RU

İlahiyyatçı: "Uzun, salxımlı, nizama salınmamış saqqal saxlamaq daş dövrünün ənənəsinə uyğundur"

“İslama dininə görə, saqqal saxlamaq vacib deyil. Əsas fikir, mötəbər rəy budur ki, Məhəmməd Peyğəmbərin sünnəti, yəni adəti olduğu üçün ibadət əhlinin normal saqqal saxlaması bəyəniləndir. “Qurani-Kərim”də saqqalın vacib olması ilə bağlı ayə yoxdur. Hədislərdə isə müsəlmanların o dövrkü geyim və imiclərinə uyğun olaraq bəzi tövsiyələr var. Çünki Məhəmməd Peyğəmbər zamanında saqqal kişilərin şüarı, adəti idi. Bir növ dəb idi. Həm də şərait, vəziyyət mütəmadi olaraq saqqalı qırxmağa imkan vermirdi. Odur ki, bəzi hədislərdə Peyğəmbər buyurur ki, bığınızı qısaldın ki, yemək yeyərkən maneə yaratmasın. O özü də rəvayətlərə görə, bir əl tutumundan uzun saqqal saxlamayıb. Amma sonralar dini və şəriəti təhrif edənlər əsas mənəvi, əqidəvi, elmi, mədəni dəyərlərin əvəzinə saqqal kimi məsələlər üzərində hökmlər icad edərək onu sanki dinin əsas mahiyyəti kimi qələmə verdilər. Halbuki saqqal saxlamaq barədə qəti əmr, hökm yoxdur”.


Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.


Onun sözlərinə görə, Məhəmmdə Peyğəmbər öz dövrünə uyğun yaşayıb, geyinib və o dövrün tələblərinə uyğun olaraq da saqqal saxlayıb: “Müsəlmanlara da buyurub ki, öz dövrünüzə, adətinizə, ürfünüzə uyğun yaşayın. Bu meyarla da indiki dövrdə saqqal saxlamaq uyğun görülmür. Ələlxüsus da ki, uzun, salxımlı, nizama salınmamış saqqal saxlamaq daş dövrünün ənənəsinə uyğundur. Din təmizliyi, paklığı əmr edir. Təbiblərin rəyinə görə, saqqal tükündə çoxsaylı mikrob və bakteriyalar cəmləşir, ətrafa yayılır. Bir hədisdə təmizliyin dinin yarısı olduğu buyurulur. Bu nəzərdən baxsaq, nəinki saqqal saxlamaq, əksinə, saqqalı qırxmaq zəruri sayıla bilər. Son zamanlar bəzi gənclər də saqqala meyl edir. Çoxu da dəb üçün saxlayır. Bu qətiyyən doğru deyil. Dinlə saqqalın heç bir əlaqəsi yoxdur. Din saqqal kimi bəsit mövzular üzərində bərqərar deyil. Dinin mahiyyətini saqqal səviyyəsinə endirənlər dinə ən böyük hörmətsizlik edənlərdir. Saqqal hər bir halda insanın səliqəsinə, imicinə geridəqalmışlıq qatır, orta əsrləri xatırladır. Əsl insan, əsl mömin, nümunəvi bəndə olmaq üçün əsla saqqala ehtiyac yoxdur. Marksın da saqqalı olub, amma ateist idi. Din tüklə, qılla yox, elmlə, ağılla ölçülür. Bəzi dindarlar özlərini əməlləri ilə, savadları ilə, ictimaiyyətə verməli olduqları mənəvi töhfə ilə, gözəl nümunələrlə sübut edə bilmədikləri üçün zahiri görünüşləri, ərəb qiyafəli geyimləri ilə özləri haqda mömin, inanclı görüntüsü yaratmaq istəyirlər və saqqal uzadırlar. Amma din bunu rədd edir. İnsan dində əməllə, mənəviyyatla, elmlə fərqlənməlidir, zahiri görünüşü ilə deyil”.
  

Tarix: 18 Sentyabr 2025, 13:07   
Избранный
28
1
pravda.az

2Источники