RU

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

Ölkəmizdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq II ildir ki, qeyd olunur. 2024-cü il sentyabrın 18-də Cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Belə bir əlamətdar günün təsis olunması minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlib.

İkinci Qarabağ müharibəsindən sonra özünün ərazi bütövlüyünü bərpa edən Azərbaycan ərazisində hələ də öz havadarlarının dəstəyi ilə separatizm yuvası qalmaqda idi. “Sözsüz ki, bu xalqımız və dövlətimiz üçün qəbuledilməz bir hal kimi hər zaman diqqət mərkəzində saxlanılırdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi müstəvidə qazanılan qələbələrimiz siyasi-diplomatik müstəvidə davam edirdi. Belə bir məqamda dəfələrlə keçmiş separatçılara Azərbaycan qanunlarına uyğun olaraq silah-sursatı təhvil verərək ərazini tərk etməsi tələb edilib. Amma buna baxmayaraq hələ də öz ampulasında olan separatçılar ölkə qanunlarına məhəl qoymur, havadarlarından aldıqları dəstək fonunda absurd iddialarla çıxış edirdilər. Fransa kimi ölkələr hələ də Azərbaycanın suveren ərazisində hansısa separatçı bir rejimi bəsləməyə can atırdı. Sözsüz ki, bütün bunlardan şirkinlənən separatçı-xunta rejiminin qalıqları davamlı olaraq hərbi təxribatlara əl atır, ərazilərimizdə mina basıdırlması kimi qanlı əməllərlə nəticələnəcək hərəkətlərə yol verirdi”.

19-20 sentyabr 2023-cü il tarixlərində qalib Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində ölkə ərazisində uzun 10 illiklər kök salmış separatizm yuvası darmadağın edildi: “Bütün ölkə ərazisində konstitusiya quruluşu bərqərar edildi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən separatçılardan tamamilə təmizlənən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində 2023-cü il oktyabrın 15-də şanlı Dövlət Bayrağımızın ucaldılması isə hər birimiz üçün qürurverici idi. Həmçinin 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi isə möhtəşəm hadisə kimi tariximizə daxil oldu. Sözsüz ki, işğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi bu bölgələrimizdə də bərpa-quruculuq işləri sürətlə icra edilməyə başladı. Məhz qısa zamanda Xankəndidə Qarabağ Universitetinin yaradılması tarixi hadisə idi. Bu işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarması baxımında önəmli addım kimi qiymətləndirilir. Eyni zamanda 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı”.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq öz tarixinin yeni mərhələsinə qədəm qoyub: “2020-ci il Vətən Müharibəsində əldə olunan parlaq Qələbə və 2023-cü ilin sentyabrındakı keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan otuz ilə yaxın işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur bölgələrində tam suverenliyini bərpa etməsindən sonra bölgədə yeni bir reallıq yaranıb. Azərbaycan dövləti tərəfindən bölgədə genişmiqyaslı quruculuq və abadlıq işlərinə start verilib. Bu işlər yalnız infrastrukturun bərpası deyil, həm də milli kimliyin, sosial rifahın və iqtisadi potensialın yenidən qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti 2022-ci ildə “Böyük Qayıdışa dair birinci Dövlət Proqramı”nı təsdiqləyib. Bu proqramın məqsədi azad edilmiş ərazilərdə yaşayışın bərpası, keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməkdir. Əsas prioritetlər isə təhlükəsizliyin təmin edilməsi, infrastrukturun qurulması, yaşayış sahələrinin inşası, sosial xidmətlərin bərpası, kənd təsərrüfatı və sənaye zonalarının yaradılması kimi digər istiqamətləri də əhatə edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında şəhərsalma planları – “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri uğurla icra edilir. Həmçinin bölgədə bərpa olunan enerji, rəqəmsal infrastruktur, müasir kənd təsərrüfatı texnologiyaları tətbiq olunur. Sözüz ki, bütün bu işlər ərazilərin minalardan təmizlənməsi kimi ağır bir prosesin fonunda icra edilir. Bütün bunlara rəğmən Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri təkcə Azərbaycanın daxili inkişafı üçün deyil, bu həm də Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşması baxımından yeni imkanlar açır. Çünki Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq-abadlıq işləri Azərbaycan tarixində unikal bir mərhələdir. Bu, təkcə torpaqların fiziki deyil, həm də mənəvi və iqtisadi dirçəlişi deməkdir”.

Abbas Əliyev

Избранный
21
aznews.az

1Источники