RU

Qənirə Paşayeva lirikasında

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Zaman ədalətli deyil, Bir az xeyirxahdır, vəssalam...” – gerçəkliyinə əmin olaraq, zamanın fövqündə ömür sürmək, qələbəsi idi Qənirə Paşayevanın. O qədər çoxmissiyalı həyat yaşadı ki, bəzən gözümüzün qarşısında olanlara da inanmaq çətin gəlirdi. Bütün çoxşaxəli fəaliyyətinə baxmayaraq, Qənirə xanım yazmaq missiyasını da layiqincə yerinə yetirmişdi. İstər lirikasına, istərsə də nəsr əsərlərinə nəzər saldıqca insanı heyrət bürüyür. Yazdıqlarına əsaslansaq, o, bu dünyaya bir şair, ya da bir nasir olmağa gəlmişdi. Amma...

1975-ci ildə doğulan uşaq 1980-ci ildə orta məktəbə qədəm qoyur. Yaşını özünüz hesablayarsınız. Həmin uşaq 1991-ci ildə ali məktəbə qəbul olur. Yenə də neçə yaşında tələbə adını qazandığını özünüz hesablayarsınız. Sadəcə bu iki fakt kifayət edir ki, onun zamanla necə yarışdığını etiraf edək.

“Ömrümüz yaşayaraq gözləməkdən, gözləyərək yaşamaqdan və qəfil bir sondan ibarətdir... Vəssalam...” – bilmirəm bu gerçəkliyə nə vaxt vaqif olmuşdu, amma dedikləri ilə elədikləri bir-birini himayə edirdi. Tibb təhsili almaqla gələcək planlarında seçim də eləmişdi. Lakin biz onu jurnalist fəaliyyəti ilə tanıyıb sevdik. İxtisası üzrə xidməti isə Somalidə iki həftə uşaqların həyatını xilas edəndə yadımıza düşdü. Tibb ixtisasının sahibi, jurnalistikanın isə peşəkarı. Ürəyinin dərinliklərində şair ruhu daşıyan bir insan...

“Eşqin insanı necə dəyişdirdiyini, tamam başqa bir insana, daha doğrusu, adamı insana necə çevirdiyini yaşadınızmı?!” - sualının ritorik olduğunu bilirdi, həm də özü yaşayıb bildiyi şeyin sorğusunu aparırdı. Eşq, onun lirikasının eşqidir. “Bir müəmmadır, Çözə bilənə Eşq olsun!” – devizini irəli sürmüşdü. Eşqə dair çox çək-çevirlər etmişdi. “Ən gerçək aşiqdir günəbaxan – qarşılıqsız, təmənnasız, sonsuz və dəlicəsinə sevir Günəşi o...” - Sevginin təmənnasız olmağı nə qədər möhtəşəmdirsə, qarşılıqsız olmağı o qədər üzücüdür. Bu üzüntünün əsl formulunu özü mükəmməlcəsinə verir: “Qarşılıqsız eşq yaşayanlar sanki sevdiyinə çevrilir və özü də özünü sevməməyə başlayır”. Sevdiyinə çevrilmək, klassik sufizmdən üzü bəri ümumşərq təfəkküründə kök salıb. Həqiqət mərhələsinə çatan insan özünü sevməyəndə başqasını sevdiyinə şübhə etmir. Sevilməyin başqasının ümidinə qaldısa, qətl fərmanın hazırdır: “Mən qatilimi sevdim, Kimsə xilas edə bilməz məni”. Xilasına çalışmayan biri məğlubiyyətlə də barışmaz: “Nifrətimizə belə layiq olmayan bir insan varsa, onu sevgi, sayğı ilə mükafatlandırmayın... Sevgiyə, sayğıya haqsızlıq olar...” Hər şeyə qarşı haqlı davranmaq, haqsızlığa qarşı dirəniş göstərmək hər insan oğluna nəsib olmur. Qənirə xanım isə dediyinə əməl etməyi sevirdi. Beş çağırış Milli Məclisin deputatı oldu, onu sevənlərə, sayğı göstərənlərə qayğısını əsirgəmədi. Rəsmi vəzifəsi onun üçün bir missiya idi. O, insanlara xidmət etməkdən zövq alırdı. Onun məmurluğunda da sevgiyə tapınma əsas idi:

“Bu dünya nə zaman düzələcək?”

Deyənlərə cavab:

- Dünyanı qorxu deyil,

Sevgi idarə edəndə!

İnanırdı bu həqiqətə. İnandığı üçün də uğrunda yorulmadan mübarizə aparırdı. Mübarizliyinə xələl gəlməsin deyə yuxusuz gecələrini yalnız qələminə etiraf edirdi: “Yuxu gözümdən yaman küsüb... Heç cür barışmaq istəmir...” Bu fədakarlığın rəsmidir. Başqalarının problemlərinin həllinə çalışdıqca öz gözlərinin yatmaq haqqı olduğu da yaddan çıxır. Həll etdiyin hər problemin sənin iliyinə işlədiyini, qanına hopduğunu fərq etmirsən. Sadəcə ümid edirsən, ümid edirsən ki, bütün yaxşılıqlarının qarşılığını alacaqsan. Lakin“Ümid” ... “Acı”lar içərisində olan birinin acılarını azaltmır... əksinə zaman-zaman onu daha da artırır və davamlı edir... “Acı” isə “Ümid” doğurur hər zaman...” Ümid ümidsizliyin özündə belə bir təsəlli tapır: “Gerçəkdən də bu dünyada nəyi çox istəsən o sənin imtahanındır...” Yaşadıqlarımıza da, yaşaya bilmədiklərimizə də imtahan damğası vurub özümüzü ovundurmağa bir şey tapırıq. Lakin özünü aldatmaq həmişə zəfərlə yekunlaşmır, həqiqəti söyləməyi daha böyük qələbə bilirsən: “Mən heç vaxt xoşbəxt olmadım, Amma xoşbəxt görünməyi bacardım” və ya “Xoşbəxtlik aradım, tapa bilmədim, Bir qıraqdan baxıb, xoşbəxt sandılar...” Mücərrədliyi qədər də əlçatan olan bu xoşbəxtliyi tanrı bəzən elə şəxsiyyətlərdən əsirgəyir ki, ilahi ədalətsizlik əsl xoşbəxtlik yaşayır. Haqqı olan isə hər varianta əl atır:

Xoşbəxtliyi çox bilməkdə

çox öyrənməkdə axtardım,

daha çox bilmək, daha çox öyrənmək istədim...

Bildikcə

anladıqca, mutluluq deyil,

əzablar çoxaldı...

Bu da bədbəxtliyin bir ayrı tərənnümüdür. Xoşbəxtlik sənə üz verməyəndə, sən ona yol verirsən. Onu hədəf seçmirsən, lakin hədəfi olmaq üçün də vuruşursan. Bir xoşbəxtlik istəyirsən, qarşılığında həyatın əsl üzünü görürsən: “Həyat elə qəddardı ki, qurduğum xəyalların qırıqlarını toplamalı oldum hər zaman...” Kənardan baxanda bütün arzularına qovuşmuş sandığımız Qənirə xanım... 30 yaşında deputat seçilmiş, Milli Məclisin Mədəniyyət komitəsinin sədri vəzifəsinə qədər yüksəlmiş bir insanın daxili təbəddülatları... Bütün bunlar tale idimi, yoxsa zəhmətin bəhrəsi? Özünün təbirincə desək, “Sözdə taleyə inanırıq, danışanda ondan qaçmağın mümkünsüz olduğunu deyirik”. Doğrudan da, qaçmaq mümkün olmadı, Qənirə xanım. Sanki ölümlə tez üzləşəcəyinizə əmin idiniz, şeirlərinizdə dəfələrlə ip ucu vermişdiniz...

“Özümlə apacam” şeirində verdiyi mesajlar, sorduğu sorular, arifanə bir zəkanın məhsulu idi. “Mənim daha olmadığımı Bildiyiniz gecə Nəyi xatırlayacaqsınız görəsən?” Özü də GECƏ, məhz gecə, o amansız xəbər də gecə yayıldı. “Mənim daha olmadığım zaman Necə xatırlayacaqsınız məni?” Bu sualın cavabını özü də bilirdi. Unutmadıq ki... Hətta cismani köçündən sonra da bizi düşünürmüş: “Mənim olmadığım dünyada Nə qədər sevəcəksiniz məni? Sevgimi sizə qoyub gedəcəm axı...”

Gülnar Səma

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
icma.az

2Источники