RU

Sertifikasiya: Nəyi bilirsənsə asandır, bilmirsənsə çətin

Sentyabrın 16-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılıb.

AzEdu.az Təhsil Portalı olaraq bu münasibətlə sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edən müəllimlərin təəssüratlarını öyrənməyə çalışıb.

Belə ki, müsahibə mərhələsində iştirak edənlərdən biri də Biologiya müəllimi Abışov Hikmətdir.

Müsahibimiz 20 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur:

"Orta məktəb təhsilimi 1984-1994-cü illərdə Əsgərabad kəndində bitirmişəm. Daha sonra 1994-1996-cı illərdə Bakı 1 nömrəli Tibb Kollecində təhsil almışam. 2001-2005-ci illərdə Lənkəran Dövlət Universitetində bakalavr təhsili almışam və oranı təqdirnamə ilə bitirmişəm. 2006-2009-cu illərdə isə magistratura təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam.

Diaqnostik qiymətləndirmədə 59 bal, sertifikasiyanın test mərhələsində isə 53 bal toplamışam. Üç övladım da tələbədir və hamısı da mənim yetirməmdir. Övladlarımın təhsilinə yaxından dəstək olmuşam.

Hazırda Biləsuvarın Aşağı Cürəli kənd tam orta məktəbində müəllim işləyirəm.

Bu il şagirdlərimdən biri 680 balla region üçüncüsü, həmçinin rayon birincisi olub.

Müsahibə mərhələsi bu il onlayn qaydada keçirildi. Texniki baxımdan heç bir problem yaşamadım. Əksinə, proses mənə xoş təsir bağışladı. Suallar normal idi. Mənim fikrimcə, nəyi bilirsənsə asandır, bilmirsənsə çətin. Müsahibənin nəticəsindən yaxşı bal gözləyirəm.

Müsahibənin müddəti isə qısa oldu, vaxtın necə keçdiyini hiss etmədim. Ümumən düşünürəm ki, mərhələ uğurlu keçdi və yaxşı nəticə olacağına inanıram".

Избранный
17
azedu.az

1Источники