RU

Starmer və Tramp Fələstinin tanınması barədə fikir ayrılığı yaşayır

London, 18 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp Çekersdə birgə mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırıblar.

AZƏRTAC xəbər verir ki, Kir Starmer Fələstin dövlətini tanımaq planı barədə suala cavab verib. Donald Tramp bu məsələ ilə bağlı Kir Starmerlə fikir ayrılığı yaşadığını deyib.

Baş nazir çıxışında sülhün vacibliyini və müharibənin dayandırılması üçün yol xəritəsinin hazırlanmasının gərəkliyini vurğulayıb. O əlavə edib ki, Qəzzada saxlanılan girovlar azad edilməli və humanitar yardım bölgəyə çatdırılmalıdır. “Tanıma məsələsinə də bu kontekstdə baxmaq lazımdır,” – deyə Starmer bildirib.

Donald Tramp isə Qəzzada HAMAS tərəfindən saxlanılan girovların dərhal azad edilməsini istədiyini bildirib. O, 7 oktyabr hadisələrini dünyanın ən dəhşətli və zorakı günlərindən biri adlandıraraq deyib: “Mən bunun sona çatmasını istəyirəm… Düşünürəm ki, hər şey qaydasına düşəcək, amma bu, çox amansız dövr idi”.

Mətbuat konfransında tərəflər Fələstin dövlətinin tanınması məsələsində açıq şəkildə fərqli mövqedə dayansalar da, mübahisəni dərinləşdirməkdən çəkiniblər. Starmer diqqətlə ifadə edərək Trampı narazı salmamağa çalışıb. Tramp isə bu məsələdə Baş nazir ilə razılaşmadığını deyib.

“The Times” qəzetinin məlumatına görə, Baş nazir Starmer Fələstin dövlətini rəsmi şəkildə həftəsonu tanımağı planlaşdırır. Bu qərarın Trampın dövlət səfəri başa çatdıqdan sonra elan ediləcəyi bildirilir. Qəzet yazır ki, bunun əsas məqsədi Starmerin addımlarının əsasən ticarət yönümlü ABŞ səfərinin üzərinə kölgə salmamasıdır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
9
azertag.az

1Источники