RU

Müşahidələr tarixində ilk dəfə Panama körfəzində “apvellinq” baş verməyib

Bakı, 18 sentyabr, AZƏRTAC

“Apvellinq” okeanın dərin sularının səthə qalxması prosesidir. Külək səth sularını sahildən uzaqlaşdırır, dərin suların qalxmasına və boşluğu doldurmasına imkan verir. Küləklə yerdəyişən səth suları soyuq, qida ilə zəngin su ilə əvəz olunur.

Smitson İnstitutunun Tropik Araşdırmalar Mərkəzinin alimləri bu pozuntunu ilboyu tropiklərdən ekvatora doğru əsən daimi küləklər olan passatların zəifləməsi ilə əlaqələndiriblər. Alimlərin kəşfi göstərir ki, iqlim dəyişikliyi vacib okean proseslərinə və onlardan asılı olan sahilyanı əhalinin həyatına birbaşa təsir göstərə bilər.

AZƏRTAC xəbər verir ki, araşdırma “PNAS” jurnalında dərc olunub.

Hər il Mərkəzi Amerikada adətən dekabrdan aprelin sonuna qədər mövcud olan quraqlıq mövsümündə şimal passatları Panama körfəzində “apvellinq”ə səbəb olur. Dərinlikdən qalxan soyuq sular balıqçılığı dəstəkləyir, mərcan riflərini istilik stresindən qoruyur. Soyuq su, həmçinin regionun yay tətili aylarında Panamanın Sakit okean sahillərini nəzərəçarpacaq dərəcədə sərinlədir.

Tədqiqatçılar “apvellinq”i 40 ildən çox izləyərək, onun yanvar–aprel aylarında müntəzəm baş verdiyini sənədləşdiriblər. Lakin 2025-ci ildə müşahidələr tarixində ilk dəfə bu proses qeydə alınmayıb. Bunun nəticəsində suyun temperaturunun gözlənilən dərəcədə azalması və dənizin məhsuldarlığının artması baş verməyib.

Alimlər vurğulayırlar ki, prosesin dəqiq mexanizmlərini anlamaq və dəniz resurslarına potensial uzunmüddətli təsiri qiymətləndirmək üçün əlavə tədqiqatlara ehtiyac var.

 

Избранный
17
3
azertag.az

4Источники