RU

Qarabağda separatizmin iflası



Cəmi 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatı zamanı separatçıların hərbi infrastrukturu tamamilə sıradan çıxarıldı

2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə nəticələndi. Bu müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və 30 ilə yaxın işğal altında qalmış torpaqlarını azad etdi. Müharibədən sonra yaranan yeni geosiyasi vəziyyət regionda sülh və əməkdaşlıq üçün geniş imkanlar yaratsa da, təəssüf ki, Ermənistan tərəfi bu fürsətlərdən istifadə etmək əvəzinə, yenidən silahlı təxribatlara və destruktiv mövqeyə üstünlük verdi. Azərbaycan müharibədən dərhal sonra bölgədə dayanıqlı sülhün bərqərar olunması üçün bir sıra çağırışlarla çıxış etdi. Prezident İlham Əliyev dəfələrlə bəyan etdi ki, Ermənistanla münasibətləri normallaşdırmaq, sülh sazişi imzalamaq və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq qurmaq mümkündür. Bu məqsədlə sülh sazişi layihəsi də irəli sürüldü və regionda kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə praktiki addımlar təklif olundu. Lakin Ermənistan tərəfi bu proseslərə ya laqeyd yanaşdı, ya da müxtəlif bəhanələrlə danışıqlardan yayınmağa çalışdı. Bununla yanaşı, Ermənistan həm diplomatik sahədə destruktiv mövqe tutdu, həm də hərbi-siyasi müstəvidə təxribatlarını davam etdirdi. 2021-ci ildə Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası və demarkasiyası məqsədilə işçi qruplar yaradıldı. Bu, regionda gərginliyin azaldılması və hüquqi cəhətdən dəqiq sərhəd xəttinin müəyyən edilməsi baxımından vacib addım idi. Lakin proses ciddi maneələrlə qarşılaşdı. Ermənistanın təxribatçı addımları və danışıqları pozmaq cəhdləri nəticəsində sərhəddə tez-tez insidentlər baş verdi.

2021-ci ilin noyabr ayında dövlət sərhədində birinci ciddi silahlı toqquşmalar qeydə alındı. Bu toqquşmalar nəticəsində hər iki tərəfdə itkilər oldu. Ermənistanın məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməsi regionda sabitliyi pozdu və sülh prosesinə zərbə vurdu. Ən qanlı toqquşma isə 2022-ci ilin sentyabrında baş verdi. Bu döyüşlərdə Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısını qətiyyətlə aldı və əks-həmlə ilə cavab verdi. Bu hadisə müharibədən sonra baş verən ən ciddi hərbi qarşıdurma kimi tarixə düşdü. Ermənistanın bu təxribatı, həm də onun hələ də regionda revanşist meyillərdən əl çəkmədiyini açıq şəkildə nümayiş etdirdi.
2023-cü ilin mart ayında Qarabağ bölgəsindəki qalıq erməni silahlı dəstələri və Ermənistan ordusunun müəyyən birləşmələri yenidən aktivləşərək təxribatlara əl atdı. Şuşa istiqamətində törədilən bu təxribatlar Azərbaycanın suverenliyinə qarşı açıq hücum kimi qiymətləndirilə bilər. Aprel və may aylarında isə şərti dövlət sərhədi boyu Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu. Bu hallar bir daha göstərdi ki, Ermənistan hələ də regionda sabitliyə və sülhə mane olan əsas amildir. Ermənistanın bu silahlı insidentləri həm də onun beynəlxalq hüquq və 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına zidd olaraq öz öhdəliklərini yerinə yetirməkdən imtina etdiyini ortaya qoydu. Azərbaycan hər zaman beynəlxalq hüquqa əsaslanan, ədalətli və davamlı sülhün tərəfdarı olub. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistanla qarşılıqlı tanınma əsasında sülh sazişinin imzalanması bölgədə uzunmüddətli sabitliyin əsas şərtidir. Bu çərçivədə sərhədlərin dəqiqləşdirilməsi, bütün kommunikasiyaların açılması və qarşılıqlı ərazi bütövlüyünün tanınması əsas prinsip kimi qəbul olunmalıdır. 2020-ci il müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda Azərbaycan sülh və əməkdaşlıq üçün real imkanlar yaratdı. Lakin Ermənistanın bu çağırışlara silahla cavab verməsi, regionda sabitliyi pozan əsas amil olaraq qalması, sülh prosesini sual altına qoyur. Azərbaycanın suverenliyinə qarşı yönəlmiş təxribatlara qarşı dövlətimiz qətiyyətli və hüquqi əsaslı cavab verir.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin yeni mərhələsi 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirləri ilə zirvəyə çatdı. 19 sentyabr 2023-cü il tarixində Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı birləşmələrinin törətdiyi təxribat və mina terroru nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak oldu. Bu hadisədən sonra Azərbaycan Silahlı Qüvvələri ərazidə konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror tədbirlərinə start verdi.

Əməliyyatın başlanmasına səbəb olan hadisələr arasında aşağıdakılar qeyd edilməlidir: 19 sentyabr səhəri Kəlbəcər və Xocalı rayonlarında mina partlayışları nəticəsində Azərbaycan Yol İstismar Xidmətinin əməkdaşları və polis zabitləri şəhid oldu. Qarabağda yerləşən erməni silahlı dəstələrinin davamlı təxribatları və atəşkəsi pozması intensiv xarakter almışdı. Üçtərəfli 10 noyabr 2020-ci il bəyanatının müddəalarına zidd olaraq Ermənistan silahlı qüvvələrinin birləşmələri və separatçı rejim Qarabağda silahlı varlığını davam etdirirdi. Bu səbəblərlə Azərbaycan Ordusu lokal antiterror tədbirlərinə başladı. Əməliyyatın əsas məqsədləri qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilməsi, silahlı təxribatların qarşısının alınması, Azərbaycan Konstitusiyasının və suveren hüquqlarının təmin olunması və bölgədə sülh və təhlükəsizliyin bərpası idi.

Əməliyyat cəmi 23 saat 43 dəqiqə davam etdi və bu qısa müddətdə separatçıların hərbi infrastrukturu tamamilə sıradan çıxarıldı. Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqlikli silahlardan və müasir texnologiyalardan istifadə edərək Ermənistan silahlı qüvvələrinin ön cəbhə və dərinlikdəki mövqelərini, uzunmüddətli atəş nöqtələrini, sığınacaqlar, sursat anbarları və hərbi obyektləri və döyüş texnikasını və artilleriya sistemlərini dəqiq zərbələrlə məhv etdi. “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunur: “2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”.

Əməliyyat zamanı mülki əhaliyə və mülki infrastruktura zərər verilməməsi üçün xüsusi dəqiqlik və ehtiyatla hərəkət edilirdi. Azərbaycan Ordusu həm döyüş meydanında peşəkarlıq nümayiş etdirdi, həm də humanitar prinsiplərə sadiq qaldı. 20 sentyabr 2023-cü il tarixində, saat 13:00 radələrində Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələri ağ bayraq qaldıraraq təslim olduqlarını bəyan etdilər. Bu, yalnız hərbi baxımdan deyil, həm də siyasi və psixoloji cəhətdən ciddi dönüş nöqtəsi oldu. Separatçı rejimin iflası artıq rəsmi şəkildə təsdiqləndi. Ermənistanın dəstəklədiyi qondarma rejim tarix səhnəsindən silindi.

Nəbi Ağayev,
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri
Избранный
20
6
newscenter.az

7Источники