RU

Ağcabədi pambıqçıları yeni hədəflərə çatmaq əzmindədirlər

Aylardan bəri çəkilən zəhmət öz bəhrəsini verməkdədir. Geniş tarlalar yavaş-yavaş ağ örpəyə bürünür. Cari ilin yığım kampaniyasına hazırlıq son mərhələdədir.      

Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində Ağcabədi pambıqçılarının ümumrayon müşavirəsi keçirilib. Ağcabədi RİH başçısı Rafil Hüseynov tədbiri açıq elan edib. Sonra təsərrüfat ili üçün pambıq məhsulunun vaxtında və itkisiz yığılması ilə bağlı rayon ərazisində fəaliyyət göstərən pambıq emalı zavodlarının və qəbulu məntəqələrinin  yığıma hazırlığı barədə Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən, Bitkiçilik sektorunun müdiri Azamin Abdullayev məruzə ilə çıxış edib. O qeyd edib ki, 2025-ci il təsərrüfat ili üçün rayonda 1253 nəfər fermer tərəfindən tədarükçü şirkətlərlə 11791,7 hektar sahədə pambıq əkini üçün müqavilə bağlanıb. Hazırda məhsul yığımına son hazırlıq işləri görülür. O da vurğulanıb ki, pambığın hər hektarına becərmə xərci maksimum halda 2000 manat olduğu halda, dövlət tərəfindən hər hektardan 50 sentner məhsul əldə etmiş fermerə 975 manat məhsul subsidiyası ödənilir. Bu da fermerlərə böyük maddi dəstəkdir. Pambığın gətirdiyi gəlir rayonun bütün təbəqədən olan əhalisinin rifahına müsbət təsir göstərir.

"Prime cotton" MMC-nin Ağcabədi filialının direktoru İbrahim Ağamirov, "Azərpambıq" ASK MMC-nin Ağcabədi Pambıq Emalı Zavodunun direktor vəzifəsini müvəqqəti icra edən Rasim Rəsulov, "P-Aqro" MMC-nin Ağcabədi filialının direktoru Qələndar Mamedov, o cümlədən fermerlər - Abdulla Həsənov, Famil Quliyev və Etibar Şirinov məruzə ətrafında çıxışlar ediblər. Çıxışlarda vurğulanıb ki, hazırda sahələrdə defolyasiya işləri gedir, məhsul yığımına hazırlıq, xüsusən yığımda istifadə ediləcək işlək vəziyyətdə olan texnikalara nəzarət prosesləri həyata keçirilir. 

FHN-in Ağcabədi Dövlət Yanğından Mühafizə hissəsi rəisinin vəzifəsini müvəqqəti icra edən, daxili xidmət mayoru Elnur Qəmbərov çıxış edərək təhlükəsilik işləri ilə bağlı müəyyən tövsiyələr verib.   Qeyd edib ki, pambıq yığımında texnikadan düzgün istifadə və əməkdaşların təhlükəsizlik qaydalarına əməl etməsi olduqca vacibdir. Burada xüsusilə yanğın təhlükəsiliyi məsələləri ön plandadır. 

Müşavirədə fermerləri narahat edən və maraqlandıran məsələlər mütəxəssislər tərəfindən ətraflı şəkildə cavablandırılıb. 

Sonda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov böyük zəhmət bahasına yetişdirilmiş strateji məhsul olan pambığı tez və itkisiz yığıb tədarük etmək üçün zəruri tədbirlər görülməsini diqqətə çatdırıb. Əmin olduğunu bildirib ki, Ağcabədi pambıqçıları cari ili uğurla başa vuracaq, ölkə iqtisadiyyatının daha da güclənməsinə yeni töhfələr verəcəklər. 

Lazım QULİYEV, 

"Azərbaycan"

Избранный
50
azerbaijan-news.az

1Источники