Tarix istənilən xalq və dövlət üçün obyektiv yaddaş mənbəyidir. Nə yüzilliklər, nə də fərqli ictimai-siyasi quruluşlar tarixi həqiqətləri dəyişə bilmir. Bəzən tarixi saxtalaşdırmaq cəhdləri müəyyən təhrifetmələrə nail olsa da, bu, uzun sürmür və çox qısa müddətdə saxtakarlıq üzə çıxır, ona imza atanlar isə ifşa edilir. Nəticədə belələri beynəlxalq müstəvidə siyasi çəkisini və ictimai etimadı itirmək təhlükəsi ilə üz-üzə qalır.
Keçmiş Minsk qrupunda təmsil olunan vasitəçilər üçlüyü 28 il ərzində Azərbaycanı inandırmağa çalışırdı ki, Ermənistanın işğalı və torpaqlarımızın itirilməsi reallığı ilə barışmaqdan başqa çıxış yolumuz yoxdur. Ayrı-seçkiliyi təşviq edən ikili standartlar yanaşması və siyasi riyakarlıq elə həddə çatmışdı ki, başqa coğrafiyalarda eyni mahiyyətli münaqişələrə münasibətdə qarşıdurma mövqeyində dayanan vasitəçilər, Qarabağ məsələsinə gəldikdə, vahid anti-Azərbaycan mövqeyindən çıxış edir, açıq-gizli şəkildə işğalçıya və erməni separatçılığına faktiki havadarlıq edirdilər: biri hərbi, digəri maliyyə, üçüncüsü isə siyasi dəstək verirdi. Bununla Azərbaycanın ictimai rəyinə məqsədli şəkildə o aşılanırdı ki, guya müqavimətin heç bir uğurlu gələcəyi yoxdur.
44 günlük Vətən müharibəsi və üç il sonrakı birgünlük antiterror əməliyyatı məhz bu cür məkrli plan və niyyətləri iflasa uğratdı. Azərbaycan sübut etdi ki, xalqın birliyi təmin olunduqda və ona rəhbərlik edən Lider böyük güclərin qarşısında əyilməz iradə nümayiş etdirdikdə, ədalət gec-tez zəfər çalır. Vaxtilə işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında qərəzli şəkildə bərabərlik işarəsi qoyanlar belə, bu gün tarixi ədalətin bərpası və beynəlxalq hüququn təntənəsi ilə hesablaşmağa məcburdur. Zəfərimiz bədxahlarımızın ürəyincə olmasa da, hətta onlar “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamında təsbit edilən tarixi həqiqəti görməzdən gələ bilmirlər. Həmin sənədin preambulasında deyilir: “Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.
Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Onların xatirəsi tarixi yaddaşımızda və hər birimizin qəlbində əbədi yaşayacaq. Yaşatmalı olduğumuz həqiqətlərdən biri də onunla bağlıdır ki, son iki əsrlik tariximizdə ərazi itkilərimizin və digər uğursuzluqlarımızın başlıca səbəblərindən biri də xarici təhdidlər qarşısında xalqımızın bir araya gələ bilməməsi, xüsusən kənardan idarə edilən təxribatlara uyaraq daxildə parçalanması ilə bağlı olub. Təəssüf ki, zaman-zaman daxili faktorlar da bu parçalanmada əhəmiyyətli rol oynayıb. Xüsusilə, AXC-Müsavat cütlüyünün ölkəmizə 11 aylıq rəhbərliyi dövründə cəmiyyətimizin üzləşdiyi özbaşınalıq, şahidi olduğumuz hakimiyyət səriştəsizliyi, hüquq-mühafizə orqanları arasında hərc-mərclik və mənəm-mənəmlik “xəstəliyi”, xarici təhdidlər qarşısında ozamankı iqtidarın qətiyyətsiz və qeyri-peşəkar qərarları xalqımızın qələbəyə və ədalətə olan inamını sarsıtmaya bilməzdi. O dövrdə cəmiyyətin parçalanmasının, pərən-pərən düşməsinin və kütləvi ümidsizliyə dücar olmasının əsas səbəblərindən biri də hakimiyyətdəkilərin əməldə yox, sözdə “qəhrəman” olması ilə bağlı idi.
Tarix həm də buna görə ibrət mənbəyidir. O, keçmişdəki səhvləri təkrarlamamaq üçün ən doğru və uğurlu seçim yolunu göstərən məktəbdir. Müasir Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün uzun onilliklər ərzində beynəlxalq hüququ heçə sayan güc mərkəzlərinin çoxsaylı təxribatına, təzyiq və şantajına, çirkin məqsəd və planlarına sinə gərməli olub. Prezident İlham Əliyev elə bu gerçəkliyi nəzərə alaraq, avqustun 14-də Qarabağda keçmiş məcburi köçkünlər qarşısında çıxışı zamanı ümumxalq birliyinin Qələbəmizdə nə qədər böyük rol oynadığını xüsusi qeyd etdi: “Ancaq Ermənistan tərəfi, onun arxasında duranlar başqa fikirdə idilər. Yəni, onlar torpağımızı geri qaytarmaq fikrində deyildilər. Onlar və onların arxasında duranlar, böyük dövlətlərin rəhbərləri onlara ürək-dirək verərək elə bil ki, bu işğalı daimi etmək istəyirdilər. Amma bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının iradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı və xalqımızın birliyidir. Onu hesablaya bilməmişdilər… 44 gün və bir gün-heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır”.
2023-cü ilin birgünlük antiterror əməliyyatından sonra müstəqil Azərbaycanın Dövlət Bayrağı artıq iki ildir ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri üzərində də dalğalanır. 20 sentyabr Dövlət Suverenliyi Günü olmaqla yanaşı, Azərbaycan Prezidentinin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə həmin gün həm də Xankəndi, Xocalı, Xocavənd və Agdərə şəhərləri Günü kimi tariximizə həkk olunub. Bu reallıq Zəfər salnaməmizin elə şanlı səhifəsidir ki, milli kimliyimizə və dünya xalqları arasında ləyaqətli duruşumuza bundan böyük töhfə ola bilməzdi. Tarix bütün xalqlar üçün, həqiqətən, ibrət məktəbidir. Ondan nəticə çıxarılmalı olan ən böyük dərslərdən biri də bununla bağlıdır ki, dövlətin başında xalqın tərəddüdsüz etimad göstərdiyi güclü və qətiyyətli Lider olmasa, Qarabağ Zəfəri kimi tarixi uğurlar əldə edilə bilməz. Cənab Prezident çıxışlarında təvazökarlıq göstərərək bu məsələnin üzərindən sükutla keçir. Böyük dövlət xadimi Uinston Çörçillin bununla bağlı dahiyanə bir fikri var. O, vaxtilə belə deyirdi: “Keçmişini unudan xalq, öz gələcəyini sərf edib”. Ona görə də Azərbaycanın dövlət və milli maraqlarının qorunması, ərazi bütövlüyü və suverenliyinin bərpası naminə canlarından keçmiş şəhidlərimizi, sağlamlığını itirən qazilərimizi, qəhrəman Ordu mənsublarımızı və böyük güclərin, xarici aktorların kimliyindən, siyasi çəkisindən asılı olmayaraq, qarşılarında bu gün də ləyaqət və qətiyyətlə dayanan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi xidmətlərini nə indiki, nə də gələcək nəsillər unutmamalıdır.
Tarixi yaddaşımızın qorunması üçün bu ifadədə gizlənən başqa bir həqiqəti də unutmamalıyıq. “Yaddaş” sözü hecaya bölündükdə, “yad daş” mənasını verir. Çoxəsrlik tariximizdə Azərbaycan dövlətçiliyini, onun müstəqilliyini və milli-mənəvi dəyərlərimizi təhdid edən “yad daşlar” az olmayıb. Belələri indinin özündə də yenidən tariximizə, həyatımıza sırınmaq cəhdlərindən əl çəkmək istəmir, nəyin bahasına olursa-olsun tarixi Vaşinqton razılaşmalarını pozmağa və sülh gündəliyinə kölgə salmağa çlışırlar. Bu cür təhlükələrin qarşısını yalnız xalqımızın birliyi, cəmiyyətin monolitliyi və qürur duyduğumuz Lider qətiyyəti ilə ala bilərik. Tarixdən çıxarmalı olduğumuz dərslərdən və həqiqətlərdən biri də elə budur!
Ülvi Quliyev
Milli Məclisin deputatı