2025-ci ilin ilk yarısında açıq məkanda qanunvericiliyin tələblərinə cavab verməyən 20 min 863 reklamın yayımı dayandırılıb.
Azərbaycan Dövlət Reklam Agentliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, demontaj olunan reklamların 53,59 faizi (11 min 181 ədəd) estetik görünüşə uyğun olmadığına görə sökülüb. 15,52 faizi (3 min 238 ədəd) qeydiyyatsız, 13,48 faizi (2 min 812 ədəd) isə texniki tələblərə cavab vermədiyi üçün dayandırılıb.
Qanun pozuntuları sırasında həmçinin dil və məzmunla bağlı hallar da diqqət çəkir. Belə ki, cari ilin 6 ayı ərzində "Reklam haqqında" Qanunun 4.7-ci maddəsinin, eləcə də "Dövlət dili haqqında" Qanunun 7-ci maddəsinin tələblərinə cavab verməyən 209 reklam sökülüb. Bundan başqa, 224 tütün məmulatı, tündlüyü 5 faizdən yuxarı olan 16 alkoqollu içki və açıq məkanda reklamı qadağan edilən digər 18 reklam da demontaj olunub.
Agentlikdən verilən məlumata görə, bu pozuntular reklam sahəsində ən çox rast gəlinən hallardır. Ən çox cərimə olunan hallar isə estetik normalara cavab verməyən, qeydiyyatsız və texniki baxımdan yararsız reklamlarla bağlıdır.
Qurumdan bildirilib ki, cərimələrin məbləği pozuntunun növündən və təkrar baş verməsindən asılı olaraq dəyişir. Qanunvericilikdə nəzərdə tutulan məbləğlər artırıla da bilər.
Agentlik həmçinin qeyd edib ki, gələcəkdə reklam sahəsində şəffaflığı artırmaq və qanunvericiliyin tətbiqini gücləndirmək üçün yeni mexanizmlər hazırlanır. Bu dəyişikliklərin əsas məqsədi reklam bazarının sağlamlaşdırılması, ictimai mühitin təhlükəsizliyi və istehlakçı hüquqlarının qorunması olacaq.
Şahanə Xankişiyeva