RU

“Qərb”ə nə oldu?..

Amerika müttəfiqlərindən uzaqlaşdıqca, dünya daha az sülh gözləyir...

Müəllif Stüart Patrik, Karnegi Fondunun “Beynəlxalq sülh üçün dünya nizamı və institutlar” proqramının direktoru və aparıcı elmi əməkdaşı

Məqalə Foreign Affairs jurnalında dərc olunub

Son illərdə “postqərb dünyası” ifadəsi geniş yayılıb. Bu ifadə adətən Qərbdən kənarda yeni güc mərkəzlərinin yaranmasını vurğulamaq üçün ilk növbədə Çin, həmçinin Braziliya, Hindistan, İndoneziya, Türkiyə, Fars körfəzi dövlətləri və başqaları işlədilir. Amma “digərlərin yüksəlişi” ilə paralel daha az diqqət çəkən, lakin bir o qədər də əhəmiyyətli bir proses də baş verir: Qərbin özünün parçalanması. Geosiyasi anlamda Qərb artıq uzun müddətdir sarsılır, Donald Trampın ABŞ prezidenti kimi ikinci dönəmi isə bu prosesə həlledici zərbə vurur.

İkinci Dünya müharibəsindən sonra iqtisadi cəhətdən inkişaf etmiş demokratiyaların vahid klubu liberal, qaydalara əsaslanan dünya nizamının dayağı olmuşdu. Onları birləşdirən yalnız ortaq təhlükə anlayışı deyildi, həm də açıq cəmiyyətlər və azad ticarətə sadiqlik, bu sistemi müdafiə etmək üçün kollektiv iradə idi. Onun nüvəsini ABŞ və Kanada, Böyük Britaniya, Avropa İttifaqı ölkələri, həmçinin Asiya-Sakit okean regionunda ABŞ ilə müttəfiq olan dövlətlər, Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreya təşkil edirdi. Soyuq müharibə illərində Qərb “azad dünyanın” mərkəzi idi. Amma SSRİ dağıldıqdan sonra da Qərb qorundu və hətta genişləndi, NATO və Aİ-nin genişlənməsi ilə keçmiş sovet bloku və bəzi postsovet respublikaları da daxil oldu.

Son 80 ildə Qərb ölkələri bir çox institutlar quraraq ortaq məqsədləri reallaşdırdılar: NATO, “Böyük yeddilik” (G7), Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD). Daha geniş formatlarda da əməkdaşlıq edirdilər - BMT və onun agentlikləri, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Ticarət Təşkilatı və G20.

Tarix boyu böhranlar bu həmrəyliyi sınayıb: 1956-cı il Süveyş böhranı, 1960-cı illərdə Şarl de Qollun NATO-nun hərbi strukturuna meydan oxuması, 1971-ci ildə Niksonun dolları qızıldan ayırması, 1980-ci illərdə Avropadakı raket böhranı, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi. Amma bu epizodların heç biri Qərbin birliyinə Trampın ikinci dönəmi qədər zərbə vurmamışdı. O, xarici siyasətdə, iqtisadiyyatda və milli təhlükəsizlikdə açıq şəkildə “Amerika hər şeydən öncə” kursunu izləyir. ABŞ-ın qlobal liderliyi, beynəlxalq hüquq və insan haqları onun gündəmində ön planda deyil. O, müttəfiqləri və çoxtərəfliliyi açıq şəkildə görməzdən gəlir, demokratiyanın və liberal dəyərlərin təşviqi imkanlarını dağıdır. ABŞ-ın açıq ticarət, maliyyə sabitliyi, iqlim dəyişikliyi ilə mübarizə, qlobal səhiyyə təhlükəsizliyi və nüvə silahlarının yayılmaması kimi beynəlxalq öhdəliklərdəki rolu da onun siyasətində arxa plana keçib.

Bu kurs müttəfiqləri şoka salıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu ilin aprelində acı etiraf etdi: “Bizim tanıdığımız Qərb artıq mövcud deyil”. Avropa və digər liderlər iyun ayında G7 və NATO sammitlərində Trampı razı salmaq üçün çalışsalar da, bu sözlər reallığın əksidir: bu dəfə hər şey həqiqətən fərqlidir. Qərbin dağılması qaydalara əsaslanan beynəlxalq düzənin tarixi dayağını itirməsi deməkdir. Liberal ideyalar universallığa əsaslanırdı, amma Trampın təbliğ etdiyi “sivilizasiyalı Qərb” etnik-mədəni kimlik və “digərlərə” qarşı qorxu üzərində qurulur. Bu isə liberal prinsiplərin zəifləməsi və avtoritar dövlətlərin daha çox təsir imkanı qazanması ilə nəticələnir.

Soyuq müharibə dövründə Qərb vahid geosiyasi subyekt idi. ABŞ-ın planı əvvəldə universal, çoxşaxəli sistem qurmaq idi, lakin SSRİ ilə qarşıdurma Vaşinqtonu “iki dünya” reallığına gətirdi. ABŞ yalnız “sovetsiz dünyanı” birləşdirərək siyasi, iqtisadi və hərbi blok yaratmaq yolunu seçdi. Beləliklə, Qərb NATO, Avropa inteqrasiyası və OECD ilə institusional bünövrə qazandı. Bu, “dünya nizamının içində nizam” idi: liberal demokratiyaların klubu, hansı ki, sonradan Yaponiyanı da öz sırasına qəbul etdi. Bu birlikdə ortaq dəyərlərə sadiqlik müharibəni aralarında mümkünsüz etdi.

ABŞ-ın liderliyi “dəvət olunmuş imperiya” idi — müttəfiqlər Vaşinqtonun hegemonluğunu qəbul edirdilər. Soyuq müharibədən sonra da Qərb dağılıb getmədi, əksinə, genişlənmə gözləntiləri vardı. Amma “Qərbin universallaşması” baş vermədi, əksinə, “qalanların yüksəlişi” başladı. 11 sentyabr hücumları, terrora qarşı müharibə, miqrasiya böhranları və populist reaksiyalar Qərbin daha çox “sivilizasiya” kimi təsəvvür olunmasına gətirdi.

Trampın ilk prezidentliyi zamanı institutlar onu müəyyən qədər məhdudlaşdırırdı. O zaman Polşada çıxışında “əsas sual Qərbin yaşamaq iradəsinin olub-olmamasıdır” demişdi. İkinci müddətində isə artıq o, Qərbi liberal prinsiplər əsasında yox, etno-sivilizasiyalı birlik kimi təqdim edir. ABŞ-da və Avropada güclənən sağ populist qüvvələr də bu anlayışı dəstəkləyir.

G7 bu böhranın qurbanlarından biri olub. 1970-ci illərdən bəri Qərb həmrəyliyinin simvolu olan bu klub indi “G6+1” kimi adlandırılır. ABŞ-ın ayrı-seçkiliyi və proteksionist addımları onun əvvəlki funksiyasını zəiflədir. Avropa İttifaqı və digər müttəfiqlər isə yeni tərəfdaşlıqlar axtarır: Braziliya, Hindistan, İndoneziya, Cənubi Afrika ilə əməkdaşlıqlar genişlənir.

Bütün bunlar Qərbin tarixən qazandığı ən böyük üstünlüyü, üzvlərinin bir-birilə müharibə etməməsi prinsipini əvəz edə bilmir. Qərbin dağılması beynəlxalq münasibətlərin daha gərgin, daha az əməkdaşlığa əsaslanan və daha çox qarşıdurmaya meyilli olacağı deməkdir.

Poliqon.info

Избранный
23
poliqon.info

1Источники