“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında ekologiya sahəsində görüləcək işlərdən danışıb.
Onun sözlərinə görə, ətraf mühit canlı və cansız elementlərin yaratdığı bir mühit olmaqla, insanların sağlam və təhlükəsiz həyat şəraitini təmin edən ən vacib amillərdəndir:
“Ətraf mühit keçmişdən miras deyil; qorunmalı, inkişaf etdirilməli və ən yaxşı şəkildə gələcək nəsillərə ötürülməlidir. Ətraf mühitimizi qoruya bilməsək, enerji resurslarımıza zərər verə bilərik və Yerin bizə təklif etdiyi imkanlardan səmərəli istifadə edə bilməyəcəyik. Buna görə hər kəs üzərinə düşən məsuliyyəti dərk etməli və yerinə yetirməlidir”, – deyə İradə Həsənova qeyd edib.
QHT sədri ətraf mühitin qorunması üçün vacib addımlar sırasında şüurlu cəmiyyət formalaşdırılmasını, təkrar emalın genişləndirilməsini, suya qənaət edilməsini, plastik torba və birdəfəlik məhsulların istifadəsinin azaldılmasını, kağız israfının qarşısının alınmasını və ictimai nəqliyyatdan istifadənin artırılmasını göstərib.
İradə Həsənova həmçinin vurğulayıb ki, ətraf mühitin sağlamlığı insanların rifahı üçün birbaşa təsirə malikdir:
“Hava, su və torpağın çirklənməsi nəticəsində insanlar zəhərli maddələrə məruz qalaraq sağlamlıq problemləri yaşayırlar. Buna görə ətraf mühitin mühafizəsi ekoloji tarazlığın qorunması, mövcud pisləşmələrin aradan qaldırılması və ekoloji dəyərlərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”, – deyə o bildirib.
Pərvanə Fərhadqızı