RU

“Regionun qanlı toqquşmalar zonasına çevrilməsinə imkan verməyəcəyik” –ƏRDOĞAN

Ankaranın xarici siyasətində prioritet sabitliyə töhfə vermək, sülhü təmin etmək və qardaşlıq bağlarını möhkəmləndirməkdir. Türkiyə öz ssenarilərini bölgədə həyata keçirir, türk xalqının gücünə arxalanaraq hədəflərinə qətiyyətlə irəliləyir.

Bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə Xarici İşlər Nazirliyinin yeni kompleksinin təməlqoyma mərasimində söyləyib.

Onun sözlərinə görə, Türkiyə dost və qardaş ölkələrə yardım əlini uzadır, onların müdafiə potensialının güclənməsinə dəstək verir, hüquq və maraqlarını müxtəlif platformalarda müdafiə edir.

Prezident Ərdoğan vurğulayıb ki, Ankaranın bəyan etdiyi məqsədlərə çatmaq iradəsinə heç bir qüvvə təsir göstərə bilməz. Dövlət başçısı Xarici İşlər Nazirliyini “Türkiyənin qürur mənbəyi” və “Respublikanın dünyaya açılan pəncərəsi” adlandıraraq onun beynəlxalq arenada ölkəni layiqincə təmsil etdiyini diqqətə çatdırıb.

Ərdoğan diplomatiyanın təsirli mexanizmlərinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, beynəlxalq siyasət getdikcə mürəkkəbləşir. Türkiyənin yerləşdiyi regionda isə münaqişələr və ixtilaflar davam edir: “Türk xalqının maraqları naminə böhranlı vəziyyətləri uğurla tənzimləmək, lazım gəldikdə isə Türkiyənin səsini ucaltmaq çox vacibdir. Ankaranın diplomatik səyləri ziddiyyətlərin həllinə və ölkənin maraqlarının qorunmasına yönəlib”.

Türkiyə Prezidenti əlavə edib ki, ölkəsi “haqq kimdədirsə, güc ondadır” prinsipinə inanır və “güc kimdədirsə, haqq ondadır” yanaşmasına qarşı çıxır.

Prezident Ərdoğan BMT-nin strukturunun islahatına ehtiyac olduğunu da vurğulayıb. Qeyd edib ki, Təhlükəsizlik Şurasının beş daimi üzvünün bütün bəşəriyyətin taleyini həll etməyə haqqı yoxdur.

Rəcəb Tayyib Ərdoğan Ankaranın yerli hərbi müdafiə sənayesinin inkişafına yönəlmiş səylərinə də diqqət çəkib: “Türkiyənin seçdiyi yol güclü dövlətin atdığı addımları əks etdirir. Ankara regionun qanlı toqquşmalar və qeyri-sabitlik zonasına çevrilməsinə imkan verməyəcək”.

Yaxın Şərqdəki vəziyyətə toxunan Prezident Ərdoğan qeyd edib ki, Türkiyə Fələstin–İsrail münaqişəsinin “iki dövlət, iki xalq” prinsipi əsasında həllini dəstəkləyir.

O, həmçinin Xarici İşlər Nazirliyinin yeni binasının əhəmiyyətinə diqqət çəkib: “1988-ci ildə istifadəyə verilmiş mövcud bina nazirliyin artan tələblərinə cavab vermir. Müvəqqəti olaraq bəzi personal paytaxtın digər ərazilərinə köçürülüb. Lakin problemin tam həlli yalnız 6 min nəfərlik müasir XİN kompleksinin istifadəyə verilməsi ilə mümkündür”, – deyə siyasətçi vurğulayıb.

AzPost.az

Избранный
17
2
azpost.info

3Источники