RU

Azad rayonlarımızda BƏƏ sərmayəsi ilə yeni bərpaolunan enerji dövrü başlayır...


Fikrət Yusifov: “İki ölkə arasında münasibətlər bu gün özünün pik həddini yaşayır”

Məlum olduğu kimi, sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zaid Əl Nəhyan Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında 14 sənəd imzalanıb.

BƏƏ artıq Azərbaycanın energetika sahəsinə fəal şəkildə sərmayə yatırır. Əsas layihələr arasında 2022-ci ildə Masdar şirkəti tərəfindən inşa edilmiş 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası, eləcə də ümumi gücü bir neçə giqavat təşkil edən iri külək və Günəş layihələri var.

Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzurun sərmayə qoyuluşuna böyük ehtiyacı var, bu baxımdan sözügedən bölgələrin inkişafında BƏƏ sərmayəsi nə kimi rol oynaya bilər? BƏƏ-dən sərmayə qoyuluşlarının cəlbi üçün Qarabağ və Şərqi Zəngəzurda konkret hansı potensial sahələr mövcuddur?

“BƏƏ-nin iş adamları yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzurda yalnız alternativ energetikanın inkişafına deyil...”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq maliyyə naziri, professor Fikrət Yusifov buna bir neçə aspektdən yanaşdı: “Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər bu gün özünün pik həddini yaşayır. Birləşmiş Ərəb Əmirlikləri Ərəb dünyasının ən nüfuzlu ölkələrindən biridir. Əhalisi və ərazisi baxımından Azərbaycanla, demək olar ki, eyni ölçülərə sahib BƏƏ-nin neft ehtiyatları 97,8 milyad barel hesab edilir. Gündəlik neft hasilatı 2,2 milyon barel olan Əmirliyin ümumi daxili məhsulu 2024-cü ildə 545 milyard dollar olub. Ölkədə insan rifahını özündə əks etdirən İnsan İnkişafı İndeksinə görə BƏƏ dünyada 17-ci yeri tutur və bu çox yaxşı bir nəticə hesab olunur. Azərbaycanla BƏƏ arasında dostluq əlaqələri inkişaf edərək artıq hərtərəfli strateji əlaqələr səviyyəsinə yüksəlib. Bu gün Azərbaycanın enerji sektoruna və ilk növbədə alternativ enerji mənbələrində elektrik enerjisi istehsalı sferasına ən çox investisiyalar da məhz BƏƏ-nin iş adamları tərəfindən yatırılır. Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin son səfəri zamanı iki ölkə arasında imzalanmış 14 müxtəlif sənədlər bu əlaqələri daha da dərinləşdirməyə və onları hərtərəfli etməyə hesablanıb. Böyük maliyyə imkanlarına malik Əmirliyin iş adamlarının “yaşıl enerji” zonası elan edilmiş Qarabağ torpaqlarımızda aktiv yatırımlar etməsi də gözləniləndir. Çünki bu bölgə böyük təbii ehtiyatları, gözəl təbiəti olan və turizmin inkişaf etdirilməsi üçün geniş imkanlara sahib bir məkanımızdır. Hesab edirəm ki, BƏƏ-nin iş adamları yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzur torpaqlarımızda yalnız alternativ energetikanın inkişafına deyil, digər maraqlı istehsal və xidmət sahələrinə də məmnuniyyətlə yatırımlar edəcəklər”.

Vidadi ORDAHALLI

Избранный
49
baki-xeber.com

1Источники