RU

Nadir Nəbiyev: “Öz məşqçilərimizə güvənmək və dəstək vermək lazımdır” - MÜSAHİBƏ

Azərbaycan yığmasının sabiq hücumçusu Nadir Nəbiyevin Futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinə qələbə ilə başlayacağını gözləyirdiniz? “Benfika” 2 top fərqi ilə önə keçəndə ağlınızdan komandamızın böyükhesablı məğlubiyyətlə üzləşəcəyi ehtimalı keçdimi?

– Rəqib oyuna daha yaxşı başladı. İlk 15 dəqiqədə iki top fərqi olanda istər-istəməz bir az fərqli düşünməyə başlayırsan. Amma “Qarabağ” oyunun gedişatını dəyişə bildi.

– Sizcə, “Qarabağ” Lissabonda nəyin, hansı komponentlərin hesabına geridönüş etməyi bacardı?

– “Qarabağ” hesabda geri düşsə də, oyun nizam-intizamını pozmadı və topa daha çox sahib olmağa çalışdı. Bundan əlavə, rəqibin müdafiə xəttində olan boşluqlardan maksimum istifadə etdi.

– “Benfika” ilə qarşılaşmada “Qarabağ”ın heyətində ən çox kimin və ya kimlərin oyununu bəyəndiniz?

– Bu görüşdə komanda o qədər yaxşı oynadı ki, hər hansı bir futbolçunu fərqləndirmək çətindir. Əgər mütləq bir nəfərin adını deməliyəmsə, Marko Yankoviçi qeyd edərdim.

– “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hücumun sivri ucunda yeni transfer Kamilo Durana şans vermişdi. Keçmiş hücumçu olaraq, onun çıxışından tam razı qaldınız?

– Kamilo Duran sürətli və texnikalı futbolçudur. “Benfika” ilə görüşdə yaxşı təsir bagışladı. Komandaya tam uyğunlaşdıqdan sonra daha yaxşı oyun göstərəcəyinə inanıram.

– Aydın məsələdir ki, bu qələbədən sonra Liqa mərhələsindəki rəqiblər “Qarabağ”a daha ciddi yanaşacaqlar. Təmsilçimizdən qarşıdakı 7 matçda neçə qələbə, neçə xal gözləyirsiniz?

– Həqiqətən də, “Benfika” ilə oyundan sonra “Qarabağ”ın işi daha çətin olacaq. Konkret say demək çətindir. Amma inanıram ki, komanda gözləniləndən daha çox xal toplayacaq.

– Azərbaycan yığmasının sabiq üzvü olaraq, milli haqda da fikriniz maraqlıdır. Ukrayna ilə heç-heçədən sonra əksəriyyət yığmamızı yerli məşqçinin çalışdırmalı olduğu qənaətindədir və hazırda bir neçə məşqçinin adı çəkilir. Sizə görə, ən doğru qərar Ayxan Abbasovla yola davam etməkdir, yoxsa başqa yerli məşqçinin təyinatının tərəfdarısınız?

– Mən həmişə milli komandalarda yerli mütəxəssislərin işləməsinin tərəfdarı olmuşam. Ayxan Abbasov göstərdi ki, bizim öz məşqçilərimizə güvənmək və dəstək vermək lazımdır. Ad çəkməyim düz olmaz, amma mənim də millidə görmək istədiyim məşqçilər var.

İdman.biz

Избранный
11
1
idman.biz

2Источники