Çin dünyanın ən hündür körpüsünü bu ayın sonunda istifadəyə açacaq. Körpü ölkənin Quicou əyalətində Huacianq Böyük Kanyonu üzərində inşa olunub. Beipan çayı üzərində tikilən nəhəng körpü dəniz səviyyəsindən 625 metr hündürlükdə yerləşir. Ümumi uzunluğu isə 2 min 890 metrdir.
News24.az xəbər verir ki, layihənin sınaqları ötən ay uğurla tamamlanıb.Mütəxəssislər heç bir texniki problem qeydə almadıqlarını açıqlayıblar.
Huacianq körpüsü Liuci–Anlonq avtomagistralının tərkib hissəsi kimi inşa edilib. Onun açılışı ilə bölgədə bir saatlıq yol cəmi 90 saniyəyə enəcək. Bu isə nəqliyyatda böyük rahatlıq yaradacaq.
Rəsmilər bildirir ki, körpü istifadəyə verildikdən sonra turizm bölgəsində ciddi canlanma gözlənilir. Yol infrastrukturunun yaxşılaşması həm iqtisadi fəaliyyət, həm də turizm gəlirlərini artıracaq.
Körpünün tikintisi üçün təxminən 280 milyon dollar xərclənib. Layihə yalnız nəqliyyat deyil, həm də turizm baxımından strateji əhəmiyyət daşıyır. Körpünün ətrafında şüşə gəzinti yolları, yamac paraşütü meydançaları və müxtəlif turistik fəaliyyətlər planlaşdırılıb.
Beləliklə, Huacianq körpüsü həm mühəndislik uğuru, həm də yeni turizm cazibə mərkəzi kimi təqdim olunur.
Xeyrənsə Piriyeva