RU

Sülh sazişinə atılan güllə...

Regionda yalnız bir yol var - əbədi sülh yolu: Azərbaycanın müəyyənləşdirdiyi bu yol həm Ermənistan üçün, həm də bütövlükdə Cənubi Qafqaz üçün yeganə çıxış yoludur...

Dünya hazırda bəşər tarixinin ən mürəkkəb və ziddiyyətli mərhələlərindən birini yaşayır. Qlobal miqyasda iqlim kataklizmləri, silsilə təbii fəlakətlər, regional müharibələr, enerji və ərzaq böhranları, həmçinin geosiyasi qarşıdurmalar bəşəriyyətin gələcəyini ciddi sınaq qarşısında qoyur. Bir tərəfdən texnologiyanın sürətli inkişafı və insanlığın imkanlarının genişlənməsi müşahidə olunur, digər tərəfdən isə bu nailiyyətləri məhv edə biləcək dağıdıcı proseslər paralel şəkildə dərinləşir. Belə bir şəraitdə insanlığın xilasını təmin edə biləcək yeganə dəyər - sülh  dünya üçün ən vacib amilə çevrilir. Sülh təkcə müharibənin yoxluğu deyil, həm də dayanıqlı inkişafın, xalqların bir-birinə etimadının, dövlətlərin ədalətə əsaslanan münasibətlərinin təminatıdır. Əks halda, kataklizmlərin baş alıb getdiyi indiki dövrdə bəşəriyyətin gələcəyi təhdid altında qalır. Bu gün dünyanın istənilən nöqtəsində baş verən fəlakət və ya münaqişə yalnız bir regionu deyil, bütün planetin sabitliyini sarsıdır. Deməli, bəşəriyyətin yaşaması, inkişafı və gələcək nəsillərə sağlam dünya ötürülməsi yalnız sülhün bərqərar olması ilə mümkündür.

Sülh Cənubi Qafqazın gələcəyi üçün də ən böyük sərvət, ən qiymətli dəyərdir. Onilliklər ərzində baş verən və davam edən müharibələr, erməni işğalı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin yürüdülməsi, zorakılıqlar və törədilən soyqırımları regionun inkişafını ləngitdi, bölgənin tam inkişaf potiensialının açılmasına imkan yaratmadı və ən əsası düşmənçiliyi daha da dərinləşdirdi. Bu mənada Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi Qələbə və 2023-cü ildə apardığı antiterror əməliyyatı yalnız işğala və separatizmə son qoymadı, həm də region üçün tamamilə yeni bir mərhələnin əsasını başlatdı: sabitliyin, qarşılıqlı əməkdaşlığın və rifahın mərhələsini.

Vaşinqton razılaşması: regionun inkişafına yönələn perspektiv

Bu prosesin mühüm nəticələrindən biri də Vaşinqtonda paraflanan sülh sazişidir. Həmin sənədin ortaya çıxması bir tərəfdən Azərbaycanın prinsipial mövqeyinin təntənəsi, digər tərəfdən isə bölgənin sabit gələcəyi üçün atılan böyük addımdır. Ermənistan illərlə müxtəlif bəhanələr gətirərək sülh sazişinin imzalanmasını yubatsa da, artıq Azərbaycanın irəli sürdüyü əsas şərtlərə razılaşmaq məcburiyyətində qalıb. Çünki reallıq budur: Azərbaycanın yaratdığı yeni siyasi, hərbi, iqtisadi mühitə alternativ yoxdur. Beləliklə, Azərbaycan bütövlükdə regionun inkişafına yönələn perspektivləri açıb - indi Zəngəzur dəhlizi, yeni kommunikasiya xəttləri, beynəlxalq tranzit imkanları sayəsində ölkəmiz Cənubi Qafqazı qlobal maraqların kəsişdiyi strateji məkana çevirib. Bu prosesdə sülh sazişinin imzalanması həlledici amildir. Lakin təəssüf ki, sentyabrın 14-də Xankəndində baş verən təxribat cəhdi sülhün qarşısında maneə olmağa çalışan qüvvələrin hələ də mövcudluğunu göstərdi.

Xankəndi təxribatı: günahkar zərərsizləşdirildi...

Qeyd edək ki, sentyabrın 14-də Xankəndi şəhərinin erməniəsilli sakini 1967-ci il təvəllüdlü Karen Albertoviç Avanesyan yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Daxili İşlər Nazirliyinin məlumatına görə, cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.

Siyasi xətt dəyişməzdir: Azərbaycanın qəti iradəsi və strateji hədəfləri bəllidir...

Bu təxribat cəhdi bir daha sübut etdi ki, sülh prosesi bölgə üçün yeganə hədəf olmalıdır - çünki sülhə qarşı olan qüvvələr hər an baş qaldıra bilər, hansısa destruktiv cəhdə əl atarlar. Onlar bilirlər ki, bu kimi cılız addımlarla Azərbaycanı öz yolundan döndərə bilməzlər - bu tamamilə absurddur. Çünki Azərbaycanın qəti iradəsi və strateji hədəfləri artıq bəllidir: sülh geridönməz prosesdir. Azərbaycan dövlətinin siyasi xətti dəyişməzdir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bölgədə uzunmüddətli sabitlik yalnız sülh müqaviləsi ilə təmin oluna bilər. Bu mənada, təxribatçı addımlar sadəcə vaxt qazanmaq, süni gərginlik yaratmaq cəhdindhən uzağa getmir. Bu, kimi cılız və uğursuz cəhdlər nə Azərbaycanı, nə də beynəlxalq ictimaiyyəti çaşdıra bilər. Azərbaycanın yolundan döndərilməsi mümkün deyil - nə hərbi güclə, nə də informasiya təxribatları ilə, nə də belə ucuz cəhdlərlə...

Təxribat yuvası: revanşizm ab-havası, kilsə zəngi və lobbinin silüeti...

Həqiqətdə isə belə addımlar yalnız Ermənistanın özünü çıxılmaz vəziyyətə salır. Çünki sülh prosesindən kənarda qalmaq demək, regionun gələcək iqtisadi inkişafından yenidən təcrid olunmaq deməkdir. Bəlkə də təxribatların müəyyən mənada kökləri həm də Ermənistanın daxili siyasi böhranında gizlənir - qarşıdan parlament seçkiləri gəlir və bu seçkilər öncəsi revanşist qüvvələr, kilsə və erməni lobbisi birləşərək sülh müqaviləsinin imzalanmasının qarşısını almağa çalışırlar. Onlar sabitlik mühitini pozmaqla guya xalqı öz arxalarınca aparmaq niyyətindədirlər. Revanşist müxalifət-keçmiş hakimiyyət nümayəndələri Serj Sarkisyan və Robert Koçaryanın siyasi dairələri, hələ də müharibədən əvvəlki mövqelərinə qayıtmaq xülyasındadırlar. Kilsə isə öz ənənəvi təsir imkanlarından istifadə edərək hökumət üzərində təzyiq göstərməyə çalışır. Xaricdəki erməni lobbisi də maliyyə və informasiya dəstəyi ilə bu cəhdləri gücləndirir.

Amma onların bu addımları da nəticəsizdir. Azərbaycan artıq bölgədə tamamilə yeni reallıqlar yaradıb. Qarabağ üzərində dövlət suverenliyi bərpa olunub, təhlükəsizlik arxitekturası qurulub. Ermənistan isə bu reallığı qəbul etmək məcburiyyətindədir və qəbul edir də. Sülh müqaviləsini imzalamaqdan başqa çıxış yolu yoxdur - əks halda, həm siyasi, həm də iqtisadi fəsadlarla üzləşəcək.

Qalibyyətin elanı: Zəngəzur dəhlizi (TRİPP) Cənubi Qafqazı qlobal maraqların uzlaşdırıldığı mühüm strateji ünvana çevirib

Etiraf edilməlidir ki, Azərbaycanın bölgənin gələcəyi üçün apardığı mübarizə bir çoxlarını  -xüsusilə, xarici amilləri də narahat edir. Zəngəzur dəhlizinin (TRİPP) açılması ilə bağlı ortaya qoyulan qəti mövqe bəzi güclərin xoşuna gəlmir. Çünki bu dəhliz Azərbaycanın təşəbbüsü ilə meydana çıxdı - bu gün də Azərbaycanın qəti, mübariz mövqeyi ilə reallaşır. Bakı bu regional layihəni qlobal strateji müstəviyə daşıdı. Dəhliz Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən yeni iqtisadi-ticarət arteriyası olacaq. Vaşinqtonda və digər beynəlxalq mərkəzlərdə aparılan danışıqlarda Azərbaycanın bu mövqeyi tam aydın şəkildə ifadə olunub. Bu, bir daha göstərir ki, ölkəmiz Cənubi Qafqazı qlobal maraqların uzlaşdırıldığı mühüm strateji ünvana çevirib.

Azərbaycanın təşəbbüsləri sayəsində yeni nəqliyyat marşrutları, enerji layihələri və iqtisadi əməkdaşlıq formatları formalaşır. Bu prosesdə Ermənistanın iştirak etməsi onun üçün böyük iqtisadi dividendlər vəd edir. Reallıq budur: Azərbaycan bölgənin əsas lokomotivinə çevrilib və bu prosesi geri döndərmək mümkün deyil.

Ermənistan üçün formul: İrəvan Konstitusiya islahatını tələsdirməlidir...

Xankəndində törədilən təxribat cəhdi bir daha göstərdi ki, bölgədə tam sabitlik yalnız əbədi sülhlə təmin oluna bilər. Kimlərsə düşünür ki, bu kimi addımlarla Azərbaycanı qorxuda, yaxud sülh prosesini yubada bilərlər - bu, sadəcə xam xəyaldır. Azərbaycan xalqı artıq öz yolunu seçib. Bu yol inkişaf, tərəqqi və sülh yoludur. Sülh müqaviləsinin imzalanması regionda tamamilə yeni səhifə açacaq. Xalqlar arasında etimad formalaşacaq, iqtisadi əməkdaşlıq sürətlənəcək, təhlükəsizlik təmin olunacaq.

Azərbaycan bu istiqamətdə həm diplomatik, həm də siyasi baxımdan ardıcıl addımlar atır. Ona görə də təxribatçı qüvvələrin bütün cəhdləri nəticəsiz qalacaq. Sülhün alternativi yoxdur.

Vaşinqton görüşləri zamanı əsası qoyulan və artıq rəsmi prosedur müddətini yaşayan ATƏT-in Minsk qrupunun ləğvi də sülh prosesini intensivləşdirən addımlardandır. Ermənistan yenə də qəti addım atmalıdır - ölkə konstitusiyasında yer alan Azərbaycana qarşı əsassız iddialar ləğv edilməli, sənəddə əsaslı dəyişikliklər baş verməli və sülh imzalanmalıdır. Prosesin gecikməsi Ermənistanın özünə ziyan gətirir - Xankəndidə baş verən təxribat da bunu təsdiqləyir...

Son çırpınışlar: reallıq dəyişməz, Azərbaycanın iradəsi sarsılmazdır

Nəticə etibarı ilə, sentyabrın 14-də Xankəndində baş verən təxribat cəhdi sülh sazişinə atılan güllədir. Bu, Azərbaycanın qarşısını almağa çalışan qüvvələrin son çırpınışlarından başqa bir şey deyil. Onlar yaxşı bilirlər ki, sülh imzalanarsa, Ermənistandakı revanşist düşüncələr tamamilə tarixə qovuşacaq, siyasi hakimiyyətə qarşı siyasi təsirlər və təzyiqlər aradan qalxacaq, erməni lobbisinin illərlə qurduğu miflər dağılacaq. Bəli, reallıq dəyişməz, Azərbaycanın iradəsi sarsılmazdır. Sülh müqaviləsi gec-tez imzalanacaq və bölgədə tam sabitlik təmin olunacaq. Çünki Azərbaycan artıq qalib ölkədir, qalib dövlətin siyasəti isə qalib gəlməyə hədəflənir. Regionda yalnız bir yol var - əbədi sülh yolu. Azərbaycanın müəyyənləşdirdiyi bu yol həm Ermənistan üçün, həm də bütövlükdə Cənubi Qafqaz üçün yeganə çıxış yoludur...

Pərviz SADAYOĞLU

Избранный
35
1
yeniazerbaycan.com

2Источники