RU

Xalid Kərimli: “Vergi güzəştləri elektrik və hibrid avtomobillərə tələbi artırıb”

“Ötən illərdən etibarən ölkədə hibrid avtomobillərinə bu ilin sonuna qədər vergi güzəşti tətbiq olunur. Elektrik mühərrikli avtomobillərə isə ümumiyyətlə, vergi yoxdur. Xüsusilə son üç il ərzində istehsal olunmuş yeni avtomobillərdə bu güzəştlər nəzərə çarpır. Elektrik mühərrikli avtomobillər sərhədi keçərkən heç bir vergi ödəmir. Sadəcə 300-500 manatlıq qeydiyyat, bəyannamə, xidmət rüsumu və s. kimi xırda xərclər mövcuddur. Lakin mühərrik olmadığı üçün elektrik avtomobillərinə aksiz və gömrük rüsumu tətbiq edilmir. Hibrid mühərrikli avtomobillərdə isə bu ilin sonuna qədər güzəşt dövrü qüvvədədir. Ancaq gələcəkdə bu güzəştlərin davam edib-etməyəcəyi məlum deyil. Bu səbəbdən vətəndaşlar vaxt itirmədən avtomobil almağa çalışırlar”.

Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycana 74 mindən çox avtomobil gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz çoxdur. Əsas hissəsini minik avtomobilləri təşkil etsə də, elektrik mühərrikli avtomobillərin sayı da nəzərəçarpacaq dərəcədə artıb.

Ekspert qeyd edib ki, bu amil bazarda kəskin artıma səbəb olub.

“İnsanlar, xüsusilə də Çin istehsalı olan hibrid və elektrik mühərrikli avtomobillərə üstünlük verirlər. Çünki qiymətlər daha əlverişli vəziyyətə düşüb – 30-40 min manata müasir avtomobil almaq mümkündür. Bu, vətəndaşların 5-10 illik köhnə avtomobil almaqdansa, yeni avtomobillərə marağını artırıb. Nəticədə ikinci əl avtomobil bazarında müəyyən durğunluq müşahidə olunur. Maşın bazarında satıcılar daim şikayət edirlər. Çindən gətirilən avtomobillərin artımı benzin və dizellə işləyən köhnə avtomobillərə marağı azaldıb, hibrid və elektrik mühərrikli avtomobillərə tələbatı isə artırıb. Bu dəyişiklik avtomobil tələbatının strukturunda da özünü göstərir. Əvvəllər avtomobillər daha çox Yaponiya, Avropa və Amerikadan gətirilirdisə, indi əsasən Yaponiya, Koreya və Çindən idxal olunur. Hazırda bazarın üçdə biri Çinin payına düşür. Halbuki 5 il əvvəl bu göstərici cəmi 1-2 faiz idi. Çindən münasib qiymətə müasir avtomobil almaq imkanı yaranıb ki, bunda vergi güzəştlərinin rolu böyükdür. Bu amil həm avtomobil bazarındakı tələbatı, həm də ikinci əl avtomobillərin satışını və qiymətlərini birbaşa təsirləndirir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Избранный
10
aznews.az

1Источники