Dünyanın aparıcı videooyun kommersiya şirkətlərindən biri olan “Xsolla” Pirallahı Yüksək Texnologiyalar Parkında rezident statusunu alıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) məlumatına görə, rezindentlik çərçivəsində şirkət 10 il müddətinə sosial sığorta haqqı, mənfəət, torpaq, əmlak, dividend və bir sıra digər vergilərdən azad olacaq.
Texnopark rezidentliyinin verdiyi imtiyazlar sayəsində “Xsolla” Azərbaycanın rəqəmsal oyun ekosisteminə daha intensiv və səmərəli yatırımlar etmək imkanına sahib olacaq. Bu da öz növbəsində oyun sənayesinin dinamik inkişafı, qabaqcıl dünya təcrübəsinin ölkədə tətbiqi və oyun studiyalarının həm yerli, həm də qlobal bazarda tanınması yönündə real perspektivlər yaradacaq. Şirkət həmçinin Azərbaycana yüksəkixtisaslı kadrların cəlb olunmasına və ixtisaslaşmış infrastrukturun inkişafına da təsir göstərəcək.
Qeyd edək ki, “Xsolla” qlobal oyun biznesində kommersiya əməliyyatlarının 72 faizini həyata keçirən platformadır və bu sahədə 20 illik təcrübəyə sahibdir.