RU

Azərbaycan bu il pomidoru xaricə ucuz satır – Alıcı kimlərdir?

2025-ci ilin ilk yeddi ayında Azərbaycanın xaricə pomidor ixracı 143,6 min ton təşkil edib və bunun dəyəri təxminən 156,9 milyon dollar olub.

Banker.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə həm həcmlərdə, həm də dəyərdə artım deməkdir. 2024-cü ilin ilk yeddi ayında ixrac 116,9 min ton həcmində 139,5 milyon dollar olmuşdu. Beləliklə, ixrac həcmi 23 faiz, dəyəri isə 12 faiz artıb.

Əsas alıcı ölkə olaraq Rusiya qalır. 2025-ci ilin yanvar–iyulunda Rusiyaya 138,8 min ton pomidor ixrac olunub və 149,5 milyon dollar gəlir gətirib. Bu, ötən ilin müvafiq dövründə qeydə alınan 115,3 min ton və 136,3 milyon dollarlıq göstəricidən daha yüksəkdir. Belarus bazarında da artım müşahidə olunub – ötən ilin 1,1 min tonluq göstəricisi bu il 2,3 min tona yüksəlib. Polşa, Gürcüstan və Ukrayna istiqamətində də ixrac artıb. Əvəzində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə göndərilən həcmlərdə azalma qeydə alınıb.

Bir ton pomidorun orta ixrac qiyməti 2024-cü ilin ilk yeddi ayında 1 193 dollar olduğu halda, 2025-ci ildə 1 092 dollara düşüb.

Ölkələr üzrə paylarda da dəyişiklik var. 2024-cü ilin ilk yeddi ayında ümumi ixracın 98,6 faizi Rusiyanın payına düşürdü. 2025-ci ildə bu göstərici 96,7 faizə enib.

Избранный
28
banker.az

1Источники