RU

Britaniya mediası: Kir Starmer Fələstini dövlət kimi tanıyacaq

London, 18 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın Britaniyaya dövlət səfəri başa çatdıqdan sonra, həftənin sonunda Fələstini rəsmi şəkildə dövlət kimi tanıyacaq.

AZƏRTAC Britaniya mediasına istinadla xəbər verir ki, Baş nazir bu açıqlamanı Tramp ilə birlikdə Çekersdə keçiriləcək mətbuat konfransına təsir etməməsi üçün dövlət səfərinin ardınca elan etməyi qərara alıb.

Vaşinqtonun isə belə bir addıma qəti şəkildə qarşı çıxdığı qeyd olunub. ABŞ Prezidenti daha əvvəl xəbərdarlıq edərək Fələstinin tanınmasının HƏMAS-ı mükafatlandırmaq kimi qəbul ediləcəyini bildirmişdi.

Qərar gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyası ərəfəsinə təsadüf edir. Böyük Britaniya ilə yanaşı, Fransa, Avstraliya və Kanada kimi ölkələrin də Fələstini tanıyacağı gözlənilir. Baş nazir Starmer iclasda iştirak etməyəcək. BMT Baş Assambleyasında Britaniyanı xarici işlər naziri İvet Kuper və ədliyyə naziri Devid Lemmi təmsil edəcək.

Xatırladaq ki, Kir Starmer iyul ayında Böyük Britaniyanın yalnız İsrail atəşkəsə razılaşdığı, iki dövlətli həll yoluna sadiqlik nümayiş etdirdiyi halda Fələstini tanıyacağını açıqlamışdı. O zaman Baş nazir demişdi: “Həmişə demişəm ki, Fələstin dövlətini tanıyacağıq, amma bu addımı ikidövlətli həll üçün maksimal şərait olacağı anda atacağıq”.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Избранный
3
azertag.az

1Источники