RU

Milli suverenlikdən yeni strateji qələbələrə  

 

Azərbaycan xalqı tarix boyunca müstəqillik uğrunda mübarizə

aparmış və hər zaman dövlətçilik əzmini qorumuşdur. Dövlət Suverenliyi Günü

xalqımızın iradəsini, qəhrəmanlıq salnaməsini və milli birliyini nümayiş etdirir.

Bu əlamətdar gün ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün sarsılmaz

olduğunu göstərir.

1990-cı illərin əvvəlindən Ermənistan Azərbaycana qarşı

genişmiqyaslı hərbi təcavüz həyata keçirmişdir. Nəticədə torpaqlarımızın 20

faizi – Qarabağ və ətraf rayonlar uzun illər işğal altında qalmışdır. Bu dövrdə

yüz minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin düşmüş, şəhər və kəndlərimiz

dağıdılmış, tarixi-mədəni irsimizə ciddi zərər dəymişdir. Qonşu dövlətin

işğalçı siyasəti yalnız ərazi itkisinə səbəb olmayıb, həm də milli kimliyimizə,

dövlətçiliyimizə və xalqımıza qarşı davamlı və təhlükəli təhdid yaratmışdır.

Beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik

Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq, qonşu dövlətin

işğalçı siyasəti uzun illər ərzində davam etmişdir. Bu qanunsuz hərbi fəaliyyətlər

nəticəsində yaranmış təhlükə Azərbaycan xalqının ərazi bütövlüyünü, hüquq və

azadlıqlarını qorumaq istiqamətində ciddi çağırışlara çevrilmişdir. Həmin dövr

xalqımızın iradəsinin, dövlətçiliyə bağlılığının və ümummilli mübarizəsinin ön

plana çıxdığı bir mərhələ olmuşdur. Çətinliklərə baxmayaraq, Azərbaycan dövlət

müstəqilliyini möhkəmləndirmiş, tarixi ədalətin bərpası uğrunda davamlı səylər

və ölkəmizin suverenliyinin təmin olunması istiqamətində atılan hər addım

xalqımızın birlik və əzmini nümayiş etdirmişdir. Bütün bunlar ölkəmiz üçün yalnız

ərazi və hüquqi müstəvidə deyil, eyni zamanda milli kimliyin qorunması və dövlətçilik

ənənələrinin davam etdirilməsi baxımından mühüm dönəm hesab olunur.

Azərbaycanın müasir tarixində İkinci Qarabağ müharibəsi

xalqımızın dövlətçilik və suverenlik uğrunda apardığı mübarizənin parlaq təcəssümünə

çevrildi. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab

olaraq şanlı ordumuz əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən

müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin gücünü, ordumuzun döyüş qabiliyyətini

və xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi. Müharibənin nəticəsi

olaraq işğal altındakı torpaqlarımızın böyük hissəsi azad edildi.

Müharibədən sonra Azərbaycan qarşısına çıxan təhlükələri də

qətiyyətlə aradan qaldırdı. Erməni separatçılarının fəaliyyəti və Laçın dəhlizi

üzərindən silah daşınması təhlükəsi dövlətin suverenliyinə birbaşa təhdid

yaradırdı. 2023-cü il aprelin 23-də Laçın–Xankəndi yolunda yaradılan nəzarət-buraxılış

məntəqəsi Azərbaycan dövlətinin bütün sərhədlərində nəzarətin təmin olunmasına

xidmət etdi. Həmin il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri

nəticəsində qondarma rejim özünü buraxdı və ölkəmizin bütün ərazilərində dövlət

suverenliyi təmin olundu. Bu əməliyyat milli iradənin qələbəsi, dövlətçiliyin

möhkəmləndirilməsi və tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət

daşıyır.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı

ilə hər il 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Həmin

qərar Azərbaycan tarixində dərin mənaya malikdir, dövlət müstəqilliyinin

qorunması və möhkəmləndirilməsi sahəsində yeni mərhələnin başlanğıcını nümayiş

etdirir. Bu amillər xalqın uzun illər boyunca apardığı mübarizənin dövlət səviyyəsində

rəsmi təntənəsi kimi dəyərləndirilir. Azərbaycan bu gün dünyada müstəqil siyasət

yürüdən, milli maraqlarını hər şeydən üstün tutan, heç bir güc mərkəzinə tabe

olmayan suveren dövlət kimi tanınır. Həmçinin, 20 sentyabr tarixinin Dövlət

Suverenliyi Günü elan olunması ölkəmizin suverenliyinin daha da möhkəmləndirilməsinə

töhfə verir. Çünki həmin addım Azərbaycanın dövlətçilik ənənələrinin sabit və

dayanıqlı olduğunu göstərir, beynəlxalq ictimaiyyətə açıq mesaj verir: xalqımız

öz müstəqilliyini daim qoruyacaq və gələcək nəsillərə əmanət edəcək. Bu amillər

dövlətimizin beynəlxalq hüquqa əsaslanan prinsiplərə sadiqliyini, suverenlik və

ərazi bütövlüyü məsələlərində güzəştə getməyəcəyini bir daha göstərir. Ötən il

sentyabrın 20-də Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə

çıxış edən dövlətmizin başçısı bildirib ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan

Ordusu dövlət suverenliyini tam bərpa etmişdir: “Bir gündən az davam edən

antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz

dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan

öz gücünü bir daha göstərdi”.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin

ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması isə bu nailiyyətlərin

hüquqi və siyasi təməlini bir daha vurğulayır. Konstitusiya dövlətin hüquqi əsaslarını

müəyyən edir, suverenlik isə bu əsasların həyata keçirilməsini təmin edir.

Artıq Azərbaycan dövləti tam suverenliyə malikdir, ərazi bütövlüyü təmin

edilmiş və daxili sabitlik möhkəmlənmişdir. Bu faktorlar yalnız tarixi ədalətin

bərpası deyil, həm də gələcək nəsillər üçün dövlətçilik nümunəsi, milli birlik

və həmrəyliyin növbəti təzahürüdür.

Beləliklə, Vətən müharibəsi, sonrakı tədbirlər və dövlət

suverenliyinin bərpası ölkəmizin müasir tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir.

Tarixi uğurlar dövlətçiliyə bağlılığın və xalqımızın əbədi qəhrəmanlıq ənənələrinin

parlaq ifadəsidir. Hər bir azərbaycanlı üçün bu amillər həm vətənpərvərlik, həm

də milli qürur mənbəyidir.

 

Mahir SÜLEYMANLI,

Milli Məclisin deputatı

Избранный
4
7
azerbaijan-news.az

8Источники