RU

Təmiz su, təmiz həyat...

Su monitorinqi həyatımızın vacib mühafizəçisidir

Su həyatın özü, nəfəsimiz, sağlamlığımız, gələcəyimizdir. Çox vaxt onu sadəcə bir ehtiyac kimi qəbul edirik. Ancaq bir anlıq təsəvvür edək ki, bir gün su damlası yox olacaq, axan çaylar, dənizlər quru qalacaq. Bu, qorxulu bir gələcəkdən başqa, həm də real təhlükədir. Dünyamızda su ehtiyatları getdikcə azalır, çirklənir, həyatımızın ən qiymətli sərvəti təhlükə altında olur. Buna görə də suyun davamlı olaraq monitorinqi, yəni keyfiyyətinin və miqdarının yoxlanılması vacib bir zərurətə çevrilib.

Su monitorinqi nədir və niyə vacibdir?

Su monitorinqi çaylar, göllər, yeraltı sular və hətta içməli su mənbələrinin keyfiyyətini və tərkibini sistemli şəkildə izləməkdir. Bu proses kimyəvi, bioloji və fiziki parametrlərin ölçülməsini əhatə edir. Məqsəd isə su ekosistemlərinin sağlamlığını qorumaq, insan sağlamlığını təmin etmək və sənaye, kənd təsərrüfatı kimi sahələrdə suyun təhlükəsiz istifadəsini təmin etməkdir.

Hazırda dünya əhalisinin əksəriyyəti təmiz və təhlükəsiz suya çıxışda ciddi problemlərlə üzləşir. Su çirkləndikcə müxtəlif xəstəliklər yayılır, ekosistemlər pozulur, iqtisadi itkilər artır. Məhz buna görə su monitorinqi ekologiya, səhiyyə və iqtisadiyyatın kəsişdiyi ən önəmli sahələrdən biridir.Texnologiya su xidmətində...

Ənənəvi üsullarla suyun keyfiyyətinin yoxlanılması zaman və insan resursu tələb edir. Lakin müasir texnologiyalar - sensorlar, uzaqdan zondlama, real vaxtda məlumat toplayan sistemlər su monitorinqini daha effektiv və dəqiq edir. Məsələn, ağıllı sensorlar sayəsində çayların suyu yoxlanılır, çirklənmə aşkar olunduğu halda dərhal tədbir görülür.

Su monitorinqinin gələcəyi

Qlobal istiləşmə, sənayeləşmə və əhali artımı ilə əlaqədar su ehtiyatları üzərində təzyiq getdikcə artır. Bu səbəbdən, su monitorinq sistemlərinin təkmilləşdirilməsi həm dövlət, həm də qeyri-hökumət təşkilatlarının prioritetlərindən biri olmalıdır. Yeni texnologiyaların tətbiqi, vətəndaşların maarifləndirilməsi və beynəlxalq əməkdaşlıq su resurslarının davamlı idarə olunmasında açar rol oynayır.

Qeyd edək ki, 18 sentyabr Ümumdünya Su Monitorinqi Günüdür. Bu gün Amerika Təmiz Su Fondu tərəfindən su obyektlərinin çirklənməsi haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə 2003-cü ildə təsis edilib. Həmin gün dünyanın bir çox ölkəsində qeyd edilir. Ənənəvi olaraq iştirakçı ölkələrin su obyektlərindən nümunələr götürülüb yoxlanılır. Məktəblilər, tələbələr suyun keyfiyyət parametrlərini təyin edərək Ümumdünya Su Monitorinqi Gününün rəsmi saytında paylaşırlar. Monitorinq nəticələrinin paylaşılması hər kəsin diqqətini suyun keyfiyyət göstəricilərinə yönəldir.

Su monitorinqi yalnız bir texniki prosedur deyil, gələcəyimizi qoruyan bir “silah”dır. Hər kəsin təmiz və sağlam suya sahib olması üçün bu prosesə ciddi yanaşmalıyıq. Çünki su həyatdır, yaşamaq haqqıdır, sağlamlığımızdır...

Yeganə BAYRAMOVA

Избранный
29
1
yeniazerbaycan.com

2Источники