RU

"Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış" mövzusunda forum keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 18-də Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı ilə "Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış" mövzusuna həsr olunan forum keçirilib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Anım Gününün beşinci ildönümü ərəfəsində "Qarabağ Dirçəliş Fondunun Dostları" işgüzar platforması çərçivəsində təşkil olunan tədbirdə dövlət və hökumət rəsmiləri, QDF-nin donor və tərəfdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
İlk olaraq vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev "Dayanıqlı gələcəyin qurulmasında yaddaşın rolu" mövzusunda təqdimatla çıxış edərək bildirib ki, Azərbaycan xalqı üçün yaddaş sadəcə tarixin bir "simvolu" deyil, milli kimliyimizin, dözümlüyümüzün və müstəqilliyimizin təməlidir. Azərbaycan xalqı tarix boyu böyük sınaqlardan keçib. Sovet repressiyalarından Birinci Qarabağ müharibəsinə, oradan da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfərə qədər yaddaşımız nəsilləri birləşdirib, kədəri həmrəyliyə, qurbanlarımızın fədakarlığını isə milli dirçəlişin təməl daşına çevirib.
"2020-ci ildə Vətən müharibəsi başa çatan kimi Prezident İlham Əliyev məhz Şəhidlər xiyabanından xalqa müraciət edərək Zəfəri bu xatirə məkanından xalqa çatdırdı. Sonrakı illərdə müharibədə həlak olanların ailələri üçün geniş sosial dəstək paketi təsdiq olundu və beləliklə fədakarlığın heç vaxt unudulmayacağını nümayiş etdirdi", - deyə o qeyd edib.
Tarixi abidələrin və tikililərin də yaddaşımızın bir hissəsi olduğunu deyən Rəhman Hacıyevin sözlərinə görə, bu gün Qarabağda inşa edilən memorial komplekslər, Şəhidlər xiyabanı, Xocalı soyqırımı abidəsi, Zəfər memorialı - bunların hamısı yalnız simvol deyil, həm də dirçəlişimizin, milli iradəmizin göstəricisidir.
"Yaddaşımız yalnız matəm və kədərli xatirələrlə məhdudlaşmır, kimliyimizi formalaşdırır, milli birliyimizi möhkəmləndirir və bizə azad olunmuş torpaqlarda yeni həyat qurmaq üçün ilham verir. Keçmişin dərsləri yaddaşımızda yaşadıqca, hər birimiz həm öz vəzifəmizi daha yaxşı dərk edir, həm də gələcək nəsillər üçün daha sabit, dayanıqlı bir mühit yaratmağa çalışırıq", - deyə R.Hacıyev vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı məskunlaşmanın təmin edilməsi, bərpa-quruculuq işlərində milli həmrəyliyin rolu və digər məsələlərlə bağlı fikirlərini bölüşərək, cəmiyyətin hər bir üzvünün bu proseslərdə iştirakının vacibliyini vurğulayıblar.
Sonra tədbir panel müzakirələrlə davam edib.
Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçən panel müzakirələri zamanı iştirakçılar "Dayanıqlı gələcəyin qurulmasında yaddaşın rolu", "44 günlük Vətən müharibəsinin regional geosiyasətə təsiri", "Qarabağın azadlığı və dirçəlişində dövlət-cəmiyyət birliyinin rolu", "Azadlıq və dirçəliş prosesində milli həmrəylik və kollektiv məsuliyyət, "44 günlük Vətən müharibəsindən sonrakı dövrdə regional əməkdaşlıq və sülh quruculuğu" və digər mövzular ətrafında çıxış edərək geniş fikir mübadiləsi aparıblar.
Tədbirdə Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşı olan şirkətlərin nümayəndələri də çıxış ediblər. "Huner Group" şirkətinin təsisçisi Ehtiram Quliyev, "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş və Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktorunun müşaviri İlqar Nuri çıxışları zamanı işğaldan azad edilmiş ərazilərin bərpasında yerli şirkətlərin yaxından iştirakının vacibliyindən danışmaqla yanaşı, QDF-lə əməkdaşlıq çərçivəsində bu istiqamətdə gördükləri işlər və həyata keçirdikləri layihələrlə bağlı geniş məlumat veriblər.
Qeyd olunub ki, Qarabağın bərpası təkcə dövlət qurumlarının deyil, həm də yerli özəl sektorun məsuliyyətidir. Bu gün azad edilmiş torpaqlarda infrastruktur, sosial və iqtisadi layihələrdə iştirak edən yerli şirkətlər həm sahibkarlıq potensialını gücləndirir, həm də regionun dayanıqlı inkişafına töhfə verir.
Çıxışlardan sonra sual-cavab sessiyası keçirilib, çıxışçılar tədbir iştirakçılarının onlara ünvanladıqları çoxsaylı sualları cavablandırıblar.
Tədbirin sonunda Fond tərəfindən məruzəçilərə kristal plaket, tədbirin hər bir iştirakçısına isə xatirə, dayanıqlılıq və inkişaf dəyərlərini təcəssüm etdirən ting təqdim olunub. Qeyd edilib ki, iştirakçılar onları əkib böyütməklə xatirənin, yenilənmənin və gələcəyi qoruyub-bəsləmək məsuliyyətinin canlı rəmzinə töhfə vermiş olacaqlar.
Избранный
19
oxu.az

1Источники