əməkdaşlıq edirik. Artıq Türkiyədə istifadə edilən model əsasında Azərbaycan üçün xüsusi versiya hazırlanıb. Hazırda sınaqdan keçirilir. Model Azərbaycanda baş verə biləcək zəlzələlərin iqtisadi və maddi nəticələrini qiymətləndirməyə imkan verəcək və həm dövlət, həm də sığorta şirkətləri üçün daha dəqiq risk qiymətləndirməsini təmin edəcək”.

Bəs yeni qanun təsdiqdən keçə biləcəkmi? Keçərsə, işlək olacaqmı, əhali buna hazırdırmı?

Qeyd edək ki, əslində "Daşınmaz əmlakın icbari sığortası haqqında" Qanun qəbul edilib və qanunla nəzarət Mərkəzi Bank tərəfindən həyata keçirilir, yəni ciddi nəzarət mövcuddur. Lakin insanlar buna etimadsız yanaşır. Bakı şəhəri üçün sığorta haqqı 50 manatdır və təminat 25 000 manat təşkil edir. Sumqayıt, Gəncə və Naxçıvanda bu məbləğ 40 manatdır və təminat 20 000 manatdır. Digər bölgələr üçün isə sığorta haqqı 30 manat, təminat isə 15 000 manatdır. Yəni cəmi 50 manat ödəməklə, dəymiş ziyanın 25 min manatını sığorta şirkətindən geri almaq mümkündür.

Barassociation.az

Sahib Məmmədov

Əmək Hüquqları Liqasının sədri, iqtisadçı Sahib Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O da qeyd edib ki, "Daşınmaz əmlakın icbari sığortası haqqında" Qanun var, sadəcə, icra oluna bilmir: “Bunun da bir çox səbəbləri var. Əvvəla, Azərbaycanda bütün daşınmaz əmlak dövlət reyestrinə daxil olmayıb. On minlərə, bəlkə də yüz minlərlə qeydiyyatsız tikililər var. Xüsusilə kənd yerlərində və s. Bütöv qəsəbələr var ki, məsələn, kənd təsərrüfatı təyinatlı torpaqlarda və yaxud dövlət ehtiyacları üçün ayrılmış torpaqlarda, yaxud mədənlərdə tikilib, kommunikasiya xətlərinin altında, üstündə tikilib və onları reyestrə daxil edə bilmirlər. Bu səbəbdən onlar istənilən halda sığortadan kənarda qalacaq.

İkincisi, mövcud qanunda qiyməti bir milyon olan evə də, 15 min olan alaçığa da eyni sığorta alınır və sığorta hadisəsi baş verəndə eyni miqdarda vəsait ödənilməlidir. İndi onsuz da əmlak üzərində hüquqları həyata keçirərkən, tutaq ki, daşınmaz əmlak satılarkən və yaxud digər onun üzərində hüquqlar həyata keçirilərkən, sığortanın pulu məcburən ödətdirilir. İndi hansı yeni qanun, layihə qəbul olunacaq bilmirəm, amma insanlar var ki, pensiya ilə dolanır, kasıb adamdır və mənzili var, ona o pulu ödəmək çətindir və cərimələr də yığılanda onu ödəyə bilməyəcək, milyonlarla pullar alınacaq. Çünki hər bir aydan bir cərimə yenilənəcək, dövlət də axırda onu özü ödəməyə məcbur olacaq. Ona görə də burada ciddi düşünmək lazımdır".

Ekspertin fikrincə, bütün dünyada sığortanın prinsipi var və yalnız üçüncü şəxslər qarşısında məsuliyyətin sığortası icbari ola bilər: “Yəni mənim əmlakımdır, mənim canımdır, onun üzərində mən özüm sərəncam verirəm ki, onu sığortalayacam, ya sığortalamayacam, bunu mən özüm bilərəm. O başqa məsələdir ki, dövlət sığortaçı qismində çıxış edir, çox məsələlərdə kimin evi yanır, kimin evini sel aparır və yaxud digər qəzalar olur və dövlətdən tələb edir ki, mənim pulumu ödə. Əslində belə olmalı deyil. Hər kəs könüllü surətdə sığortalamalıdır, sığorta hadisəsi də baş verəndə dövlət deyil, sığorta onu verməlidir. Beləliklə, əgər könüllü deyilsə, onu məcbur etmək alınmayacaq”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Избранный
24
1
musavat.com

2Источники