RU

"Bu günün qeyd olunması Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcını göstərir" - DEPUTAT

"Bu günün qeyd olunması Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcını göstərir" - DEPUTAT"Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir.
1990-cı illərin əvvəllərindən Ermənistanın hərbi təcavüzü ilə üzləşən ölkəmizin beynəlxalq birliklər tərəfindən tanınmış və suveren Azərbaycan hakimiyyətinin coğrafi sərhədləri daxilində yerləşən ərazilərinin 20 faizi işğal edilib. Bu ərazilər işğal edilsə də, suveren Azərbaycan ərazisi olaraq qalırdı. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermirdi".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.

O, açıqlamasında qeyd edib ki, müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərinə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu:

"2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Bu lokal antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bununla da Azərbaycanın dövlət suverenliyinin təşəkkül prosesinin mühüm bir mərhələsi yekunlaşdı. Müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərinə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu. Bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı bütöv və suveren Azərbaycan torpaqlarında əzəmətlə dalğalanır. Bəli, 30 ildən artıq davam edən işğal, müharibələr, soyqırımlar və məhrumiyyətlər nə qədər ağır olsa da, Azərbaycan xalqı öz dövlətini qorumağı, onu daha da gücləndirməyi bacarıb.
20 sentyabr – Dövlət Suverenliyi Günü müstəqilliyimizin dönməzliyini, ərazi bütövlüyümüzün bərpasını və xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirən tarixi gündür. Bu günün qeyd olunması Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcını göstərir. Bu gün biz artıq tam suveren dövlətik. Sərhədlərimiz toxunulmazdır, ərazilərimiz bütövdür, xalqımız isə azad və müstəqil gələcəyini öz əlləri ilə qurur. Dövlət Suverenliyi Günü bu həqiqətlərin rəsmi təsdiqi, xalqımızın tarixi yaddaşında əbədi yer alacaq milli qürur günüdür".

Vüsalə İbrahimli

Избранный
99
sonxeber.az

1Источники