RU

Dövlət Suverenliyi Günü-Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Dövlət suverenliyi hər bir xalqın azadlıq iradəsinin, tarixi mübarizəsinin və gələcək inkişafının əsasıdır. Azərbaycan xalqı əsrlər boyu öz torpaqlarında dövlətçilik ənənələrini qoruyub saxlamış, müstəqilliyini bərpa etdikdən sonra isə onu möhkəmləndirmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. Bu yolun ən mühüm mərhələlərindən biri isə 2023-cü il sentyabrın 20-də tam şəkildə təmin olunmuş dövlət suverenliyimizdir. Məhz elə həmin gün Azərbaycan ərazisində qanunun aliliyi tam bərpa olunaraq, ölkəmizin müstəqillik tarixinə qızıl hərflərlə yazılmışdır.

Azərbaycanın suverenliyi uğrunda aparılan mübarizə Birinci Qarabağ müharibəsindən başlamış, 44 günlük Vətən müharibəsi ilə tarixi Zəfərlə nəticələnmiş və nəhayət, 2023-cü il antiterror əməliyyatı ilə tam şəkildə təmin edilmişdir. Cəmi 23 saat davam edən həmin əməliyyat nəticəsində ölkəmizin konstitusiya quruluşu bərpa olunmuş, qanunsuz silahlı birləşmələr tərksilah edilmiş və dövlətin hüquqi-inzibati nəzarəti bütün ərazilərdə bərqərar edilmişdir. Bu hadisə təkcə hərbi uğur deyil, həmçinin hüquqi, siyasi və tarixi qələbədir.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə hər il sentyabrın 20-si “Dövlət Suverenliyi Günü” kimi qeyd olunur. Bu qərar yalnız tarixi hadisənin rəsmiləşdirilməsi deyil, həm də gələcək nəsillərə vətənpərvərlik, milli qürur və dövlətçilik ənənələrinin ötürülməsi baxımından əvəzsiz əhəmiyyət daşıyır. Dövlət Suverenliyi Günü Azərbaycan xalqının öz müqəddəratını həll etmək, torpaqlarının hər qarışında dövlət rəmzlərini ucalmaq iradəsinin təntənəsidir.

Bu gün Azərbaycanın bayrağı işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Qəhrəman şəhidlərimizin qanı bahasına əldə edilən bu nailiyyət dövlətimizin mövcudluğunu möhkəmləndirməklə yanaşı, xalqımızın milli birliyinin, əzm və iradəsinin də simvoluna çevrilmişdir.

Dövlət Suverenliyi Günü Azərbaycanın gələcək inkişaf yolunun, milli kimliyinin və siyasi müstəqilliyinin təminatıdır. Bu gün bizə həm keçmişi unutmadan qəhrəmanlıq ənənələrini yaşatmağı, həm də gələcəyə inamla addımlamağı öyrədir. Dövlətimizin mövcudluğu və davamlılığı, məhz suverenliyimizin qorunması ilə birbaşa olaraq bağlıdır. Ona görə də bu günün qeyd olunması yalnız bir tarix xatırlatması deyil, həm də xalqımızın milli iradəsinin, dövlətçiliyimizin əbədi rəmzidir.

Rəvanə Kərimova

 Nəsimi Rayon Gənci.

Избранный
8
3
heftelik.az

4Источники