Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, TƏBİB-in, Bakı Şəhər Baş Polis İdarəsinin, Parkın əməkdaşlarının, Azərbaycan Respublikası Kəndirlə Mübarizə və Atletika federasiyalarının dəstəyi ilə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunmasının 131-ci ildönümünə həsr olunmuş "Olimpiya günü" tədbiri təşkil olunub.
90deqiqe.Az-ın məlumatına görə, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə “Olimpiya günü”nün Beynəlxalq Olimpiya Komitəsi (IOC) tərəfindən təsis edildiyini və bu əlamətdar günün bütün dünyada qeyd olunduğunu bildirib. O, bu tədbirin Azərbaycanda uzun illərdir təntənəli şəkildə keçirildiyini söyləyib. MOK rəsmisi tədbirdə müxtəlif idman növləri üzrə yarışların baş tutacağını da deyib.
Rəsmi çıxışdan sonra tədbir bədii hissə ilə davam edib.
Sonra qaçış və kəndirdartma üzrə yarışlar start götürüb. Yüksək nəticə göstərən idmançılar medal və diplomlarla təltif olunublar.
Qeyd edək ki, Azərbaycan müstəqil dövlət olaraq Olimpiya hərəkatına 1992-ci ildən qoşulub. Ölkəmizdə bu sahənin sürətli inkişafı 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçilən dövlət başçısı İlham Əliyevin adı ilə bağlıdır. İdmançılarımız Paralimpiya, Qış Olimpiya Oyunları, Yeniyetmələrin Yay və Qış Olimpiya Oyunları, Avropa Oyunları, Avropa Gənclərinin Yay və Qış Olimpiya festivalları və İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak edirlər.