RU

"Dünya dövlətləri müharibənin başa çatması üçün Rusiyaya daha çox təzyiq göstərməlidir"

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə heç bir şərt olmadan görüşməyə hazır olduğunu bildirib. O qeyd edib ki, görüş üçtərəfli və ya ikitərəfli formatda təşkil oluna bilər, lakin danışıqların Moskvada keçirilməsi mümkün deyil və alternativ ölkələrdə aparıla bilər. Zelenski həmçinin bildirib ki, amerikalılardan və avropalılardan bu görüş üçün müxtəlif təkliflər gəlib.

Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, Ukrayna rəhbəri ilk gündən danışıqlar yolu ilə Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına hazır olduğunu vurğulayıb və dəfələrlə Ukrayna tərəfi ən yüksək səviyyədə Rusiya ilə görüşə razılıq verib:

"Çünki Ukrayna, əraziləri işğal olunan dövrdən etibarən danışıqlar yolunun məqbulluğuna inanan bir ölkədir. Bu baxımdan Zelenskinin Rusiya prezidenti ilə hər hansı formatda görüşə yaşıl işıq yandırması onun ənənəvi konstruktiv tutumunun və siyasət yolunun davamı kimi dəyərləndirilməlidir. Unutmamalıyıq ki, bu məsələdə Ukraynanın ortaya qoyduğu mövqe kifayət qədər açıq və konstruktivdir. Amma təbii ki, Zelenskinin Rusiya rəhbəri ilə görüşməsi təkcə onun qərarından asılı olan məsələ deyil. Rusiya Ukrayna məsələsində hələ ki, güzəştlərə getmir. Bununla bağlı olaraq, ABŞ Prezidenti Donald Trampın mövqeləri və razılığı mövcud olsa da, biz Rusiyanın danışıqlardan sistematik şəkildə yayınmağa çalışdığını görürük".

Siyasi şərhçi vurğuladı ki, Rusiya-Ukrayna müharibəsində mütləq bir çıxış yolu tapılmalıdır, çünki bu müharibə sonsuz şəkildə davam edə bilməz:

"Baxmayaraq ki, Rusiyaya qarşı müəyyən təzyiqlər, təhdidlər və danışıqların bərpa edilməməsi ilə bağlı çağırışlar davam edir, Rusiyanın artıq müharibəni sonlandırmaqla bağlı addımlar atması vacibdir. Yəni əslində danışıqların bərpa edilməsi Rusiyadan asılı olan bir məqamdır və hesab edirəm ki, dünya dövlətləri danışıq prosesinin bərpa edilməsi və müharibənin sona çatması üçün Rusiyaya daha çox təzyiq göstərməlidir", - deyə Tural İsmayılov bildirdi.

Xədicə BAXIŞLI

Избранный
22
1
redaktor.az

2Источники