RU

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır



Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur. Suverenlik dövlətin əsas xüsusiyyəti hesab edilmiş və dövlətin üstün və qeyri-məhdud səlahiyyətə malik olduğu güman edilmişdir. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren dövlət başqa bir dövlətdən nə asılı, nə də tabe olmamalıdır. Beynəlxalq hüququn normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətdi. Bütün bu problemlərə baxmayaraq bu ərazilər suveren Azərbaycan ərazisi olaraq tanınırdı. Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi. Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı II Qarabağ müharibəsində iddiaları böyük idi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.
Azərbaycan hökuməti qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində atılan ən ciddi addım idi. Bu, Azərbaycanın II Qarabağ müharibəsindən sonra bir güllə belə atmadan əldə etdiyi növbəti tarixi nailiyyət oldu. Laçın buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi. Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Qondarma dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib. Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır. Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 2024-cü il 28 dekabr tarixli Sərəncam imzalamış və 2025-ci il 11 fevral tarixində müvafiq Tədbirlər Planını təsdiq etmişdir. “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusilə müasir Azərbaycanın dövlətçilik tarixində olduqca əhəmiyyətlidir və xüsusi yeri var. Suverenlik dövlətlərin varlığını, həyat qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca və zəruri olan amillərdən biridir.

Neva Abdurahmanova,
YAP Qusar rayon təşkilatının sədr müavini.



Избранный
39
1
aia.az

3Источники