RU

Regionlarda məktəbəqədər təhsilin vəziyyəti və uşaqların inkişafına təsiri

Kamran Əsədov: Modul tipli bağçaların sayının artması ilə məktəbəqədər təhsilə çıxış genişlənəcək

Məktəbəqədər təhsil təhsil sisteminin ilk pilləsində yer alan, daim inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Məktəbəqədər təhsil müəssisələri uşaqların erkən yaşlarda sosial aktivliyinə təkan verməklə yanaşı, ilkin biliklərə yiyələnməsinə də şərait yaradır. Azərbaycanda son illərdə məktəbəqədər təhsilin inkişafı təhsil sistemində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Məlumatlara görə son illər ərzində ölkə ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsinin sayı 1700-ə qədər artırılıb. Şəhərlərdə valideynlər övladlarını fərqli seçim imkanları olan dövlət və özəl bağçalara yerləşdirə bilirlər. Regionlarda isə bu imkan məhduddur. Bir çox kəndlərdə bağçaların fəaliyyətsiz qalması nəticəsində uşaqlar məktəbəqədər təhsildən kənarda qalır.

Regionlarda məktəbəqədər təhsil sahəsində görülən işlər Elm və Təhsil Nazirliyinin müsbət fəaliyyət istiqamətlərindən biridir və dövlətin strateji hədəflərinə uyğundur. Nazirliyin bu istiqamətdə gördüyü tədbirlər təhsil bərabərliyini təmin edəcək. Sadəcə olaraq, davamlılıq və bütün regionları əhatə edən inklüziv yanaşma təmin olunmalıdır.

Ekspertlər müəllimlərin işə qəbulu zamanı onların peşə hazırlığı, pedaqoji metodika üzrə bilikləri ilə yanaşı, psixoloji vəziyyətlərinin də yoxlanılmasının vacib olduğunu qeyd edirlər. Bağça müəllimlərinin psixoloji sağlamlığı onların uşaqlarla münasibətinə təsir göstərir. Bu da bağçayaşlı uşaqların düzgün tərbiyələnməsi üçün olduqca mühüm amildir. Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrində psixoloqlara və loqopedlərə də yer ayrılmalıdır. Beləliklə, uşaqlar özlərini daha yaxşı ifadə etmək imkanı əldə edə bilərlər. Bu məsələlər Bakı şəhərində olduğu kimi rayon və kənddə yerləşən məktəbəqədər təhsil müəssisələri üçün də keçərlidir.

Mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov "İki sahil"ə açıqlamasında bildirdi ki, regionlarda məktəbəqədər təhsilin mövcud vəziyyəti Azərbaycanın ümumi təhsil sisteminin inkişafında ən kritik məqamlardan biri kimi qiymətləndirilməlidir: “Məktəbəqədər dövr uşağın təhsil həyatının başlanğıcı olmaqla yanaşı, onun sosiallaşması, intellektual qabiliyyətlərinin formalaşması, nitq və ünsiyyət bacarıqlarının inkişafı üçün baza yaradır. Təhlillər göstərir ki, şəhərlərlə müqayisədə regionlarda məktəbəqədər təhsil müəssisələrinin sayı və keyfiyyəti arasında ciddi fərqlər var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkədə məktəbəqədər təhsilə cəlb olunma 20 faiz civarında olub, lakin Bakıda və iri şəhərlərdə bu göstərici 30 faizi keçdiyi halda, bəzi bölgələrdə 10 faizdən aşağıdır. Bu isə region uşaqlarının təhsildə start imkanlarının qeyri-bərabər olduğunu göstərir”.

Onun sözlərinə görə Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 14-cü maddəsində məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və emosional inkişafını təmin edən mühüm mərhələ kimi xarakterizə olunur. Lakin qanunda təsbit edilən prinsiplərin real həyatda tam təmin olunması üçün infrastruktur və kadr resurslarının bölgələrdə bərabər paylanmasına ehtiyac var. Müsbət hal odur ki, “Məktəbəqədər təhsilin inkişafı üzrə Dövlət Proqramı (2016–2025)” çərçivəsində artıq modul tipli bağçaların tikintisi və istifadəyə verilməsi, mövcud müəssisələrin yenidən qurulması kimi işlər həyata keçirilir. Bu, Elm və Təhsil Nazirliyinin son illərdə regionlara yönəltdiyi diqqətin bariz göstəricisidir və nazirliyin fəaliyyətinin uğurlu tərəfi kimi dəyərləndirilməlidir.

Ekspert hesab edir ki, bununla yanaşı, mənfi cəhətlər də qalır. Regionların bir çox kənd və qəsəbələrində məktəbəqədər təhsil müəssisəsi ümumiyyətlə yoxdur, mövcud olanların bir hissəsi isə köhnə binalarda yerləşir və müasir avadanlıqla təmin olunmayıb. Uşaq bağçalarının sayı ilə potensial tələbat arasında ciddi fərq var. Məsələn, bəzi rayonlarda hər min nəfər 1–5 yaşlı uşaq üçün cəmi 80-100 yer mövcuddur. Kadr çatışmazlığı da vəziyyəti çətinləşdirir. Pedaqoji ixtisaslı kadrların regionlarda qalmaq istəməməsi, daha çox paytaxta üz tutması bağçalarda keyfiyyətli pedaqoji prosesin təşkilinə mane olur.

Dünya təcrübəsi göstərir ki, məktəbəqədər təhsilə qoyulan investisiya gələcəkdə ən yüksək iqtisadi və sosial səmərə gətirir. Estoniyada məktəbəqədər təhsilə cəlb olunma 90 faizə yaxındır və bu ölkənin PISA nəticələrində ön sıralarda olması təsadüfi deyil. Türkiyədə son illərdə kəndlərdə modul tipli bağçaların sayı artırılıb və bu, region uşaqlarının təhsilə bərabər çıxışını təmin edib. Ölkəmizin də bu modelləri tətbiq etməsi müsbət haldır, lakin daha geniş miqyasda yayılması vacibdir.

“Modul tipli bağçaların sayının artması ilə ucqar kəndlərdə də məktəbəqədər təhsilə çıxış genişlənəcək, məktəblərin nəzdində yaradılan hazırlıq qrupları uşaqların məktəbə adaptasiyasını asanlaşdıracaq. Nazirliyin təşəbbüsü ilə həyata keçirilən müəllim hazırlığı proqramları regionlara kadr axınını gücləndirəcək. Əgər əlavə stimullar – maaş artımı, sosial güzəştlər və kənd yerlərində çalışan müəllimlərə xüsusi dəstək mexanizmləri tətbiq olunarsa, bu, keyfiyyət fərqlərini daha da azaldacaq.

Nə dəyişməlidir sualının cavabı isə budur ki, regionlarda məktəbəqədər təhsil sadəcə say artımı ilə deyil, keyfiyyət təminatı ilə inkişaf etməlidir. Kurikkulumların yenilənməsi, pedaqoji kadrların müasir metodika ilə hazırlanması, valideynlərin maarifləndirilməsi və ictimaiyyətin prosesə cəlb olunması vacibdir. “Təhsil haqqında” Qanunun əsas prinsipləri — əlçatanlıq, keyfiyyət və bərabərlik regionlarda real mexanizmlərlə təmin edilməlidir” – deyə, ekspert vurğuladı.

Yekun olaraq qeyd edək ki, azyaşlıların inkişafında məktəbəqədər təhsilin rolunun böyük olduğunu nəzərə aldıqda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılması cəmiyyətin maraqlarını qarşılayan parlaq gələcəkli Azərbaycan gənclərinin yetişməsinə təkan verəcək.

Şahnigar Əhmədova

Избранный
13
ikisahil.az

1Источники