RU

ABŞ FED-i növbəti faiz endirimləri daha da aktuallaşır – KİV

ABŞ Federal Ehtiyat Sistemi (FED) sentyabrın 17-də uzun müddətdir gözlənilən addımı ataraq uçot dərəcəsini 0.25 bənd azaldıb və ilin sonuna qədər daha iki azalma ola biləcəyi barədə siqnal verib. Yeni qərarla əsas faiz dərəcəsi 4.00–4.25% intervalına endirilib. Bu, dekabrdan bəri ilk azalmadır.

Banker.az bir sıra nüfuzlu nəşrlərin bu faiz endirimi ilə bağlı yazılarını araşdırıb.

Əsas səbəb: zəifləyən əmək bazarı

CNBC yazır ki, FOMC-in 11 üzvü qərarın lehinə səs verib, yalnız yeni üzv Stiven Miran yarım bəndlik daha kəskin azalma tərəfdarı olub. FED sədri Cerom Pauel mətbuat konfransında “əmək bazarında həm tələbin, həm də təklifin əhəmiyyətli dərəcədə zəiflədiyini” qeyd edib və risklərin artdığını bildirib. O, bu addımı “risklərin idarə olunması” kimi qiymətləndirib.

Reuters-in məlumatına görə, qərarın fonunda əsas müzakirə inflyasiya və məşğulluq arasında balansla bağlı olub. Pauel vurğulayıb ki, işsizliyin yüksəlməsi fonunda FED məşğulluğa daha çox diqqət yetirir. İyul–avqust göstəriciləri yeni iş yerlərinin artım tempinin dayanma nöqtəsinə yaxınlaşdığını göstərir.

Oktyabr və dekabrda daha çox endirim olacaqMarketWatch yazır ki, bazarlar oktyabrda daha bir 0.25 bəndlik endirimi demək olar ki, tam qiymətləyib. Dekabr qərarı isə yeni gələcək göstəricilərdən asılı olacaq. FED-in açıqladığı proqnozlar (“dot plot”) 2025-ci ilin sonuna qədər ümumilikdə üç dəfə faiz azaldılmasını göstərir. Bununla belə, FED-in yeni təyin edilən üzvü Miran daha kəskin enişlər istəyən yeganə səs olaraq qalır.

Siyasi təzyiqlər və mübahisələr

Qərar öncəsi ABŞ-da siyasi gərginlik də müşahidə olunub. Prezident Donald Tramp yay boyunca FED-i kəskin endirimlərə çağırıb. Hətta o, FED rəhbəri Pauelin istefasını gündəmə gətirmişdi. Reuters qeyd edir ki, Trampın təzyiqlərinə baxmayaraq, FED-də yarım bəndlik azalma geniş dəstək qazanmayıb.

Ümumilikdə, üç əsas nəşr – CNBC, Reuters və MarketWatch FED hazırda zəifləyən əmək bazarını qorumaq üçün daha yumşaq monetar siyasət trayektoriyasına yönəlməcəyinə dair proqnoz verirlər. İnflyasiya hələ də 3% civarında qalsa da, ABŞ-dəki məşğulluqdakı risklər daha prioritet sayılır. Nəticə etibarilə, oktyabr və dekabrda əlavə faiz endirimləri real ehtimal kimi qiymətləndirilir.

 

Избранный
83
banker.az

1Источники