Ermənistanın baş naziri Nikol Paşinyan impiçmentlə təhdid edilir. Hökumət başçısı beynəlxalq dəstək alır, amma müxalifət milli maraqlara xəyanət etdiyini iddia edərək onun istefasını tələb edir. Paşinyanın rəqibləri hesab edirlər ki, o, indi hakimiyyətdən uzaqlaşdırılmasa, yayda keçiriləcək parlament seçkilərinə qədər Ermənistanı məhvə sürükləyəcək. Bunların fonunda Paşinyanın impiçmenti ilə bağlı layihə qəbul edilib.
Layihənin təşəbbüskarı keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi “Şərəfim var” fraksiyasıdır. Fraksiya parlamentə “Milli böhran və dövlət idarəçiliyinin səmərəsizliyi səbəbindən baş nazirə etimad göstərilməməsi” haqqında bəyanat layihəsi təqdim edib.
Prosedura görə, parlament bu layini müzakirəyə çıxarmalı və səsverməyə qoymalıdır. Lakin layihənin qəbul ediləcəyi gözləntisi azdır. Çünki parlamentdə əsas səs çoxluğu Nikol Paşinyanın rəhbərlik etdiyi partiyaya aiddir. Bununla yanaşı, Ermənistan müxalifəti, xüsusilə Robert Köçəryan impiçment layihəsinin effektsiz olacağını əsas gətirərək, Sarkisyana qoşulmaqdan imtina edir. Əvəzində Paşinyana ABŞ-dan dəstək müxalifəti daha zəif duruma salır. Belə bi vaxtda ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” sosial media hesabında Azərbaycan və Ermənistan liderlərinin fotosunu yerləşdirib. Tramp iki respublika arasında müharibənin sona çatmasına kömək etməkdən və bu böyük liderlər və insanlarla dostluq etməkdən şərəf duyduğunu bildirib: “Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək, eyni zamanda, bu iki böyük lider prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla dost olmaq şərəfdir. Bu, mənim üçün, amma daha da önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq”. Azərbaycan prezidenti İlham Əliyev ABŞ-dan olan həmkarına “Truth Social” sosial şəbəkə hesabında paylaşımına görə təşəkkür edib. Dövlət başçısı bu barədə X sosial şəbəkə hesabında yazıb: “Prezident Donald Tramp, təşəkkür edirəm, “Truth” sosial hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm”. Dövlət başçısı vurğulayıb ki, Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarıdır: “Dostluğumuza böyük önəm verirəm”. Nikol Paşinyan Donald Trampın yazısına cavab olaraq sosial şəbəkə hesabında yazıb: “Prezident Donald Tramp, Azərbaycanla indiyədək heç kimin əldə etmədiyi bu tarixi razılaşmaya vasitəçilik etdiyiniz üçün bir daha təşəkkür edirəm. Mən sülhün daha da institusionallaşdırılmasına və TRIP-in həyata keçirilməsinə sadiq olduğumu bir daha təsdiq edirəm”. Bu fonda rəvanda heç də hamı uğurla irəliləyən sülh danışıqlarının gedişinə müsbət yanaşmır. Xüsusən də “Şərəfim var” müxalifət bloku Paşinyanın gələn ilin yayında keçiriləcək parlament seçkilərinə qədər düzəlməz bir cinayət törədəcəyini əsas gətirərək, onun tez bir zamanda istefasını tələb edib.
Bununla belə, yixarıda qeyd edildiyi kimi Paşinyanın impiçmentini təşkil etmək çətin olacaq. “Şərəfim var” Ermənistan parlamentində altı deputatla təmsil olunur və fraksiyasına 28 deputatın daxil olduğu digər müxalifət bloku “Hayastan” onları dəstəkləməyə hazırdır. Lakin təşəbbüsün gündəliyə daxil edilməsi üçün 36, onun istefasını təsdiq etmək üçün isə 54 səs lazımdır. Politoloq Qrant Mikaelyan hesab edir ki, “Şərəfim var” ən yaxşı halda onun təklifi ilə bağlı parlamentdə müzakirə apara biləcək və özü də yalnız iki müstəqil deputatın iştirakı ilə mümkün olacaq: “Hakim “Vətəndaş Müqaviləsi” partiyası parlamentdə üçdə iki səs çoxluğuna malikdir, ona görə də Paşinyan üçün heç bir təhlükə yoxdur. Üstəlik, parlament müxalifəti çətin günlər yaşayır. Onların elektoratı mahiyyət etibarı ilə öz partiyasını yaradan Samvel Karapetyana keçib. Sosioloqların fikrincə, bu siyasi qüvvə artıq “Vətəndaş Müqaviləsi” ndən sonra ən populyar ikinci partiyadır”. Ekspert eyni zamanda müxalifətin məhz nədən qorxduğunu açıqlayıb: “İlk növbədə, Paşinyan seçkilərə qədər Azərbaycanla sülh müqaviləsi imzalaya, bu ölkəyə Naxçıvana dəhliz verə bilər. Bu arada artıq məlumdur ki, ATƏT-in Minsk qrupu buraxılacaq, beynəlxalq qurumlar isə artıq Azərbaycan hakimiyyətinin yanaşması qarşısında geri çəkiləcək. Ermənistanda müxaliflərin həbsi Vaşinqton sammitinə hazırlıqla bağlı idi, Paşinyan əvvəlcədən etiraz aksiyaları təşkil edə biləcək hər kəsi zərərsizləşdirməyə çalışdı. Bundan başqa, Mərkəzi Bankın sədri Martin Qalstyan hökumətə ortamüddətli perspektivdə hərbi xərclərdən çəkinməyi tövsiyə edib, çünki büdcə kəsirinin 4,5%-lik hədəfdən artıq 5,5% olduğunu nəzərə alsaq, bu, daxili tələbata təzyiqi artıra bilər. Məsələn, Paşinyan seçkilər ərəfəsində bununla elektpratı şirnikləndirilə bilər. Seçici dəstəyini təmin etmək üçün siyasətçilər tez-tez dövlət sektorunda çalışanlara bonuslar paylayır və ya maaşları artırırlar”. Eyni zamanda Qalstyan qeyd edib ki, ABŞ-ın “Tramp yolu” layihəsinə ayırdığı 145 milyon dollar kifayət qədər kiçik məbləğdir və tikintiyə ciddi təsir göstərməyəcək: “Buna baxmayaraq, Paşinyan Amerikanın maliyyələşdirməsini alqışladı. Bu o mənada müsbət qarşılanır ki, gələcəkdə blokadanın götürülməsi ilə bağlı xəbərlərin gəlməsi və sülh sazişinin öz məntiqi yekununa çatması mümkündür ki, bu da biznes mühitini xeyli yaxşılaşdıracaq. O səbəbdən erməni müxalifəti uduzur, Paşinyan Azərbaycanla, Türkiyə ilə münasibətlərdə yeni səhifə açmağa can atır”.
Tahir TAĞIYEV