RU

Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda səmimi olarsa... - AÇIQLAMA

Prezident İlham Əliyev Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib. Komissar Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu deyərək, həmçinin nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulayıb.

Qonaq bildirib ki, Avropa İttifaqı regionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə və Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki fəaliyyətinə dəstəyini bundan sonra da davam etdirəcək. Marta Kos Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev bu ilin mayında Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşünü məmnunluqla xatırladıb. Regionda nəqliyyat bağlantılarının yaradılması üçün yaxşı imkanların olduğunu deyən İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı Azərbaycanın intensiv işlər gördüyünü qeyd edib.

Görüşdən sonra Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Ağdam şəhərinə səfər edib. O, rayon ərazisində minatəmizləmə fəaliyyəti ilə tanış olub. Komissara şəhər haqqında ümumi məlumat verilib. Marta Kos Ağdamda jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Hökumətinin azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri heyranedicidir.

Deputat Naqif Həmzəyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bugünədək sadəcə Böyük Britaniya tərəfindən Azərbaycanda minatəmizləmə proseslərinə dəstək görmüşük.

Dövlət başçısının öz çıxışlarında “bizə vəsait lazım deyil, öz fondlarınız minatəmizləmə işinə dəstək verə bilər” dediyini xatırladan deputat bildurub ki, ilk növbədə minatəmizləmə işlərinə müəyyən humanitar dəstək göstərilə bilər.  Onun sözlərinə görə, həmçinin, işğaldan azad edilmiş ərazilərdə birgə iqtisadi layihələrin həyata keçirilməsi reallaşdırıla bilər:

“Görünür, həmin vaxtadək ümumi məlumat toplamaq istəyirlər. Gələcəkdə konkret hansı sahələrdə əməkdaşlığı etmək olar, bununla bağlı ilkin araşdırmalar aparırlar. Əlbəttə, Aİ ilə Azərbaycanın əməkdaşlığı, birgə iqtisadi layihələri çox önəmlidir. Nəqliyyat dəhlizlərinin işə düşməsindən sonra bölgədə Aİ-ni də maraqlandıran məqamlar üzə çıxacaq. Çünki Zəngəzur dəhlizi Çinlə Avropanı birləşdirəcək nəqliyyat marşrutudur".

Naqif Həmzəyev:  Azərbaycan keçmişi heç zaman unutmamaqla bərabər, həm də gələcəyə baxır

Parlament üzvü vurğulayıb ki, Aİ tərəfindən Ermənistana da xüsusi maliyyə dəstəyinin göstərilməsi razılaşdırılıb:

"Ancaq bunun üçün Ermənistan tərəfi konkret layihələri təqdim etməlidir ki, maliyyəni əldə edə bilsin. Əvvəllər isə vəsaitlərin alınması tamam fərqli idi. Avropa İtifaqı artıq anlayır ki, əgər Ermənistana bu qədər dəstək verirsə, ərazisi işğal altında qalmış, dağıdılmış Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə, quruculuq işlərinə də dəstək daha vacibdir. Müəyyən mənada humanitar layihələrlə indiyədək incik saldıqları Bakının könlünü almaq istəyirlər. Xanım komissara Ağdamda göstərilir ki, baxın, 30 il dəstəklədiyiniz ermənilər bizim başımıza hansı müsibətləri gətirib, ərazilərimizi viran qoyublar”.

Naqif Həmzəyev qeyd edib ki, Azərbaycan keçmişi heç zaman unutmamaqla bərabər, həm də gələcəyə baxır:

“Əgər Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda səmimi olarsa, ədalətli və obyektiv davranarsa, əlaqələrin inkişafı, genişlənməsi mümkündür".

Aydın Baxış

Избранный
17
1
bakivaxti.az

2Источники