RU

Orta məktəblərdə yeni vəzifə: "direktor müşavirlərinin" ŞOK SİYAHISI

Orta məktəblərdə yeni vəzifə: "direktor müşavirlərinin" ŞOK SİYAHISI

Azərbaycan təhsil sistemində direktor məsələsi uzun illərdir müzakirə mövzusudur. Orta məktəblərdə rəhbər vəzifəyə təyinatlar bir sıra hallarda şəffaf meyarlara deyil, şəxsi münasibətlərə əsaslanır. Daha çox əvvəlki dövrlərdə baş verən və hələ də davam edən bu kimi hallar təhsil müəssisələrində real inkişafı ləngidir.

Çox zaman direktorların arxasında dayananlar onların öz vəzifə öhdəliklərinə məsuliyyətlə yanaşmasına mane olmaqdan tutmuş, əyləşdikləri kreslonu "dədə malı" hesab etmələrinə qədər səbəb olur. Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və digər yerli qurumlar bəzi hallarda bu şəxslərə təsir edə bilmir. Nəticədə məktəblərdə nizam-intizam problemi yaranır, pedaqoji mühit zəifləyir. Məsələnin acınacaqlı tərəfi odur ki, müəllimlər də çox vaxt öz narazılıqlarını açıq şəkildə ifadə edə bilmirlər. Şagirdlərin təhsil keyfiyyəti də idarəçilikdəki bu boşluqlardan zərər görür. Şübhəsiz ki, direktorlar təhsilin keyfiyyətinə ən çox təsir edən şəxslərdən biridir. Buna görə də, təyinat mexanizmləri şəffaflaşdırılmalı və səriştəyə əsaslanmalıdır. Lakin görünən odur ki, hansı mexanizmin tətbiq olunmasından asılı olmayaraq, bir sıra məktəblərdə buna nail olmaq mümkün olmur.

Bu günlərdə vəzifəsindən çıxarılan (özü təkidlə təqaüdə çıxdığını deyir-red.) 67 saylı məktəbin direktoru İradə Bayramovanın Bilik Günündə şagirdlərin qarşısına çıx(arıl)ması birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkələrdə yayılan videodan göründüyü kimi, İ.Bayramova müəllim və şagird heyətinin qarşısına dəvət edilərək, ədalı hərəkətlərlə çıxış edir. AFN.az-a məlumat verən mənbənin sözlərinə görə, əslində xanım Bayramova onu əvəzləyəcək müavini ilə vəzifəni "bölüşəcək": "Oturacaq məktəbdə, idarəçiliyi davam etdirəcək. İnanmasanız, bir müddət sonra gedib maraqlanarsız."

Mənbə bildirir ki, bu, təzə məsələ deyil. Bakıda bir neçə məktəb var ki, uzun illər direktor işləyən şəxslər vəzifədən alınsalar da, məktəbdən uzaqlaşmırlar. Məsələn, uzun illər 182 saylı orta məktəbin direktoru işləmiş Zinyət Tağıyeva təxminən 1 ildir işdən çıxarılıb, amma faktiki olaraq məktəbi hələ də o idarə edir. 160 saylı klassik gimnaziyanın direktoru Faina Ələkbərova 2 ildən çoxdur vəzifədən gedib, amma məktəbin idarəçiliyində hökmran mövqeyini saxlayır. O, hətta özünə "məktəb direktorunun müşaviri" vəzifəsini də təmin edib.

Mənbənin iddiasına görə, Faina Ələkbərova direktor işləyərkən MİQ-dən keçən müəllimi işə götürməyib ki, "rusca aksentlə danışır, şagirdlərə aksent ötürəcək." Onun rus dilinə sevgisi o qədər yüksək olub ki, bu səbəbdən müəllimi işə qəbul etməyib.

Bundan başqa, 1 saylı məktəbin direktorunun yaşı 80-i keçib. Mənbə iddia edir ki, "adamı əllə aparıb-gətirirlər məktəbə, özüm gözümlə şahidi olmuşam."

Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva da yaddaşlardadır. Onun müəllimləri təhqir edən səs yazısı yayılsa da, məsələ ilə bağlı araşdırma nəticələri hələ də açıqlanmayıb. Zemfira Məsiyevanın yaşı 70-i keçməsinə baxmayaraq, o, hələ də vəzifədə qalır.

Digər tərəfdən, 276 saylı məktəbin direktoru olmuş Bəhram Şiriyev isə peşəkarlığı ilə seçilirdi. Lakin yaşı tamam olan kimi vəzifədən uzaqlaşdırılıb, yerinə Xoşqədəm Məmmədova gətirilib. Mənbə burada məşhur məsəli xatırladır: "Qanun hörümçək torudur, güclülər yarıb keçir, zəifləri tutur."

Qeyd edək ki, məlumatı verən mənbə adıçəkilən direktorların kimlərə, hansı qüvvələrə bağlı olması ilə bağlı da faktlar səsləndirib. Lakin deyilənlərin araşdırılmaya ehtiyacı olduğunu nəzərə alaraq, hələlik dərc etmirik. Mövzunu davam etdirəcəyik.

Yazıda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq. Aidiyyatı qurumların da məsələyə münasibətini öyrənməyə çalışacağıq.

Избранный
47
afn.az

1Источники