Fransua Olland: Lekornu Makronun siyasətini poza bilsə,
işində qalacaq
Fransa
Prezidenti Emmanuel Makronun reytinqi sentyabrda tarixi minimuma düşüb. Buna
Fransa İctimai Rəy İnstitutunun (IFOP) “Le Journal du Dimanche” (JDD) qəzetində
dərc etdiyi sorğunun nəticələri dəlalət edir.
İnstitut
qeyd edir ki, respondentlərin yalnız 19 faizi Fransa liderinin fəaliyyətindən
razıdır ki, bu da avqust ayı ilə müqayisədə 5 faiz bəndi azdır və “sorğu
tarixində ən aşağı göstəricidir”.
Respondentlərin
ən azı 81 faizi Makronun fəaliyyətindən narazı olduqlarını qeyd edib, onlardan
50 faizi çox məyus olduğunu, 31 faizi isə məyus olduğunu bildirib. Narazılığın
ən çox artması kiçik ticarət və sahibkarlar (+20 faiz bəndi, 80 faizə qədər) və
65 yaşdan yuxarı vətəndaşlar (+10 faiz bəndi, 79 faizə qədər) arasında qeydə
alınıb.
Sentyabrın
8-də Fransanın baş naziri Fransua Bayru Milli Assambleyanın deputatlarının
(parlamentin aşağı palatası) öz hökumətinə etimad məsələsi üzrə səsverməsindən
əvvəl, ilk növbədə, dövlət borcunun sürətli artımı ilə əlaqədar ölkə
iqtisadiyyatında yaranmış böhranlı vəziyyətə işarə edib. Müxalifət
nümayəndələri bu vəziyyətə Makronun və ardıcıl hökumətlərin apardığı siyasətin səbəb
olduğunu bildiriblər. Deputatların əksəriyyəti son nəticədə hökumətə etimadın
əleyhinə səs verib; sentyabrın 9-da silahlı qüvvələr naziri Sebastien Lekornu
Fransanın yeni baş naziri təyin edilib.
Bu arada
Fransanın keçmiş prezidenti Fransua Olland "Le Figaro" qəzetinə
müsahibəsində bildirib ki, Fransanın yeni baş naziri Sebastien Lecornu yalnız
Makronun siyasətini pozarsa, postunu saxlayacaq. Əks halda ya baş nazir istefa
verəcək, ya da Milli Assambleya buraxılacaq
ki, bu da hakimiyyət böhranını daha da dərinləşdirəcək.
Ollandın
dediyinə görə, Emmanuel Makron bütün sələflərindən fərqli olaraq, siyasi
partiyalara, koordinasiya mexanizmlərinə, parlament həyatının nə olduğuna,
vətəndaşların hisslərinə hörmət göstərməyib. Onun təcrübəsizliyi, heç vaxt
yerli orqanlara seçilməməsi, böyük partiyaya rəhbərlik etməməsi, respublika
prezidenti olana qədər özünün siyasi sınaqlardan keçməməsi – şübhəsiz ki, bütün
bunlar öz rolunu oynadı...
Son günlər
Sebastien Lekornu, siyasi partiya liderlərinə zəng etmək və həmkarlar ittifaqı
liderləri ilə görüşmək də daxil olmaqla, ümidverici siqnallar göndərib. Bununla
belə, əsas sual qalır: o, mövcud siyasətini pozmağa və xüsusilə Sosialist
Partiyasının irəli sürdüyü şərtlər əsasında kompromis axtarmağa hazırdırmı?
Sosialistlər fraksiyası həm Milli Assambleyadakı sayına, həm də son aylarda
nümayiş etdirdiyi məsuliyyətli yanaşmasına görə parlamentin bu sessiyasının
davam etdirilməsi üçün açardır. Onun rolu ilin sonuna qədər büdcənin qəbul
edilməsində həlledici olacaq və sosialistləri bu vəziyyətdə əsas danışıqlar
aparan tərəfə çevirəcək.
Sabiq
prezident yaranmış vəziyyətlə bağlı deyir: " Əgər Sebastien Lekornu
kompromis əldə edə bilməsə, parlamenti buraxmaqdan başqa çarə görmürəm".
Rizvan CƏFƏROV,
“Azərbaycan”