RU

Qarabağ və Şərqi Zəngəzur gündən-günə gözəlləşir

Bu, keçmiş məcburi köçkünlərin doğma yurdlarında məskunlaşmalarını sürətləndirir

İkinci Qarabağ müharibəsi şanlı Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinə başlanıldı. 30 ilə yaxın müddət ərzində erməni vandalları şəhərləri, kəndləri və bu ərazilərdəki qədim tarixi abidələri, inanc yerlərini vəhşicəsinə dağıtmışdılar. Yolları bərbad vəziyyətə salmışdılar. Buna görə də keçmiş köçkünlərin doğma ocaqlarında dönüb yaşamaları üçün heç bir şərait qalmamışdı. Odur ki, görüləsi quruculuq və abadlıq işlərinin miqyası böyük idi. Hər şey sıfırdan tikilməliydi. Yeni yollar çəkilməli, körpülər tikilməli, yeni kəndlər salınmalı idi. Gündən-günə iqtisadi gücünü və dünyada siyasi nüfuzunu artıran Azərbaycan bütün bu işlərin öhdəsindən gəlməyə qadir və hazır idi.

Çox keçmədi ki, erməni işğalçılarından azad olunmuş ərazilərdə quruculuq və abadlıq işlərinin ilk kərpicləri qoyuldu, kənd və şəhərlərin bünövrəsi atıldı. Qısa müddət ərzində Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq zəruri işlər görüldü, möhtəşəm layihələr həyata keçirildi. Məhz sürətlə aparılan abadlıq və quruculuq işlərinin nəticəsidir ki, bu gün artıq keçmiş məcburi köçkünlərin bir qismi  doğma ocaqlarına qayıdaraq Zəngilanda, Laçında, Ağdamda, Cəbrayılda, Füzulidə, Xocalıda, Ağdərədə, Kəlbəcərdə və işğaldan azad olunmuş başqa ərazilərdə tam təhlükəsiz şəraitdə yaşayırlar. Demək olar ki, hər həftə, hər ay mərhələli şəkildə keçmiş məcburi köçkünlər böyük sevinc içində ata-baba yurdlarına qayıdırlar.

19-20 sentyabr antiterror tədbirləri dünya hərb tarixində nadir hadisədir

44 günlük Vətən müharibəsi ordumuzun, xalqımızın qələbəsi ilə başa çatsa da, hələ də erməni separatçıları və Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri könüllü olaraq silahı yerə qoyub Azərbaycanın əbədi-əzəli torpaqları olan Qarabağdan çıxmaq istəmirdilər. Sülh çağırışlarına əhəmiyyət verməyən erməni separatçıları Xocalıda, Xankəndidə, Ağdərədə, Əsgəranda və başqa ərazilərdə yeni səngərlər qazaraq daha da möhkəmlənməyə çalışırdılar. Tez-tez sərhədyanı ərazilərdə ölümlə nəticələnən təxribatlar törədirdilər. Bu təxribatların qarşısının alnması məqsədilə həm BMT-nin qətnamələrinə, həm də üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycan Ordusu ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə məcbur oldu. Rəşadətli ordumuz 2023-cü il sentyabrın 19-20-də Qarabağdakı separatçıları məhv etmək üçün əməliyyata başladı. 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində Qarabağ ərazisində qanunsuz erməni silahlı birləşmələrinin və separatçı rejimin mövcudluğuna son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Azərbaycan Ordusunun Qarabağda erməni separatizminə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri bu gün dünya hərb tarixində nadir əməliyyatlardan biri hesab olunur. 

Antiterror tədbirlərinin uğurla başa çatmasından, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunandan sonra Qarabağdakı quruculuq işləri daha da geniş vüsət aldı. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq və abadlıq işləri nəticəsində tikilən evlər göz oxşayıb, könül açır. Prezident İlham Əliyev tez-tez Qarabağa, eləcə də işğaldan azad olunmuş bölgələrə səfər edərək tikilib başa çatmış  yaşayış məntəqələrinin, müəssisələrin açılışlarını edir, yeni kəndlər və şəhərlərin bünövrəsini qoyur. Dövlətimizin başçısı uzun ayrılıqdan sonra doğma ocaqlarına dönmüş sakinlərlə söhbət edir, onların ürək sözlərini dinləyir. 

Prezident İlham Əliyevin bu günlərdə Qarabağa etdiyi səfər cəmiyyətimizdə böyük maraqla qarşılanıb. Dövlətimizin başçısı səfəri çərçivəsində Xankəndidə, Xocalıda, Xocavənddə, Füzulidə, Hadrutda olub. Prezident İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib. Dövlətimizin başçısı Qarabağ Universitetinin Klinikasının binasında yaradılmış şəraitlə yaxından tanış olub. Universitetdə Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış çox mühüm bir addımdır. Digər tərəfdən, klinikada keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcək. Gənclərin bu ali təhsil ocağına olan maraqlarını daha da artıracaq. 

Dövlətimizin başçısı daha sonra Xocavənd rayonunun Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşüb. Sakinlər Prezident İlham Əliyevi "Xoş gəlmisiniz" sözləri ilə salamlayıblar. Dövlətimizin başçısı da "Sağ olun, siz də xoş gəlmisiniz" sözləri ilə cavab verib. Sakinlərlə səmimi söhbətinə davam edən Prezident deyib: "Doğma Qarabağ torpağında artıq gəlib yerləşdiniz. Burada bir neçə kəndin sakinləri görüşə gəlib. Bu gün bir neçə kənddə olmuşam, sabah da davam edəcək. Bütün Qarabağ artıq tam nəzarət altındadır və bildiyiniz kimi, bu ərazi iki il bundan əvvəl işğalçılardan azad edildi. Elə bu günlərdə - sentyabrın 19-20-də şanlı Ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi. Böyük Qayıdış Proqramı da uğurla icra edilir. Biz təqribən iki aydan sonra tarixi Zəfərimizin beşillik yubileyini qeyd edəcəyik... Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir və şadam ki, siz artıq öz doğma dədə-baba torpağınıza gəlmisiniz, yerləşmisiniz. Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var - su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi bura doğma Qarabağ diyarıdır. Gözəl mənzərəli yerlərdir, hər tərəf dağ, meşə, bulaq, su da boldur. Yəni burada, sadəcə olaraq, rahat yaşamaq, qurub-yaratmaq, uşaqları böyütmək, onlara yaxşı tərbiyə vermək üçün bütün şərait var. Yəni artıq Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq".

Prezident İlham Əliyev sakinlərlə söhbətinə davam edərək deyib ki, bu gün biz bu gözəl Qarabağ diyarında yığışmışıq. Bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik. Amma sülh ədalətli sülh olmalı idi, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi. Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. "Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün - heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır. Bununla fəxr edirik. Fəxr edirik, necə ki, müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində qurub-yaradırıq. Ermənilər bizim torpaqlarımızı viran qoyublar. Sizin yaşadığınız kənd və şəhərləri yerlə yeksan etmişdilər. Özlərinin yaşadıqları şərait elə idi ki, necə deyərlər, özünə hörmət edən insan heç vaxt orada yaşamazdı. Amma görün, biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq. Yəni burada - Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın. Sizi təbrik edirəm", - deyə dövlətmizin başçısı əlavə edib.

"Sizin ayağınız dəyən yerlər cənnətə dönür"

Sakinlərdən biri dövlət başçımıza xoş sözlər ünvanlayaraq deyib: "Çox sağ olun, var olun. Sizin ayağınız dəyən yerlər cənnətə dönür. Bu gün biz 30 il həsrətində qaldığımız torpaqlarımıza, dədə-baba yurdumuza qayıtmışıq. Sizə minnətdarlığımızı bildiririk. Allah Sizə uzun ömür, cansağlığı versin".

Prezident İlham Əliyev Xocalı rayonunun Şuşakənd, Seyidbəyli, Daşbulaq və Badara kəndlərində olub, sakinlərlə görüşüb söhbət edib. Sakinlər qarşısında çıxış edərkən Prezident ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından bəhs edərək deyib: "Əminəm ki, bundan sonra həyatınızda ancaq sevincli günlər olacaq. O əzab-əziyyət, ədalətsizlik, haqsızlıq arxada qaldı. Azərbaycan dövləti sizin üçün bütün şəraiti yaradıb. Evlər gözəl təmir olunur, bütün infrastruktur - yollar, təbii qaz və elektrik enerjisi, su".

Qarabağda və Şərqi Zəngəzurda quruculuq və abadlıq işləri yüksək vüsət alıb. Keçmiş məcburi köçkünlər mərhələ-mərhələ doğma ocaqlarına dönərək Azərbaycan dövlətinin onlar üçün tikdiyi evlərdə rahat yaşayırlar. Ata-baba yurduna qayıtmış bu insanlar da quruculuq işlərində yaxından iştirak edir, Qarabağı və Şərqi Zəngəzuru daha da gözəlləşdirirlər.

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Избранный
20
azerbaijan-news.az

1Источники