Tarixdə ilk dəfə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti postuna qadın namizəd olacaq.
90deqiqe.Az-ın məlumatına görə, bu, isveçrəli pilot Laura Villarsdır. 28 yaşlı sürücü dekabrın 12-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürdüyünü açıqlayıb.
Villars çıxışında bildirib ki, məqsədi federasiyanı daha demokratik, şəffaf və hesabatlı idarəçilik modelinə gətirmək, həmçinin qadınlar və yeni nəsil üçün daha açıq bir quruma çevirməkdir:
“FIA yenidən klubların və lisenziya sahiblərinin federasiyasına çevrilməlidir. Mən qəti şəkildə inanıram ki, bu idman növü bütün dünyada gənc nəsilləri ruhlandırmaq üçün müxtəliflik və innovasiyalara ehtiyac duyur”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Laura Villars karyerası ərzində “Ultimate Cup Series F3R”, F4 BAE, “Ferrari Challenge Europe” və “Ligier European Series” yarışlarında iştirak edib.
Hazırda FIA-ya Mohammad ben Sulayem rəhbərlik edir.